Cəmiyyət

Təmirli amma içməli susuz parklar

Ləman Süleymanova:

–          Qazlı içkilərə yay vaxtı daha az meyl etmək lazımdır. Susuzluğu yatırdığı üçün əksər insanlar yayda məhz belə içkilərə daha çox meyl edirlər. Əksinə qazlı içkilər həzm trakında həmçinin bağırsaqlarda qazın əmələ gəlməsinə səbəb olur. Belə içkilərdən uzaq durmaq və təmiz su içmək lazımdır.

Bakı sakini 47 yaşlı Elmira Quliyeva isə parklarda içməli suyun olmamasından şikayətlənir. Deyir ki, hər gün “Xəqani” bağına nəvəsini gəzdirməyə çıxır. Şəkər  xəstəsi olduğu üçün tez-tez su içmək məcburiyyətində qalır amma burda içməli su tapmır. Səyyar satılan suların tərkibini bilmədiyi üçün həmin sulardan istifadə etmədiyini bildirir.

Elmira xanım:

–          Hər yerdə istəyərdim su olsun. Təmiz sudan hamı istifadə eləsin. Çünki mağazadan aldığımız suyun tərkibinin necə olduğunu bilmirik. Amma təmiz su olsa, bilsək ki, həqiqətən də bulaq suyudu, təmizdir onda hamı istifadə eləyər. Alıb içdiyimiz su adi krandan axan suyun tamın verir ona görə də adam içmək istəmir.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, təzə bulvarda su kanalları çəkilsə də, içməli su kranları qoyulmayıb. O ümumilikdə bulvar ərazisində 8 ədəd su bulağının olduğunu və bu bulaqların sayının gələn il artırılacağını bildirir.

Nazim Məcidov:

–          Suvarmaq üçün su kranları var amma içmək üçün bulaq formasında sular yoxdur. Amma bulvarın təzə hissəsində  kiməsə su lazım olsa bizim əməkdaşlara yaxınlaşsa krandan açıb onlara su verə bilərlər yəni, o problem məsələ deyil.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev isə bildirir ki, bir zamanlar  Bakının müxtəlif yerlərində qoyulan içməli su kranları indi müasir  standartlara cavab vermir.

Cahangir Qocayev:

–          İçərişəhər metrosunun qarşısında elə su bulağı var. Orda su  kranları qoyulmuşdu. Bir müddətdən sonra həmin kranlar xarab oldu. Bəzən də o kranları açıq qoyurdular, su israfçılıqla axıb gedirdi. Çox yaxşı olardı ki, müasir texnologiyaya uyğun olaraq işıq effekti ilə işləyən kranlar qoyulsun və insanlar o sudan istifadə eləsinlər.  Xüsusən isti yerlərdə bu çox vacibdir.

Şəhərin mərkəzi küçələrində, eləcə də parklarda satılan suların qiymətləri ilə maraqlandıq.  Məlum oldu ki, parklarda içməli su bulaqlarının olmamasından istifadə edən satıcılar suların qiymətini  üzərində yazılan qiymətdən baha satırlar.

Xalq arasında Tarqovu kimi tanınan, Nizami küçəsindəki səyyar su satıcılarından biri deyir ki, bura 800 manat yer pulu verir. ona görə də hər suyun üzərinə 20-30 qəpik qoyub satır.

Satıcı:  

–    Gedin belə yerdə bunu 40 qəpiyə alsanız, Allaha and olsun ki, sizə 10 dənəsini pay  verərəm.

–    Bu neçəyədir üstündə 40 qəpik yazılıb?!

–   50 qəpik

Şəhər sakinlərinin də bu məsələyə  münasibətini öyrənirik.

Fidan:

–          Sular ara məhlələrdə satılan qiymətə də satılmır. Məsələn ara məhlələrdə olan 30 qəpiklik olan  adi ağ sular şəhərin mərkəzində 60 qəpiyə satılır. Əlbəttə ki, bu pisdir.

Bulvar İdarəsinin rəis müavini  isə bildirir ki, bulvarda adi sular bazar qiymətindən yalnız 10 qəpik baha satılır. Onun sözlərinə görə əgər kimsə 20 qəpiklik suyu 50 qəpiyə və ya daha baha satarsa, bu zaman sakinlər həmin satıcı barəsində bulvar idarəsinin qaynar xəttə məlumat verməlidir.

Nazim Məcidov:

–          Bulvar ərazisində satılan sular mağazalarda satılan sulardan 10 qəpik bahadır. Yəni 20 qəpiyə mağazada satılan su bulvarda 30 qəpiyə satılır. Amma bu şirin içkilərə sonra digər cürbəcür içkilərdir orada qiymətlər yüksək ola bilər.

İqtisadçı ekspert Azər Mehdiyev deyir ki, əhalinin belə hallarla qarşılaşmaması üçün  bu cür ərazilərdə su satışına məhdudiyyətlər qoyulmamalı və real bir rəqabət mexanizmi yaradılmalıdır.

Azər Mehdiyev:

–          Bu yalnız parklarda, bulvarda baş vermir. Ümumiyyətlə Azərbaycanda bir çox yerlərdə bunun şahidi oluruq. Əhalinin birdənbirə toplandığı ərazilərdə biz görürük suyun qiyməti birdən-birə qalxdı. Məsələn 20 qəpiklik sular qaldırılıb 60 qəpiyə ya da 1 manata satılır.

 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.