Reportaj, Z-Manset

“”Tatu”- insanın ən yaxın dostudur” - Reportaj

“Tatu,yəni bədənə döymə bir incəsənətdir və onu elə şəkildə vurmaq lazımdır ki, döymədən küsməyəsən. Çünki döymə insanın ən yaxın dostudur. Hara getməyindən asılı olmayaraq, o səninlədir. Sən ona baxıb nələri isə xatırlayırsan. Döymə insan həyatının bir hissəsinə çevrilir”. Bu sözləri deyən müsahibimiz Kamran Əmirov artıq 3 ildir ki, bədənə döymə  ilə məşğuldur.

tat 1

Bədənə döymənin vurulma qaydası haqqında danışan Kamran deyir ki, döyməyə əvvəlcə psixoloji olaraq hazırlaşmaq və bunu tam olaraq istədiyinə əmin olmaq  lazımdır. Çünki döymələr müvəqqəti olmur. Ya ömürlük olur ya da onları silmək mümkün olur. Döymələrin silinməsi isə həm istifadə olunmuş mürəkkəbdən, həm də döymənin dərinliyindən asılıdır.

tatu 7

Döymə prosesinə başlamazdan əvvəl döymə etdirmək istəyən şəxsin allergiyası, və ya hər hansı bir xəstəliyi olub-olmadığı müəyyənləşdirilir.

Daha sonra bədənin döymə etdiriləcək hissəsi təmizlənir, şəkil çəkilir və döymə prosesinə başlanılır. Döymə hazır olandan sonra, bədənə ilk 7-10 gündə  xüsusi qulluq  mütləqdir. Belə ki, isti sudan istifadə, dənizə getmək və qaralmaq olmaz. Rəngli  və ağ-qara  döymələrə qulluq isə fərqlidir. Rəngli döymələr zamanı gün ərzində 2-3 saat fərqi ilə onu yuyub təmizləmək, məlhəm vurmaq lazımdır. Quru şəkildə bu olmaz. Ağ-qara döymələr zamanı isə gündə iki dəfə bu prosesi təkrarlamaq və 1 həftə ərzində məlhəm vurmaq lazımdır. Məlhəm isə xüsusi olaraq döymə üçün hazırlanmış olmalıdır.

tatu 2

Dəriyə döymə prosesində  əsas məsələ gigiyenik qaydalara riayət etməkdir. Bunun üçün də birdəfəlik əlcək və iynələrdən istifadə edilməsi, onların steril olması, döymə aparatının bağlı qalması vacibdir. Çünki sterilizasiya olunmamış aparat və iynələrdən istifadə zamanı QİÇS, Hepatit B, C və başqa xəstəliklərə də yoluxmaq olar. Bu səbəbdən də Kamran döymə etdirmək istəyənlərə məsləhət görür ki, bu sahə ilə bağlı peşəkarlara müraciət etsinlər.

tatu 3

Bədəndə əks olunan döymələrin simvolları da fərqlidir. Hal-hazırda dəbdə olan və daha çox istifadə olunan növləri isə – Old School, New School, Maori naxışları və realizmə uyğun rəsmlərdir.

Döymənin bədənə həkk olunması isə həm insanın dözümündən, həm də döymə seçimindən asılı olaraq dəyişir. Proses 40 dəqiqədən başlayaraq, 5 saatadək davam edə bilər. Seanslar bəzən 2 gün də çəkir.

tatu 8

Döymə zamanı ağrının hiss olunmağı  isə insanın orqanizmindən, sinir sisteminin güclü və ya zəif olmasından asılıdır. Kamran  deyir ki, hətta ağrıya dözməyib  döymə prosesini  yarıda saxlayan insanlar da var.

Müsahibimiz bildirir ki,döyməni qış fəslində etmək daha düzgündür. Çünki bu zaman insan orqanizmi təmiz olur, qapalı qalır və tərləmir. Yayda günəşdən qaralmanı, dənizi, istini nəzərə alaraq döymənin isti aylarda bədənə vurulmasını düzgün hesab etmir.

tatu 6

Kamran qızlar arasında da döyməyə marağın artdığını söyləyir. Həmçinin qeyd edir ki, bədənlərinə döymə etdirənlər yalnızca gənclər deyil, onun müştərilərinin içində  hətta yaşı 50- 55-i  ötənlər də var.  Döymə xidmətinin qiyməti  20-30 manatdan başlayaraq ölçüsünə görə fəqlənir. 18 yaşından aşağı olanlara isə döymə edilmir.

Hazırladı: Professional Media School – un tələbəsi Aidə Səlim

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.