Aktual

““Təbrizə dəstək” aksiyası həmrəylik mədəniyyətidir”

Fotoqraf Abbas Atilay və fəal vətəndaş Ruslan Əsəd tərəfindən başladılan bu aksiyaya feysbuk ( facebook-müəll.) sosial şəbəkəsində artıq 4546 nəfər qoşulub. Aksiyanın təşəbbüskarlarından olan Ruslan Əsəd deyir ki,  qrupu yaratmaqda məqsəd zəlzələdən əziyyət çəkənlərə dəstək verməkdir.

Ruslan Əsəd:

İnsanlıq naminə biz bunu başladıq. Dəxli yoxdur dini qrupdan olsun, etnik qrupdan olsun. İkincisi isə biz orada olan soydaşlarımızdan bir etnik yaxınlıq hissi, duyumu ki var. Bu da içərimizdən bizi oynatdı və biz bu təşəbbüsə başladıq.

Bu hadisənin birlik olmaqda, kömək mədəniyyətinin formalaşdırılmasında çox önəmli olduğunu deyən Ruslan Əsəd ənənəni davam etdirəcəklərini bildirir.

Ruslan Əsəd:

Ümumiyyətlə biz krizisə reaksiya mədəniyyəti, bir həmrəylik mədəniyyəti yaratmalıyıq. Və məncə bu iki gün ərzində bu feysbuk qrupu, telefonla və inboksla olan yazışmalarla ki, aramızda olan təşkilatlanma var idi. Bir növ elə bil ki yeni bir mədəniyyət yaradır. Mən istərdim ki, bu feysbuk qrupu da qalsın, biz insanlar da təşkilatlanmış olaraq qalaq. Gələcəkdə də bu cür krizislər olanda reaksiya bildirək.

İanə toplanmasında könüllü olan jurnalist Xədicə İsmayıl deyir ki, əvvəlcə kömək üçün təklif olunan yollar müzakirə olunub. O bildirir ki, yardımı ünvana necə çatdıracaqlarını bilməsələr də pulları toplamaq qərara alınıb ki, sonradan vaxt itkisi olmasın. İanənin toplanmasında şəffaflığı qorumaqla bağlı isə vurğulayır ki

Xədicə İsmayıl:

– Forma doldururlar onun bir nüsxəsi bizdə qalır, bir nüsxəsi ianə verən şəxsdə qalır.  Bu hesabatlılığı təmin etmək üçündür. Hər günün axırında biz ianə verən şəxslərin adlarını və ödədikləri məbləği dərc edəcəyik.  

Yardımın mal şəklində çatdırılmasının mümkünsüzlüyünü deyən Xədicə İsmayıl araşdırma apardıqlarını və pulun bacardıqları qədər ünvana əlbəəəl çatdırılacağına çalışdıqlarını bildirir.  Deyir ki, ianə ünvana çatdırıldıqdan sonra məsələ ilə əlaqədar bütün detallar mətbuata açıqlanacaq.

Təşkilatçıların verdiyi məlumata görə, bu gün günorta saatlarına ictimai birliklər və ayrı-ayrı şəxslər tərəfindən  beş min manatdan artıq vəsait toplanıb və onlara təhvil verilib. Sosial şəbəkələrdə və e-maillera isə hələ də insanların kömək üçün pul yığıb göndərəcəklərilə bağlı məktublar gəlməkdə davam edir.

Analoji aksiyaların Zaqatala zəlzələsi zamanı, Kür daşqınları zamanı nədən keçirilmədiyi sualını isə “Təbrizə dəstək” aksiyasının təşəbbüskarı Abbas Atilay belə cavablandırır:

Abbas Atilay:

– Həm Zaqataladakı zəlzələ ilə bağlı, həm də Kür daşqınları vaxtı mən Azərbaycanda yox idim. Amma nə bilim ağıllı fikirdir, allah etməsin bir də belə bir şeylər olsun. Olmuş olsa bizim yəni bir vətəndaş olaraq, insan olaraq borcumuzdur belə bir şeylər təşkil etmək. 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.