GSR fm, Təmas Xətti, Z-Manset, ZZ-Manşet

Tahir Əkbər: “Əzrailin qarşısına alnıaçıq, üzüağ çıxaram”

“Noldu yenə belə getdin

 Heç küsməyin yeridirmi?

 Ürəyimi al-qan etdin

 Heç küsməyin yeridirmi?”

Yəqinki bu şeirin ilk misrasını oxuyarkən şeirin qalan misralarını dodağının altında zümzümə edənlər az olmadı.

“Təmas Xətti” rubrikasının  bu dəfəki  qonağı bəstələdiyi mahnıları, demək olar ki,  xalq mahnılarına çevrilən Azərbaycan Respublikasının Əməkdar artisti, bəstəkar Tahir Əkbərdir.

Tahir bəylə müsahibədən öncə söhbətləşirik. Bu yaxınlarda keçirilən 70 illik yubeliyindən söz açır. Mən də bu yubileyin təməlində duran uşaqlıq illərindən sual verirəm.

Uşaqlığınız yaddaşınızda necə qalıb?

– Əlbəttə ki, 70 yaş çox böyük yaşdır. Uşaqlığımdan çox uzaq məsafədədir. Yaxşı yadımdadır ki,  böyük həyətimiz var idi, həmin həyətdə 50 qonşu birlikdə yaşayırdı. Mənimsə, 8-9 yaşım olardı, bütün qonşular bir araya yığışanda özüm üçün zümzümə edərdim. Onlar da deyərdi: “ay Tahir, bəsdir başımız getdi, bu nədir ağzına gələni oxuyursan”. Orada da Paşa müəllim var idi, deyərdi ki, bu, onun bəstəkar olacağından xəbər verir. Bu yaxınlarda mənim 70 illlik yubileyim keçirilmişdi. Həmin yubileydə Paşa müəllim sağ idi, bu əhvalatı danışdım və Paşa müəllimi səhnəyə dəvət etdim.  Çünki, həqiqətən də, o,  ilk dəfə bəstəkar olacağımdan xəbər vermişdi. Təbii ki, o zamanlar mən bunları dərk etmirdim. Bundan başqa,  uşaq olanda atamın köhnə patifonu var idi. Yadıma gəlir, məktəbdə ikinci növbə oxuyurdum, dərsə gedənə qədər diskləri oxudurdum.

Bəstəkar bildirir ki, onda lap gənclikdən milli musiqiyə meyl olur, lakin gənclik illərində bu meylini musiqişünas kimi dəyərləndirsə də, bəstəkarlığa gec başlayır. Elə gənclik illərindən danışmışkən, mən də tələbəlik illərindən sual verirəm.

Bildiyim qədərilə, siz Fikrət Əmirovun, Cahangir Cahangirovun müəllimi sənətkar Boris Zeydmanın  sonuncu tələbəsi olmusunuz. Tələbəlik illəriniz necə keçib?

– Mən Asəf Zeynallı adına Musiqi Kollecində musiqişünas təhsili alırdım. Baxmayaraq ki, əsərləri musiqişünas kimi təhlil edirəm, amma musiqişünaslığa həvəsim yox idi. Seçim qarşısında qalmışdım. Təsadüfən yolum Özbəkistandan düşdü. Orada keçirilən bir məclisdə Boris Zeydmanla tanış oldum. O, Azərbaycan bəstəkarlıq məktəbini yaradanlardan biridir. Bəxtim gətirdi. Onun sonuncu azərbaycanlı tələbəsi ola bildim. Orada mənə təklif etdi ki, gəl səni sinfimə götürüm və sən təhsilini burada davam etdir. Orada heç qəriblik hiss etmədim.

foto1

Heç vaxt ona xəyanət edə bilməzdim”

Bəs orada qalmağınız üçün sizə təkliflər oldu?

– Orada problem yarandı. Çünki mənə təklif etdilər ki, özbək musiqisi yazım. Dedilər ki, sən axı bizim tələbəmizsən, bizim millətə xidmət et. Bəlkə də məntiqlə onlar düz fikirləşdirdilər. Amma mən yad bir musiqi yaza bilməzdim. Azərbaycan musiqisi məni o qədər pərişən edirdi ki, bizim musiqilə nəfəs alırdım. Heç vaxt ona xəyanət edə bilməzdim. Bundan sonra onlar məni bir az sıxışdırmağa başladılar. Ona görə 80-ci illərdə Azərbaycana qayıtdım. Bura qayıdanda 34 yaşım var idi. Rəhmətlik Tofiq Quliyev  sənədlərimi qəbul etdi. O, mənə dedi ki, sən iri əsərləri kifayət qədər yazırsan, çalış tanınmaq üçün kiçik mahnılar yaz.

