Cəmiyyət

“Teatrda sənətə vurğun olduğuma görə qalıram”

Oqtay Mehdiyev:

– İndi əvvəlkinə baxanda bir addım irəliləyiş var. Biz o bir addım irəliəyişə işləyirik. 136 manat alıram. Bu maaşla məsləhətli sənət deyil, sadəcə olaraq, bizim özümüzdə sənətə vurğunluq olduğuna görə qalıram.

Oqtay Mehdiyev bir müddət əvvəl ikinci işə başlayıb, Aktyor deyir ki, iki işdən aldığı maaş, birlikdə, orta aylıq əməkhaqqından xeyli aşağıdır. Bu isə bir ailəni dolandırmaq üçün kifayət etmir.

 Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin (RİHMM)  rəhbəri Xalid Kazımov deyir ki, 2010-cu ildə rəhbərlik etdiyi mərkəz tərəfindən aparılan monitorinq zamanı bölgə teatrlarında minimum əməkhaqqının məbləği 90-100 manat arasında dəyişirdi.

Xalid Kazımov:

-Monitorinq zamanı biz bir neçə məsələyə diqqət edirdik. Birinci teatrların mövcud vəziyyəti, infrastruktur, kadr təminatı o cümlədən kadrların əməkhaqqı.  Region teatrlarının hamısında aktyorlar təxminən 80-100 manat civarında əməkhaqqı alırdılar. Onların böyük əksəriyyəti digər sahələrlə məşğul olurdular ki, öz gündəlik dolanışıqlarını təmin etsinlər.

İctimai Birliyin rəhbəri onu da əlavə edir ki, bu monitorinqin nəticəsi olaraq, iki ictimai müzakirə keçirilib, təkliflər hazırlanıb, Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Həmin təkliflərin nəticəsində bəzi teatrlar təmirə dayansa da, əməkhaqqı ilə bağlı heç bir dəyişiklik olmur.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, hazırda Azərbaycanda aktyorların orta aylıq əmək haqqı 200 manat civarındadır. Təsdiq olunmuş istehlak səbətinin qiyməti isə  qeyri-rəsmi istehlak səbətinin qiyməti ilə üst-üstə düşmür.

Natiq Cəfərli:

– Azərbaycanda rəsmən işləyən insanlar üçün istehlak səbətinin qiyməti 106 manatdır. Bu istehlak səbətinin hesablama indiqatorları təəssüf ki, çox köhnədir. Azərbaycanda işləyən insanın minimum istehlak zənbili ay ərzində  təqribən 192 manata yaxın çıxır. Bütün bu məsələləri gözdən keçirsək, görərik ki, bizim aktyorların aldığı maaş həddindən artıq aşağıdır, hətta minimum istehlak tələblərini belə ödəmək qabiliyyətində deyil.

Ekspert onu da vurğulayır ki, incəsənət xadimləri xüsusi qrupa aid olduqları üçün onların daim öz üzərlərində işləmələri üçün əlavə vəsaitə ehtiyacları var.

Sumqayıt Dövlət Musiqili Dram Teatrının rəhbəri Mehman Şükürov aktyorlara dövlət tərəfindən qayğı göstərildiyini desə də, onu da bildirir ki, teatr aktyora yalnız dövlətin verdiyi əməkhaqqını ödəyə bilir. Qalan qazancı isə aktyor digər vasitələrlə əldə edə bilər.

Mehman Şükürov:

– Aktyorlar hər ay üçün kateqoriyaya uyğun dövlət tərəfindən verilən əməkhaqqı alırlar. Əgər  başqa bir filmə çəkilirsə, seriallara çəkilirsə, tərcümə işi ilə məşğul olursa, onlara həmin təşkilatlar tərəfindən əməkhaqqı ödənilir. Bu hər yerdə belədir və bizdə də belədir.

İrəvan Dövlət Dram Teatrının rəhbəri İftixar Piriyev deyir ki, aktyora maaş kateqoriyaya görə verilir.

İftixar Piriyev:

– Aktyorlar maaşdan əlavə, əməkdar fəxri adı olanlar dövlət tərəfindən otuz manat, xalq artisti fəxri adı olanlar 50 manat  fəxri ada görə hər ay vəsait alırlar.

Teatr rəhbəri onu da qeyd edir ki, qastrol səfərlərindən qayıdarkən, teatr əgər uğurlu nəticə göstəribsə, aktyorları mükafatlandıra bilər, amma bu məcburi deyil.

Gənc Tamaşaçılar Teatrının aktyoru İlqar Cahangirov deyir ki, vergilər onların maaşlarının böyük bir hissəsini əllərindən alır:

– Dövlət vergisi deyirlər, nə deyirlər. Yazılır 272-273 manat, amma hardasa düz əlli manat mənim maaşımdan hökumət çıxır.

Prezident təqaüdçüsü, aktrisa Gülər Nəbiyeva hesab edir ki, teatr aktyoruna xüsusi qayğı göstərilməlidir.

 Gülər Nəbiyeva:

– Məsələn, müğənni bir gündə bir ilin pulunu qazana bilər. Amma aktyor bir səhnədə çalışır, onun tozunu udur. Çox istərdik ki, artsın ki, uşaqlar ora-bura qaçmasınlar. Qaçmayaq ora-bura. Ancaq sənətimizlə məşğul olaq.

Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İntiqam Hümbətov isə bu məsələdə heç bir səlahiyyətlərinin olmadığını deyir.

İntiqam Hümbətov:

– Nazirlik sistemi, dövlət teatrları büdcədən maliyyələşir və hökumətin qərarıyla müəyyənləşdirilmiş qaydada əməkhaqqlarının aşağı yuxarı dərəcələri onunla tənzimlənir.

Məsələ ilə əlaqədar Nazirlər Kabinetinin mətbuat xidmətilə saxlamağa çalışdıq. Nazirliyin adını bizə söyləmək istəməyən əməkdaşı isə təkidlərimizə baxmayaraq, bizi xidmət rəhbəriylə əlaqələndirməkdən imtina etdi.

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.