Cəmiyyət, Müsahibə, Sosial, ZZ-Manşet

Teatrlar yeni mövsümə hazırlaşır

mask

Artıq teatrlar yeni mövsümə hazırlaşır. GSR.fm paytaxtda fəaliyyət göstərən bir neçə teatrdan yeni mövsümlə bağlı müsahibə alıb. 

Abdulla Şaiq adına Kukla Teatrının rejissoru Qurban Məsimov bildirir ki, teatrda yeni tamaşalar üzərində məşqlər gedir:

“Bu tamaşalardan biri uşaqların da çox yaxşı tanıdığı “Qırmızıpapaq” tamaşasıdır. Bu tamaşa yeni quruluşda olacaq. İstəyirəm tamaşanı milliləşdirək. Bu, fransız nağılıdır. Fransız motivləri ilə yanaşı öz “Qırmızıpapaq” nağılımız olacaq. Odunçular obrazı dəyişib ovçular olub. Dovşan, qarğa kimi yeni obrazlarda da əlavə edilib. Tamaşa musiqi xarakterli olacaq. Azərbaycanın məhşur ifaçıları da bu layihəyə qatılıblar. Arzu olaraq növbəti tamaşa Anar Məmmədov yenə Bertan Treysin “Yad qadının məktubları” əsasında “Tənha kukla” tamaşası olacaq. Ardınca növbəti işimiz “Turpun nağılı” olacaq. Bundan sonra Samuel Marşakın “Pişiyin evi” adlanır. Yeni tamaşalar da gözlənilir. Hazırda rejissorlarla danışıqlar aparılır. Paralel olaraq böyükləri də unutmuruq. Böyüklər üçün də tamaşalarımız olacaq. Festival üçün məxsusi tamaşalar da nəzərdə tutulub. Çünki festivalda müəyyən unikallıq tələb olunur. Artıq bu ay Şəkidə Beynəlxalq Teatr Festivalı başlayır. Biz oraya “Zəng” monotamaşasını aparacayıq”.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı isə bildirir ki, yeni mövsüm sentyabrın 17-sindən etibarən açılacaq:

“Bu mövsümdə xalq yazıçısı İlyas Əfəndiyevin əsəri olan, Mərahim Fərzəlibəyevin quruluş verdiyi “Qarabağnamə” tamaşası səhnəyə qoyulacaq. Bundan başqa sentyabrın 15-də Şəkidə Beynəlxalq Teatr Festivalı başlayır. Orada bizim teatr “Ölülər” tamaşası ilə çıxış edəcək. Bundan başqa artıq tamaşaçılara teatrın repertuarı da təqdim olunub. Hazırda Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” əsəri əsasında Firudun Məhərrəmovun quruluş verdiyi “Vəsiyyət” tamaşası üzərində məşqlər gedir. Güman edirəm oktyabr ayında bu tamaşa nümayiş ediləcək”.

Azərbaycan Opera və Balet Teatrının mətbuat xidmətindən verilən məlumata görə isə bu il sentyabrın 18-də 108-ci teatr mövsümünə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası ilə başlayacaqdır:

“VIII Beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaq tamaşada Xalq artisti Mənsum İbrahimov (Məcnun) ilk dəfə tələbəsi gənc solist Arzu Əliyeva (Leyli) ilə birlikdə çıxış edəcəklər. Tamaşada həmçinin Respublikanın Əməkdar artistləri Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Sabir Əliyev (Şeyx) və başqaları iştirak edəcəklər.bTamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır”.

Öncəki xəbərNövbəti xəbər