“Musiqi dünyasında külüng vurmuşam”

Bəs ilk yazdığınız musiqi hansı olub?

– “Bir gün səni görməyəndə”. O vaxtı bu mahnını Elmira Rəhimova oxumuşdu. Bu yaxınlarda isə gənc xanəndə Rəvanə Ərəbova oxudu. Sonra Məmmədbağır Bağırzadə “Heç küsməyin yeridirmi?”, Zeynəb Xanlarova “Dərdin alım”, “Heyifim gəldi” mahnılarını ifa etdilər. Artıq mahnı janrı ilə tanınmağa başladım. Bugün artıq demək olar ki, mahnılarım xalq mahnısına çevrilib, zamanın süzgəcindən keçib 25-30 ilə yaxındır ki, yaşayırlar. Bu, məni sevindirir, çünki xalq tərəfindən qəbul olunmaq hər adama qismət olmur. Bunlar bir günün işi deyil, illərlə zəhmət tələb edir. Musiqi dünyasında külüng vurmuşam. Mən Azərbaycana yeni janrlar gətirmişəm. İlk dəfə “Simfonik rənglər”i müstəqil janr kimi musiqiyə gətirmişəm. Böyük danışmaq kimi olmasın, SSRİ dağıldıqdan sonra ilahiyyat janrında olan musiqini  Azərbaycan musiqisinə gətirdim. İlk dəfə “Amin” adlı musiqi bəstələdim. Belə adda olmasına səbəb isə odur ki, bütün dünyada dualardan sonra bəşəri söz olan “amin” deyilir.  “Amin”i 12 yaşlı uşaq ifa  etmişdi. Hamı deyirdi ki, bu alınmaz. Mən qəsdən o yaşda bir uşağa həvalə etmişdim, çünki 12 yaş saflıq deməkdir.  Ondan sonra “Ya Rəbb” əsəri yazıldı. 60 illik yubileyimdə ilk dəfə Filarmoniyada səsləndi. Rəhmətlik Cabir Novruzun əsərinə yazılmış simfonik poema idi. Düşünürəm ki, mən  istədiyim əsərləri hələ də tam olaraq yaratmamışam. Mənim arzum odur ki, səhnə əsərləri yazım.

Vurğuladınız ki, 34 yaşınızda Azərbaycana qayıtmısınız. Bəs evlilik həyatına nə vaxt qədəm qoydunuz?

– İlk dəfə Özbəkistanda birlikdə oxuduğum qrup yoldaşımla ailə həyatı qurmuşam. O, musiqişünas idi. O evlilikdən bir qız övladım var. Birinci həyat yoldaşım dünyasını dəyişdi. Bizim ayrılmağımıza səbəb o oldu ki, o xəstə idi, ancaq özünə baxa bilərdi, başqa fiziki işlərlə məşğul ola bilməzdi. Onun razılığı ilə ayrılmaq qərarına gəldik. İkinci evliliyimdən Bəhriyyə adlı qızım var.

Bəs evlilik üçün hansı yaşı ideal hesab edirsiniz?

– Mən gec – 30 yaşımda evlənmişəm. Qismətdir. Tez evlənməyə can atmırdım, nəsə həvəsim də yox idi. Amma eşitmişəm,  türklər gec evlənir. Ümumiyyətlə, onlar 20 yaşında ailə həyatı qurmurlar.

 “Məni gözləmə, əlvida…”

Mənə çox maraqlıdır. Bəstəkar sevərkən bu, onun bəstələrinə təsir edirmi?

