Təhsil

Tələbələrin endirim arzusu

Sadiq Paşayev:

–     Kirayədə özüm universitetdən çox uzaqda qalıram. Biləcəri qəsəbəsində qalıram. Kirayəyə, təxminən, ayda 50 manat pulum çıxır. Nəqliyyat xərcləri də çoxdur. Bir günə bir manat çıxır. O da aya 30 manat edir.

Mingəçevirdən Bakıya təhsil almağa gələn Sadiq Paşayev Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsidir. Gündəlik xərclərini və təhsil haqqını ödəmək məqsədi ilə gecə növbəsində işləyən Sadiq tələbə qayğılarının azalması üçün müəyyən sahələrdə onlara endirimlər edilməsinin vacib olduğu fikrindədir.

Sadiq Paşayev:

-Tələbələr üçün endirim kitablarda olsa yaxşı olar. Nəqliyyatda olsa daha super olar, çünki ona daha çox xərcimiz çıxır. Rayonlara gediş- gəlişlərdə, qatarlarda ,avtobuslarda olsa daha yaxşı olar. Yataqxanalar tikilsə, endirim olsa da olmasa da yaxşı olar, çünki universitetə yaxın olar.

Tələbələrə hansı sahələrdə endirimlər edildiyini öyrənmək üçün araşdırma etdik. Bəlli oldu ki, Qız qalası və Şirvanşahlar sarayında  tələbələr onlara edilən  endirimdən yararlana bilirlər. İçərişəhər Dövlət Tarix Memarlıq İdarəsindən Nicat bəy bildirir ki, tələbələrə güzəştlərin edilməsi təklifini İçərişəhər Dövlət Tarix Memarlıq İdarəsi Nazirlər Kabinetinə göndərib və təklif qəbul olunub.

Nicat bəy:

-Bizdə iki xidmət göstərilir hər abidədə: giriş və ekskursiya. Şirvanşahlar saray kompleksi, Qız Qalası giriş böyüklər üçün 2 manatdır, tələbələr üçün 60 qəpik. Ekskursiya böyüklər üçün 6 manat, tələbələr üçün 3 manatdır.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Tarix Muzeyində də tələbələr üçün xüsusi endirimlər nəzərdə tutulub.

Azərbaycanla müqayisədə Türkiyə Respublikasında tələbələrin həyatına birbaşa təsir edən sahələrdə daha çox endirimlər edilir. Bu Türkiyənin “Ahi Evren” universitetində təhsil alan Zəhra Ayvazla söhbət zamanı bəlli oldu.

Zərha Ayvaz:

-Türkiyədə tələbələrə kinoda endirimlər var, 50% endirim.Yarı-yarıya ödəyirik. Sonra dolmuş qiymətlərində, avtobuslarda tələbələr başqa insanlardan daha az ödəyir. Sonra başqa yemək endirimləri var. Burada tələbələr daha az ödəyir.

Azərbaycanda  tələbələrin bu tip  endirimlərdən məhrum edilməsinin səbəbini  öyrənmək üçün səlahiyyətli qurumlarla əlaqə saxladıq.  Tarif Şurası məlumat vermək səlahiyyətlərinin olmadığını dedi. İqtisadi İnkişaf  Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə suallarımıza cavab verməkdən imtina etdi.

İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı Qubad  İbadoğlunun fikrincə  məsələnin həllində  “Tələbə Gənclər Təşkilatı”nın aktiv olması vacibdir. Həmçinin, Qubad müəllim bu məsələnin İqtisadi İnkişaf  Nazirliyi və Tarif Şurasının marağında  olmadığını deyir.

Qubad İbadoğlu:

-Burda müəyyən güzəştlərdən söhbət gedir və ümumiyyətlə, güzəşt qrupları ləğv olubdur. Bu baxımdan onların marağı çərçivəsində olan məsələ deyil. İqtisadi İnkişaf Nazirliyi bu məsələdə, yəni Tarif Şurası vasitəsilə rol oynaya bilərlər. Tarif Şurasını təşkil edən İqtisadi İnkişaf Nazirliyidir, yəni Tarif Şurasının üzvüdürlər. Maraqları yoxdur, ona görə danışmırlar.

Azərbaycanda tələbələrə xüsusi endirimlərin olmamasına səbəb nədir? sualı ilə təhsil üzrə ekspert Etibar Əliyevə müracət etdik. Səbəb kimi düşünülmüş təhsil siyasətinin olmamasını vurğulayan Etibar müəllim onu da qeyd edir ki, “İnkişaf etmiş ölkələrdə tələbə Ali məktəbə ödənişli əsaslarla daxil olubsa, həmin tələbənin valideynlərinin gəliri öyrənilir. Əgər onların büdcəsi bu pulu ödəmirsə tələbələrə güzəşt edilir”. Etibar Əliyev tələbə endirimlərinin olması üçün Təhsil Nazirliyinin bu məsələyə diqqət yetirməsinin vacibliyini vurğulayır.

