Aktual

Təhlükəli tikinti şəraiti

Roma:

–         Skaforun üstünə qalxandan sonra iş görürdüm taxta ayağımın altından sürüşdü, yerinə bərkiməmişdi. Üçüncü mərtəbədən aşağı düşdüm. Düşəndən sonra aşağıda kombayn işləyərək dala keçdi. Dal-dala verəndə aqreqatı görmədi, ayaqlarımın  üstündən keçdi. Ayağımı kəsib, pratez qoyublar. Onunla da hərəkət etmək olmur.

Əmək müqaviləsi olmadan işləməyə məcbur olan Romaya ayağı kəsildikdən sonra həkimlər əlillik diaqnozu qoyub.  Onun sözlərinə görə, iş yerində təhlükəsizlik tədbirləri görülməmişdi.

Roma:

–         Kaska yox idi, remen bezopasnosti (red-təhlükəsizlik kəməri) yox idi. Demək olar ki, obşe texnika bezopasnosti (red-ümumi təhlükəsizlik texnikası ) olmamışdı. Ancaq briqadir gələn momentdə (red-vaxtda) kaska taxılardı ki, vid üçün (red-görüntü), ki guya kaska taxılıb təhlükəsizlik var.

Romanın işlədiyi yerdən fərqli olaraq Bakıdakı yaşayış binasının tikintisində çalışan Həmidov Alay bütün texniki təhlükəsizlik vasitələri ilə təmin olunduğunu qeyd edir. Amma, o  kaskadan hər zaman istifadə etmədiyini deyir.

Fəhlələr tikintidə işləyir

–         İçəridə bəzi hallarda taxıram. Ancaq çölə çıxdıqda xeyr taxmıram. Çünki onu altlığı çox vaxt verilmir. Əyilərkən, durarkən başımızdan düşdüyünə görə bu da bizə narahatçılıq yaradır. Ona görə istifadə eləmirik.

Tikintidə təhlükəsizlik qaydalarına, işçilərin texniki təhlükəsizlik vasitələri ilə təmin edilməsinə necə nəzarət olunduğunu öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi ilə əlaqə saxladıq. Müfəttişliyin rəis müavini Məhərrəm Məhərrəmov bildirir ki, tikinti şirkətləri daim işçilərin mühafizə vasitələrindən istifadə etməsinə nəzarət etməlidirlər.

Məhərrəm Məhərrəmov :

–         Tutaq ki, hər hansı mühafizə vasitəsini verir, o istifadə etmirsə, demək burada tikinti şirkətinin də günahı var. Gərək onun üzərində nəzarət etsin ki, o verdiyi fərdi mühafizə vasitələrindən istifadə olunsun. Bəzən fəhlə ondan istifadə etmir nəticədə xəsarət alır.

Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə əməyin mühafizəsinin xərc tələb edən iş olduğunu nəzərə çatdırır.  İşəgötürənlərin bundan yayınmağa çalışdığını bildirən Liqa rəhbəri bunu onların başqa xərclərinin olması ilə izah edir.

Sahib Məmmədov :

–         Bakı  şəhərində olan tikintilər var. Tək-tək görərsən ki, onlarda təhlükəsizlik texnikasına dair tələblərə əməl olunur. Tutaq ki, o tikinti sahəsinin meydançasının ətrafı hasarlanıb. Orda saxlanılan partlayıcı maddələr, belə deyək qaz balonları və s. ciddi mühafizə olunur. Mərtəbələrindən yıxılmamaq üçün besetkalar qurulub, işçilərə xüsusi geyim formaları verilib və başqa əksəriyyətində belə şeylər yoxdur.

İşçilərin texniki təhlükəsizlik vasitələri ilə təmininin smetalarda nə dərəcədə nəzərə alındığını aydınlaşdırmaq üçün hazırda paytaxtdakı tikintilərdən birində mühəndis işləyən Zahid Məhərrəmovla həmsöhbət olduq. Müsahibimiz işçilərin texniki təhlükəsizlik sisteminin smetalara daxil olduğunu və bir işçi üçün təxminən 120-150 azn pul xərcləndiyini bildirir.

Zahid Məhərrəmov:

–         Smeta dəyərində  ən çox dəyərləndirilir fəhlələr, ən başlıcası onların məvacibi bir də təhlükəsizliyi, ən başlıcası onlar straxovka (red-sığorta) olunurlar.

Respublika üzrə smetaların yoxlanışını Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi həyata keçirir. Biz də smetaları yoxlayarkən nələrə diqqət edildiyini öyrənmək üçün adı çəkilən agentliklə əlaqə saxlamağa çalışdıq. Amma, zənglərimizə cavab verən olmadı.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərrəmovun verdiyi məlumata görə, 2011-ci ilin statistikasına əsasən ölüm hallarında artım müşahidə olunub. Belə ki, ötən ilin 11 ayında tikintdə 229 bədbəxt hadisə olub. Onlardan 89 nəfər ölüb, 190 nəfər xəsarət alıb. Məhərrəm Məhərrəmov bu məsələdə  tikinti şirkətlərinin daha çox günahkar olduğunu nəzərə çatdırır.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.