– Mən sizə bir sirr açmaq istəyirəm. Cavan vaxtlarımda bir qıza aşiq olmuşdum, Rusiyada yaşayırdı. O mənə söz vermişdi ki, gələcək. Həmin gün də möhkəm yağış yağırdı. Mən də çox həyəcanla ondan bir xəbər gözləyirdim. Bir də gördüm qapının zəngi vuruldu, poçtalyon qadın mənə teleqram gətirdi. Qadının üzünə baxanda hiss etdim ki, nəsə yaxşı xəbər deyil. Teleqramı açan kimi gördüm: “Məni gözləmə, əlvida…” Poçtalyon qadın da pis olmuşdu. Elə tez uzaqlaşdı ki, sanki harasa yox oldu. Ondan sonra leysan yağış yağdı. Bu hadisənin üstündən ən azı 40 il keçib.  Bu əhvalatı şairə Rəsmiyyə Davudqızına danışdım, o çox gözəl şeir yazdı. Dedim:  “Rəsmiyyə, gəl bunun adını “Gecə yağışı” qoyaq”. Təsəvvür edin, bu qədər illər keçməsinə baxmayaraq, mən həmin o gecəki əhvalımı musiqiyə köçürdüm. Bu mahnını Azər Zeynalov möhtəşəm ifa edib.

foto7

Maraqlıdır, bu melodiyalar sizə necə gəlir? Bir musiqi necə yaranır?

– Musiqinin yaranma prosesi çox ağır olur. Bir də görürsən, bir musiqini 100 dəfə çalırsan, orasını, burasını düzəldirsən. Bir də görürəm, xanımım deyir ki, filan yerdə maraqlı musiqi alındı. Mən ona inanıram. Bilirsiniz, musiqi ilk dəfə sənə həkk olunur. Mənə yaxşı musiqilərim Allah tərəfindən göndərilir, mən sadəcə icraçıyam. Amma ən pis musiqiləri özüm yazıram (gülür).

“Çalışıram ki, pis yazım, alınmır”

Musiqilərinizi nəyə əsasən yaxşı, pis deyə qiymətləndirirsiniz?

– İndi gülməli olsa da, deyəcəm, nə qədər çalışıram ki, pis yazım, alınmır (gülür). Ancaq yaxşı yazmağı bacarıram. Qiymətləndirməyə gəldikdə isə bəstəkar həm də musiqişünas olur deyə dünya musiqiləri ilə tanışdır. Öz biliyinə əsasən bunu bacarır. Hərdən elə hallar ola bilər ki, sənin qulağına yad bir musiqi gəlir. Onu dərk etmək lazımdır. Bunu ilk olaraq zövq həll edir. Əgər o zövqsüz və bayağı əsərdirsə, o saat bilinir. Amma görsəm ki, burada maraqlı məqam var, onun üzərində işləməyə başlayıram. Hər bir musiqidə düşüncə mütləq olmalıdır. Musiqi ayaq üçün yazılmamalıdır. Yazanda elə yazmaq lazımdır ki, millətin sarı siminə toxunasan. Mənim bir əsərim var: “Qərarsız  mən oldum”. Baxın, o əsər yaşayır. Heç mənim xəbərim olmadan yüzlərlə ifaçı o əsərə müraciət edib. O musiqi mənsiz də yaşayır. Şən musiqinin də, kədərli musiqinin də öz yeri var. Mənim bir müəllimim danışmışdı ki, bir tələbəsi ancaq kədərli, ölü musiqilər yazırmış. Müəllim də axırda bezir soruşur ki, niyə ancaq belə musiqilər yazırsan. O da cavab verir ki, bilirsiniz nə var, bu sizə lazım deyil, amma xalqa lazımdır (gülür).

“…kimi təəccübləndirməyə gəlmisiniz”?

Tahir bəy, xor musiqisi, simfonik və kamera əsərləri ilə yanaşı estrada üçün mahnılar bəstələyirsiniz.  Bəs siz özünüzü bu janrlardan hansına  daha yaxın hiss edirsiniz?

– Mənim tərzim milli musiqi, muğam və aşıq mahnılarıdır. Amma özümə ən yaxın bildiyim muğamdır. Çünki muğamın incəliklərinə yiyələnmişəm. Bir çox əsərlərimdə muğam parçaları var. Avropa təhsili almışam deyə bunlarla yanaşı mənim yaradıcılğımda estrada mahnıları da var, lakin onun bünövrəsi milli olmalıdır. Mən sintez yaradıram. Orada həm klassik musiqi, həm estrada ritmləri, həm muğam, həm də aşıq mahnıları var. İndi elə bir dövrdür ki, musiqilər bir-birinə təsir edir, inteqrasiya gedir. İfaçılar da bunları yaxşı qarşılayırlar və məmnuniyyətlə oxuyurlar. Son vaxtlar çox istedadlı gənclər var. Onlara nümunə kimi muğam müsabiqəsindən tanıdığımız Ayşən Mehdiyevanın adını çəkə bilərəm. Çox gözəl səsi var.  Onlar sanki Şövkət xanımın davamçılarıdır. Elə Şövkət xanımdan söz düşmüşkən,  o vaxt  Özbəkistandan qayıdanda  bütün korifeylər – Qara Qarayevdən tutmuş Fikrət Əmirov, Cahangir Cahangirov, Niyazi, Rəşid Behbudov, Şövkət Ələkbərova qədər hamısı sağ idi. Həmin dövr qızıl dövr idi. Onlardan biri mənə dedi ki, cavan oğlan, siz burada kimi təəccübləndirməyə gəlmisiniz? Dedim ki, heç kimi təəccübləndirməyə gəlməmişəm, amma söz verirəm ki, it-bata da düşməyəcəm. Yeri gələndə mən onları təəccübləndirdim, amma hər halda onlar bizim əlçatmaz zirvələrimizdir. İndi bilirəm ki, musiqilərimdə öz möhürüm var.

