Podkastlar

Talış xalçaları

Müxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları təkcə görünüşü, keyfiyyəti, gözəlliyinə görə yox, həm də orijinallığı, fəlsəfiliyinə görə dünyada məşhurdur.

Azərbaycan xalçaları rənginə və texniki xüsusiyyətlərinə görə  Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi xalçaçılıq məktəblərinə bölünür.

Özünəməxsus naxışları ilə seçilən Talış xalçaları da  Qarabağ xalçaçılıq məktəbinə daxildir.

“Talış” xalçaları öz adını Azərbaycanın cənub- şərqində yerləşən Talış dağlarının adından götürüb.

Toxunma üsulu kobud bir rəngli ara haşiyəsi ağ fonlu olan sadə talış xalçaları əvvəllər ən aşağı təbəqənin qızları üçün cehiz verilərdi. Dualar, əsasən də namaz belə xalçaların üzərində edilərdi.

Sadə talış xalçalarının “çəltik” (buğda)  adlanan növü də vardır. “Çəltik” təsviri talışlarda  bol məhsulun simvolu hesab edilir. Bu növ xalçalarının orta sahəsi kiçik elementlərlə bəzədilir və orta təbəqənin qızlarına cehiz olaraq verilir.

Mürəkkəb kompazisiyalı xalçaların naxışları isə buta şəklində işlənərək, sıra ilə müxtəlif tərəflərə ayrılır. Naxışlar müəyyən sahələrdə altıbucaqlı medalyonlar əmələ gətirir. Bunlar da öz aralarında nazik boğazlarla birləşərək şaquli fiqur yaradır. Medalyonlarla ara sahənin rəng fonu eyni rəng çalarlarında olur. Bu isə Talış xalçalarının xarakterik simvoludur.

Əvvəllər ipəkdən toxunan mürəkkəb talış xalçaları XIX əsrin 3-cü rübündən  başlayaraq yundan və pambıqdan toxunub. Həmçinin, “paxlava  naxış” adlanan uzunsov naxışları olan xalçalar da sonralar bu qrupa daxil edilib. Bu növdən olan xalçalara isə demək olar ki, yuxarı təbəqənin nümayəndələri sahib ola bilərdilər.

Lənkəran  rayonunda  xususi  olaraq  toxunan  mürəkkəb talış xalçalarının  “buriya” adlanan növü də vardır. Burada “buriya” toxuyan ustaların əl işləri  “həsiri”,  “teymuri”,  “gülli-həsir”,  “vərniyə”  və  digər adlar altında qorunub saxlanılır.

Talışlar arasında xalçalar daha çox “Tolişi xolçə” adı ilə məhşurdur və xalçalar yüksək keyfiyyətinə görə  hal-hazırda da cehiz üçün  xüsusi  sifariş olunur. Öz  cehizlik  xalçalarını  toxuyan  talış qızları isə  gələcək  nişanlılarının adlarını bu xalçalarda özunəməxsus naxışlarla işləyirlər.

Nənəm, a dəli qoyun,
Dolanıb gəli qoyun.
Gəlinlər güzəmində
Toxuyar xəli, qoyun

Xalçalar Azərbaycan şifahi xalq ədəbiyyatının janrlarından olan bayatılarda, tapmacalarda, atalar sözlərində də özunəməxsus yer tapıb.

Azərbaycanda ilk  Xalça muzeyi 1967-ci ildə  Lətif Kərimovun təşəbbüsü ilə yaradılıb və onun adını daşıyır.

Muzey tərəfindən Azərbaycanın bütün bölgələri üzrə aparılan elmi tədqiqatlar nəticəsində bu gün muzeyin zəngin toplusunda 10.000-dək xalça və xalq tətbiqi  nümunələri qorunur. Bükülmüş xalçanı xatırladan bu muzey hazırda Bakı şəhərində dənizkənarı Milli Park ərazisində yerləşir.

Qeyd edək ki, 2004-cü ildə Azərbaycanda “Xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun qəbul olunub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.