Aktual

Sürüşkən “28 May”

2013-cü ilin yanvar ayından etibarən Bakı metropoliteninin “28 May” stansiyasının əsas girişi təmir-tikinti işləri ilə əlaqədar bağlanıb. Təmir işləri çərçivəsində metrostansiyanın divarlarına mərmər, döşəmə və pilləkanlarına isə qranit döşənib. Yerə döşənən qranit örtüyün sürüşkən olması metro istifadəçilərinin narazılığına səbəb olub.

Bakı sakini Sona Abbasova ilə “28 May” metrostansiyasında qarşılaşırıq. Döşəmə sürüşkən olduğundan yeriməkdə çətinlik çəkən Sona xanım  polisə yaxınlaşaraq bununla bağlı şikayətini bildirir.  

Sona-Abbasova
Sona Abbasova sürüşkən örtükdən danışır

Bir neçə dəfə yıxılaraq xəsarət almaq təhlükəsi ilə qarşılaşdığını deyən metro istifadəçisi metroya döşənən örtüyün  yer üçün deyil, divar üçün olduğunu iddia edir.

Sona Abbasova:

Ordan keçmək mümkün deyil. Çünki onun üstü çox cığallıdır, mərmərlərin üstü, mərmərlərin üstü ilə sakit yerimək olmur, gərək nədənsə tutub keçəsən, ona görə də, yıxılma halları baş verir. Mən bu təmir başlayandan iki dəfə yıxılmışam. Məncə o dəyişməlidir. Bu par-par parıladayır, şüşəyə oxşayır. O divar üçündür, o yer üçün deyil.

18 noyabr tarixində “28 May” metrostansiyasında qatardan düşərkən sürüşərək  başından xəsarət alan Rəhimə Mahmudova hadisəni Gənclərin Səsi radiosuna danışır:

rehime-mahmudova
Rəhimə Mahmudova xəstəxanada

Rəhimə Mahmudova:

İşə gəlirdim, saat 12-yə qalmış. ayağımı elə qoyduğumla sürüşdü ayağım, yıxıldım yerə. Həmişə sürüşürük, sürüşkəndir, mən həmişə ehtiyyatla gəzirəm. Elə belə də rahat da ayaqqabı geyinmişdim, addımımı atmaqla yerə dəyməyim bir oldu. Alnım dəyib daşa yerdə. Şiş var da, buz qoymuşam, maz qoyublar bağlayıblar, buz da qoyuram üstündən.

Hər gün işə gedərkən metronun “28 May” stansiyasından istifadə edən Nəzakət Mollayeva və İradə Səbziyeva da eyni problemdən şikayətlənirlər.

Nəzakət Mollayeva:

2 dəfə düz mən orda yıxılmışam. Birində burxulub ayağım, birdə ki dizimin hələ də snyak qalıb yerində, göydü, şişkindir. O sürüşkəndir, qıraqda da mərməri vurublar və peronun kənarı ilə o mərmərin arasında on santimetrəcən çökəklik var. Çıxanda da metrodan bilmirsiz hamı necə çıxır, toplu. Ayağımın altında qaldı həmin daş, sürüşdü getdi ayağım, dəydim yerə mən boyda adam. 10 gün – 2 həftə  bundan qabaq. O birisində də o çökəyə düşdü ayağım burxuldu, dinim-imanım getdi söhbətidir.

insanlar-pillekanlardan-ehtiyatla-enirler
Metro istifadəçiləri pilləkanlardan ehtiyatla enirlər

İradə Səbziyeva :      

Mən xəsarət almamışam, sadəcə mən sürüşdüm özümü saxladım. İki-üç dəfə elə sürüşmüşəm, sadəcə özümü saxlamışam, özüm də qorxmuşam ki, mən yıxılsaydım, Allah göstərməsin, mənim belimdə problemim var. Həqiqətən sürüşkəndir, həqiqətən getmək olmur, hələ nə qar var, nə qış var.

Məsələ ilə bağlı Bakı Baş Tikinti İdarəsinin sabiq rəhbəri, əməkdar inşaatçı Emil Axundov ilə əlaqə saxladıq. Ekspert, “28 May” metrostansiyasında yerə döşənən örtüklə ilə tanış olduqdan sonra suallarımızı cavablandırır.

Emil Axundov:

Normal deyil, ayaqaltı olmaz. Bayırda onu qoy hovuzlarda, naxış üçün, dizayn üçün işlət, divara vur, yerə vur, hara istəyirsən vur, amma orda harda millət gəzir olmaz. Yayda elə-belə gedib-gəlmək olar, amma o mərmərləri ki, o daşları ki, ayaq altına salırlar,  o elə bil buzdur. Onu gərək onu eliyən başa düşsün.

Layihədə səhvlik olduğunu yaxud da təmirin layihəyə uyğun şəkildə aparılmadığını düşünən inşaatçı Emil Axundov sürüşkənliyin aradan qaldırılmasının tək yolunu hazırki qranit örtüyün sökülməsində və sürüşməyən materialdan olan yeni örtüklə əvəzlənməsində görür.

Emil Axundov:

Layihədə nə yazılıb onu eləmək lazımdır. Milləti gör nə günə qoyublar. Mərmər orda bombadır. Qaşısınlar onu, aparıb yandırsınlar onu. Mərmər gərək dəyişilsin, ya mərmər olur nə olsun, sürüşkənlik olmasın gərək o materialda. Rast ki, onu qoyublar, gərək onu dəyişsinlər. O bir metr deyil, on metr deyil, zənnimcə orda ikiyüz metr var.

metro-28-May
“28 May” metrostansiyasına yeni döşənmiş qranit örtük

Bakı metropolitenin rəis müavini Arif Rəsulov isə metrostansiyanın sürüşkən döşəməsi üzərində işlər aparıldığını və problemin yaxın günlərdə həll olunacağını bildirir.

Arif Rəsulov:

O hind qranitidir, çox gözəl də qranitdir. Divarda İtalyan mərməridir. 10 günə məsələ aradan qaldırılacaq. Bilirsiniz, istifadə olunan stansiyada iş görürük, çatdıra bilmirik, indi qranitin səthi gecələr işlənilir, yaxın 10 günə məsələ aradan qaldırılacaq.

Öncəki xəbərNövbəti xəbər

Şərhlər