“İndi hamı bəstəkar olub

O zamanların qızıl dövr olduğunu deyirsiniz, bəs indi  “bəstəkarlar dünyasında” vəziyyət necədir?

– Əfsuslar olsun ki, bu saat hamı öz işi ilə məşğul deyil. İndi hamı bəstəkar olub. Peşəkar deyillər, savadları yoxdur. Gərək fitri- istedad, Allah vergisi olsun. Savad və ya istedad yoxdursa, bu çox dəhşətli bir şeydir. Bütün bunlar bayağılığa gətirib çıxarır. Bayağılıqdan əlavə oğurluq da olur. Bir də görürsən başqa bir yerdən musiqini oğurlayıb bizə sırıyırlar. Hazırda zövqlər çox aşağı səviyyədədir.

Buna səbəb nə oldu?

– Qabaqlar bədii şuralar var idi, bizim yazdığımız əsərləri imtahana çəkirdilər. Orada bəstəkar musiqidən, şair sözdən danışırdı. Beləcə, bir dənə də olsun bayağı mahnı ayaq tuta bilməzdi. İndi nəzarət yoxdur. Nəzarət olmayanda belə də olur. Nəzarət deyəndə senzura başa düşülməsin. Yaxşı mənada nəzarətdən söhbət gedir, sənət nəzarəti olmalıdır. Bəlkə biri ağzına gələni yazır? Bəlkə kimdənsə oğurlayıb? Axı buna kimsə qiymət verməlidir? Bir də ki, meyar olmalıdır. Yəni, nümunələr hökm sürməlidir. Yaxşı nümunələr olmayan yerdə bayağı musiqilər də yaranır.

foto5

Tahir müəllim,  necə düşünürsünüz, bəstəkarlara stimul verən nədir?

– İstedad özü elə stimuldur. Onun tərkibində hər şey var, onlardan biri də vətənə xidmət etməkdir. Biz də öz istedadımızla vətənə xidmət edirik. Bu, istər sevgi, istər qəhrəmanlıq, istərsə də, tarixi hadisə olsun.

“Mən onu gözləsəm, o gəlməz”

Siz də ilham pərinizi gözləyənlərdənsinizmi yoxsa onun  varlığını inkar edirsiniz?

– Yox, yox, onlar hamısı boş şeylərdir. Mən peşəkaram. Deyirlər iştah diş altındadır. Bu, mənim işimdir, mən bunu görməliyəm. Mən oturub işimlə məşğul oluram, ilham pərisi də mənimlədir (gülür). Bir də görürsən ki, sən tamamilə uyub o aləmə getmisən. Yəni, mən onu gözləsəm, o gəlməz. Gərək işləyəsən ki, o da gələ.

Uzun əsrlərdir gedən mübahisə var, buna məşhur bəstəkarlar, şairlər öz fikirlərini də bildiriblər. Sizin də bu haqda fikirləriniz önəmlidir.  Sizcə musiqi  yoxsa söz önəmlidir?

– Mən mahnını quşa bənzədirəm. Bir qanadı bəstəkar, bir qanadı şairdir. Amma onun döyünən ürəyi, onu zirvələrə qaldıran ifaçıdır. Bunlardan biri zəif olsa, o, heç kimə lazım deyil. Bunun ən bariz nümunəsi Nizaminin “Sənsiz”i, Üzeyir bəy və Bülbülün vəhdətidir.

“Millət yaxşı musiqiyə qiymət verir”

Siz demiş,  mahnının döyünən ürəyi bugün kifayət qədər varmı?