Etibar Əliyev: 

 -Ali məktəblərdə tələbə qruplarının vəziyyəti öyrənilməlidir. Məsələn, elə tələbə var ki, bəlkə də yol pulu tapa bilmir. Əgər tələbə Ali məktəbə xeyir verirsə, maddi cəhətdən  xeyli miqdarda təhsil haqqı ödəyirsə, o təhsil haqqının bir hissəsi hansısa yolla onlara geri qaytarılmalıdır. Tələbələrə endirimin olması üçün hökümətin qərarı olmalıdır. Təhsil Nazirliyi bu məsələdə yaxasını kənara çəkir.

“Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” (ATGTİ) tələbələrə endirimlər edilməsi ilə bağlı  hansısa tədbirlər görürmü?  bu suala cavab tapmaq üçün təşkilatın mətbuat katibi ilə əlaqə saxladıq. Mətbuat katibi Məcid Musayev Azərbaycanda “Vahid Tələbə kartı”nın tətbiqinə başlanıldığını deyir.

Məcid Musayev :

-Bu kart “Vahid bir tələbə kartı”dır, həm də eyni zamanda güzəşt kartıdır. Bu bütün Avropada  nəqliyyata, istər aviabiletlər, istər qatarlar hamısında mövcuddur. Bizim ölkədə təzəlikcə bunlar yaranır. Təşkilat bu sahədə fəaliyyət aparır.

Avropa ölkələrində  “Avropa Gənclər Kartı” adlandırılan bu kart Azərbaycanda “Vahid Tələbə kartı” kimi təqdim edilsə də, xüsusi olaraq tələbələr üçün nəzərdə tutulmayıb.  Endirim kartı 12-29 yaş arası bütün gənclərə verilir. Karta edilən endirimlərdən isə yalnız özəl obyektlərdə yararlanmaq mümkündür. Ancaq hansı sahələrdə və neçə faiz güzəşt ediləcəyi hələ də dəqiq bilinmir.

Sözügedən kartı dəstəkləyənlər sırasında Gənclər və İdman Nazirliyi də olduğu  üçün Nazirliyin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidmətininin rəhbəri Səmayə Məmmədova kartın hələ hazır olmadığını və buna görə də  məlumat verə bilməyəcəyini bildirdi.

Qeyd edək ki, Azərbaycanda “Vahid tələbə kartı” adlandırılan “Avropa Gənclər Kartının  əldə edilməsi ödənişlidir. Məcid Musayev  “Kartın qiyməti hələ dəqiq deyil, bəlkə pulsuz oldu” desə də www.europeanyouthcard.org saytının Azərbaycan bölməsində “Avropa Gənclər Kartı”nın qiyməti 15 AZN göstərilib.  Həmçinin, saytda o da göstərilir ki, bu kart tələbə kartı deyil,  Avropa Gənclər Kartıdır.

“Avropa Gənclər kartı”ndan  Avropadan fərqli  olaraq Azərbaycanda gənclər nəqliyyat vasitələlərində  güzəştlər əldə edə bilməyəcək. Bunu ATGTİ-nin mətbuat xidmətinin rəhbəri Məcid Musayev deyir:

Məcid Musayev:

-Azərbaycanda nəqliyyat? Yox elə şey yoxdur. Avropada bəli, ümumiyyətlə, nəqliyyat sistemində Avropada tədbiq olunur. Oraya da daxildir aviabiletlər və digər nəqliyyat vasitələri.

Sadiq kimi minlərlə azərbaycanlı tələbə isə məhz tələbə olduqları üçün heç bir ödəniş etmədən ehtiyac duyduqları yerlərdə və nəqliyyat vasitələrində tələbə endirimlərinin tətbiq olunacağı günü gözləməyə davam edəcəklər.  O endirimlərə ki, Gürcüstan ,Türkiyə,  Amerika Birləşmiş Ştatları (ABŞ) və başqa dövlətlərin tələbələri  çoxdan sahibdirlər.

Öncəki xəbərNövbəti xəbər

9 şərh

  1. Salam. Telebelere Guzest olunmamasinin esas gunahkari telebelerin ozleridi. Cunki Telebeler hamisi (HER UNIVERSTETIN OZ TELEBELERI)BIR YERE YIQISIB AKT YADA MURACIET MEKTUBU YAZMALIDIRLAR ve Erzelerini Mueyyen Dovlet qurumlarina muraciet etmelidirler

  2. Telebeler ucun endirim olsa heqiqeten cox yaxwi olar..bizim olkede cox nadir hallarda telebeler ucun guzewt edirler… material ucun cox sagolun maraqli movzuya toxunmusuz…..

  3. Telebeler ucun endirim olsa heqiqeten cox yaxwi olar..bizim olkede cox nadir hallarda telebeler ucun guzewt edirler… material ucun cox sagolun maraqli movzuya toxunmusuz….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.