Cəmiyyət

Təhlükə mənbəyi: Vaxtı keçmiş ərzaq məhsulları

Məsələ ilə bağlı “Bizim Market” mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Amma mağazanın baş ofisində suallarımızı cavablandıra biləcək heç kəs tapılmadı.

Operator:

–   Xanım mən sizə heç kimi bağlaya bilmərəm. Bayaq sizə bağladığıma görə məni az qala işdən çıxardırdılar. Heç kim yoxdur.

“Elmlər Akademiyası” metrosunun yaxınlığında kiçik bir ərzaq dükanı olan Qənimət Şərifov üç – beş dənə mal aldığı üçün istehsalçı ilə müqavilə bağlamağa ehtiyac duymadığını deyir. Onun sözlərinə görə, aldığı bütün mallar saxlama müddəti keçməmişdən əvvəl satılır.

Qənimət Şərifov:

–         Biz gedib iki dənə üç dənə mal alırıq. Bu gün gedib “çubuq”dan beş dənə almışam. Mən sahibkarla nəyin müqaviləsin bağlayım? Baxırıq arxasına “sroku”(saxlama müddəti) var, ya yoxdu. Məsələn bunun 2013-cü ilin 4-cü ayına qədər vaxtı var. Bu da ola bisin ki,  alınacaq. Day bunu mən hər gün almıram ki, o beş dənə çubuq satılandan sonra gedib alıb gətirirəm.

Mal satılmadıqda həmin malı nə edirsiniz sualımıza Qənimət dayı belə cavab verir.

Qənimət Şərifov:

–       Day görürük srokuna az qalıbdı, ya özümüz burda açıb yeyirik ya aparıram evə uşaqlarım yeyir. Qoymuruq mal tam xarab olsun. 

“Atropatena” şirkətinin marketinq üzrə meneceri Yekta bəy böyük marketlərlə müqavilə bağladıqlarını desə də, mal satdıqları kiçik mağazalarla aralarında müqavilə olmadığını bildirir.

Yekta bəy:

–        Böyük marketlərin hamısı ilə müqavilə ilə çalışırıq.  Hansı malı veririk, nə veririk necə veririk bütün bunların şərtləri müqavilədə yazılır. Hansı ki, çox kiçikdir bir-iki dənə məhsul alar ya yox. Nəticə etibarilə orda müqavilə olmaya bilər. Bütün Azərbaycanda belədir.

Yekta bəy həmçinin müqavilə bağladıqları böyük marketlərdə məhsulların saxlanma müddətinə nəzarət etdiklərini  qeyd edir.

Mağazalarda vaxtı keçmiş ərzaq məhsullarının aşkar edilərək, zərərsizləşdirilməsinə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, eyni zamanda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət edir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov adı çəkilən dövlət orqanlarının bu məsələyə dırnaqarası yanaşdıqlarını və şəffaf məhvetmə prosesi həyata keçirmədiklərini deyir.

Eyyub Hüseynov:

–         Vaxtı keçmiş ərzaq mallarını satışdan çıxaran dövlət orqanları, o cümlədən Səhiyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi satışdan çıxarılmalı cərimələr qoyur və aktla satış şəbəkəsinə təhvil verir ki, bunu məhv edin. Elə bir qurum yoxdur ki, onu yığsın, tonlarla yığsın aparsın məhv eləsin. Bunu ictimai məhv eləsin.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyir ki, biz Nazirlər Kabinetinin 2005-ci il 12 fevral 27 saylı, istifadəyə yararsız, zay məhsulların məhv edilməsi haqqında qərarına əsasən  vətəndaşların təhlükəsiz qidalarla təmin olunmasına tam nəzarət edirik. Nəzarət olunduğu halda  mağazalarda belə məhsullarının olmasının  səbəbini  soruşduqda isə İmran müəllimin cavabı  belə olur.

İmran Abdullayev:

–       ­­Bizim tərəfdən hər gün araşdırma aparılır. Yəni, bir müəssisədə aparmırıq ki, minlərlə müəssisələr var. Yəni, seçmə yolu ilə aparırıq. Bütöv müəssisələri də əhatə etmək çətindir. Bu mümkün deyil.

17 may 2009-cu ildə saxlama müddəti ötmüş məhsulların satılmasına  qarşı mübarizə məqsədilə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildikdən sonra cərimələr artırıldı. Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanovun fikrincə cərimələrin artırılması problemi kökündən həll etməyəcək.

Sevgim Rəhmanov:

–        Mağazaların çoxu, o  malları götürürlər satandan sonra pulunu verirlər. İstehsalçı ilə mütləq müqavilələri olmalıdır. Hər yoldan keçənlə onlar mal alıb-satmamalıdırlar. Təkcə cərimə ilə də iş bitmir. Sahibkarlar özləri də maariflənməlidir. Qanun yoxdur.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev isə bildirir ki, qanunvericilikdə bu məsələ kifayət qədər öz əksini tapıb. Maarifləndirmə işi aparılmalı olduğunu deyən millət vəkili cərimələrin məbləğinə münasibət bildirir.

 Musa Quliyev:

–      Bütün istelakçılar yəni ərzaq məhsulları alan hər bir vətəndaşımız kifayət qədər maariflənməlidir. Ən azı mütləq o ərzağın keyfiyyətlərini elə orada öyrənməlidir. Bunun saxlama müddəti nə qədərdir, buraxılma tarixi nədir. Cərimələrin məbləğinin optimal olması vacibdir. Çox yuxarı məbləğdə cərimə qoyarsan sahibkar məcbur olacaqdır rüşvət versin  yaxud da müvafiq yoxlamalardan qaçsın.

İnzibati Xətalar Məcəlləsinin “İstehlakçıların hüquqlarının pozulması” maddəsinə əsasən saxlama müddəti ötmüş məhsulların satılmasına görə  vəzifəli şəxslər  min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər dörd min manatdan  beş min manatadək cərimə edilir.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: generic ventolin
  2. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.