– Mehriban xanımın muğama dəstək olması imkan verdi ki, bizim dəfələrlə keçirilən muğam müsabiqəsində çox istedadlar üzə çıxsın. Onların qarşısında bayağı musiqilər heç vaxt tab gətirə bilməz. Hiss edirəm ki, millət yaxşı musiqiyə qiymət verir. Bayağı musiqinin də öz yeri var. O mənada ki, toyda hamı düşüb ortalığa oynayanda sənət yadına düşmür.

Sizə görə bayağılıq meyarları hansılardır?

– Musiqinin çox primitiv, sözlərin keyfiyyətsiz olması əsas meyyarlardır.

Bayaq vurğuladınız ki, Azər Zeynalov mahnılarınızı ifa edir. Başqa hansı müğənnilərlə iş birliyi edirsiniz?

– Bəyimxanım Vəliyeva, Ayşən Mehdiyeva ilə bizim son vaxtlar çox yaxşı mahnılarımız meydana çıxıb. Bugün studiyaya gedəcəm, təzə mahnım bəstələnib. Bundan başqa Firuzə İbadova, Abgül Mirzəliyev kimi və s. ifaçılarla işləyirik.

Müğənnilər daha çox hansı musiqilərinizə müraciət edirlər?

– Bayaq dediyim “Gecə yağışı” Azər Zeynalovun ifasında çox gözəl qarşılandı. Bundan başqa bir mahnım da var. O, “Anam çörək yapırdı” adlanır. Bu mahnı insanlarda nostalji hislər yaradır.

“Bölgələrimizdə istedadlı qələm sahibləri var”

Allah sizə ömür versin, artıq 70 ildir ki, bu dünyada ömür sürürsünüz. Zaman keçdikcə musiqi üslubunuzda dəyişiklik baş verdimi?

– Sözsüz ki, zamanın buna təsiri olur. O vaxtlar mən sırf seygahda, milli ruhda yazırdım. Amma son illər məcburam ki, dünya musiqisinə inteqrasiya edib “Biləcəridən o tərəf” üçün yazım (gülür). Şəxsən fəxr edirəm ki, “Hay ver, eloğlu” mahnımız beynəlxalq müsabiqədə birinci yer tutdu. Biz bir yerə qapanmamalıyıq. Mən çalışıram, musiqiyə yeni mövzular gətirim. Dünya musiqisinə fikir versəniz, görərsiniz ki, onlarda necə gözəl insani mövzular var. Bizim də belə mövzularda yazan şairlərimiz var. Vaxtilə böyük şairlərlə – Osman Sarıvəlli, Hüseyn Arif, Cabir Novruz, Bəxtiyar Vahabzadə, Fikrət Qoca ilə işləmişəm. Son zamanlar Sona Vəliyeva, Zəlimxan Yaqubun şeirləri ilə işləyirəm. Bundan başqa cavan şairlər də meydana gəlib. Bölgələrimizdə də  istedadlı qələm sahibləri var. Onlarla da işləyirəm.

foto3
Bölgədəki şairlərlə əlaqəni necə yaradırsınız?

– Onlar özləri müraciət edirlər. Ya şeirlərin göndərirlər, ya da özləri gəlirlər. Neftçalada yaşayan Zərxanım Ülvi var. Məsələn, onun yazdığı “Qərarsız mən oldum” şeirinə bəstələdiyim mahnı çox məhşurdur. Onunla bizim silsilə mahnılarımız var.

Bayaq az da olsa, bəstəkarların dünyada tanınması məsələsinə toxundunuz. Sanki əvvəllər Azərbaycan bəstəkarları dünyada daha çox tanınırdı. İndi Azərbaycan bəstəkarlarının dünyada tanınması məsələsi nə yerdədir?

– Bizdə dil problemi var. Biz mahnıları xarici dildə yazmırıq. Bəzən olur ki, dahilər elə əsərlər yaradırlar ki, başqa dillərdə olsa da, sanki eyni mənaları verir. Beynəlxalq səviyyədə tanınan Hüseyn Arifin gözəl “Əzizim, məndən sonra da qapını bağlama” şeiri vardı. Bu şeir hardansa tanış gəlirdi. Sən demə, gənc vaxtlarımda ispan şairi Q. Lorkanın buna oxşar bir şeirini oxumuşam. Orada da “mən öləndən sonra pəncərəni bağlama “ sətirinə rast gəlmişdim. Tamamilə başqa qütblərdə yaşayan yazıçılar eyni mövzuya toxunublar. O şeirə bəstələnmiş musiqim də var. Qərara gəldim ki, iki böyük şairin ruhuna ithaf olaraq ispan musiqi sədaları altında mən onu bəstələyim. O əsər iki xalqın körpüsü oldu.

“O adamlar ki, adlarını bəstəkar qoyurlar, onlar bəstəkar deyil”

Bir az da gənc bəstəkarlardan danışaq. Necə deyərlər, ürəyinizdən tikan çıxaran bəstəkarlar yetişirmi?

– O adamlar ki, adlarını bəstəkar qoyurlar, onlar bəstəkar deyil. Mənim ürəyimdən tikan çıxaran sonunculardan olan Ramiz Mirişli, Emin Sabitoğlu, Oqtay Kazımi idi, onlar da rəhmətə getdi. Bu nəsildə 3-4 nəfər qalmışıq. Bəlkə də, sonuncular biz olacağıq.

Bəs bu,  təhlükəli deyilmi?

– Çox təhlükəlidir. Bunun davamı olmayacaqsa, bayağılıq hökm sürəcəksə, nəbilim… (susur). Mən qorxmuram, çünki son zamanlar təbliğat yaxşı gedir.

Bəs tələbələriniz, istiqamət verdiyiniz gənc bəstəkarlar varmı?

– Mən vaxtilə dərs demişəm, məşhur tələbəm də Nailə Mirməmmədlidir. Düzdür, ona mən bəstəkarlıq keçməmişəm, amma o həmişə deyir ki, Tahir Əkbər mənim müəllimim olub. Bundan başqa tələbəm yoxdur.

Bu fəaliyyətinizi niyə davam etdirmədiniz?

– Onlarda həvəs olmalıdır. Mən necə deyim ki, gəlin, sizə dərs keçim?! İndikilər özlərini hazır bəstəkar hesab edirlər. Yeri gələndə,  heç bizi də saymırlar.

Çox sənətkarın başına gəlir ki, onun musiqilərini “anonim” adı altında ifa edirlər. Musiqisini siz yazdığınız halda “anonim” adlandırılan musiqiləriniz olub mu? Müəllif hüquqlarının pozulmasına qarşı necə mübarizə aparırsınız?

– Hə, başıma gəlib. Türkiyəli müğənni Nəşə Karaböcək “Heç küsməyin yeridirmi?” mahnısını oxumuşdu. Digər bir mahnım “Əzizim”də də belə  olmuşdu. Buna nəzarət edən qurumlar olsa da, çoxları yaxşı işləmir.

foto11

Öz musiqilərinizi  vaxtaşırı sosial şəbəkə hesabınızdan paylaşırsınız. Sizi aktiv sosial şəbəkə istifadəçisi hesab edə bilərikmi?

– Açığını deyim, mənim İnternetdən çox da başım çıxmır. Yoldaşım bu işlərdə mənə kömək edir. Yutubda kifayət qədər əsərlərim yerləşdirilib. Musiqiçi dostum  Malik Paşayev hər dəfə yeni bir şey olan kimi onu İnternətə yükləyir. İndi vallah efir olmasa da, insan İnternetlə də tanına bilər.

“Əzrailin qarşısına alnıaçıq, üzüağ çıxaram”

Artıq müsahibəmizin sonuna doğru yaxınlaşırıq. Belə bir sualım var ki, ürəyinizdə olanların hamısını nota köçürmüsünüzmü?

–  İnsan özünü ölümünə hazırlamalıdır. Neyləmisən sən? Hər halda əzrailin qarşısına alnıaçıq, üzüağ çıxaram. Deyərəm ki, eybi yox opera, balet yaza bilmədim, amma məndə elə bir əsərlər var ki, onlar hər zaman yaşayacaq.

Son olaraq, oxucularımıza nə demək istərdiniz?

– Gözəl nümunələrə, klassik əsərlərə qulaq assınlar. Elə öz musiqi tariximizdə Üzeyir bəydən başlayan bəstəkarlıq məktəbi var, onları öyrənsinlər. Bayağı musiqilərə qulaq asmasınlar. Musiqiləri qorusunlar.

Fotolar: Xatirə Raufgil

Söhbətləşdi: Kəmalə Rövşən

 

 

Öncəki xəbərNövbəti xəbər