Sağlam Ailə - Sağlam Gənclik, ZZ-Manşet

“Təbabətin əsas problemi xəstəliklərin gec aşkarlanmasıdır”

Mütəxəssislər sağlamlığımızı qorumaq, gələcəkdə yarana biləcək xəstəliklərdən sığortalanmaq üçün ən azından ildə iki dəfə həkim müayinəsindən keçməyi məsləhət görürlər. Belə olan halda xəbərimiz olmadan orqanizmimizdən yaranma ehtimalı olan xəstəliklərdən xəbərdar olur, qabaqlayıcı addımlar ata bilirik. Bəs şəhər sakinləri mütəmadi olaraq həkim nəzarətindən keçirlərmi? Onların fikrincə, profilaktik müayinə nə dərəcədə önəmlidir?

Sorğu:

– Düzünü desəm, tibbi müayinədən sonuncu dəfə yadıma gəlmir nə vaxt keçmişəm, amma bilirəm ki, vacibdir, lazımlıdır. Hər ay bir dəfə mütləq tibbi müayinədə olmaq lazımlıdır. Amma ki, özüm keçməmişəm.

– Fikirləşirəm ki, hər bir insan ildə ən azından iki dəfə müayinə olunmalıdır. Bunun  pis bir tərəfini görmürəm. Mənim üçün yaxşı bir şeydir. Ola bilər ki, biz bilməyək nə cür xəstəliklər var orqanizmimizdə. Beləcə ondan xəbər tuta bilərik, ola bilər müəyyən patologiyalar var, onlardan xəbər tuta bilərik. Buna görə də xeyirli bir şey olduğunu fikirləşirəm.

– Tibbi müayinə lazımdır. Hər bir insan bunu keçməlidir. Məsələn hər bir şirkərin sığortası olur, bundan imkan düşdüyü qədər istifadə eləmək, məncə, yaxşı olardı.

– Üç ay bundan əvvəl keçmişəm tibbi müayinədən. Tez-tez keçmək lazımdır. Ən geci hər altı aydan bir lazımdır. İnsanın sağlamlığı üçün lazımdır, hər bir insan üçün vacibdir.

Profilaktik müayinənin əhəmiyyətini geniş izah edən “Sağlam Ailə” Tibb mərkəzinin baş həkimi Vüqar Abdullayevin sözlərinə görə, gündəlik yaşadığımız stres, ekoloji şərait, günəş radiasiyası və s. kimi kənar təsirlər insanın immunitet sistemini zəiflədir. Belə olan halda müxtəlif xəstəliklərə yoluxma ehtimalımız artır. Bu kimi hallardan sığortanamaq üçün profilaktik müayinə mütləqdir.

Vüqar Abdullayev:

  • Qabaqlayıcı tədbirlər tibbdə tibbi proflaktika adlanır. Tibbi profilaktika birincili və ikincili olur. Birincili tibbi profilaktika profilaktik müayinələr və vaksinasiyadır. Profilaktik müayinələr dedikdə biz müxtəlif check-up müayinələri nəzərdə tuturuq. Hansı ki, bizim klinikamız bu barədə ixtisaslaşmışdır. Vaksinasiya isə xüsusi infeksion xəstəliklərə profilaktika məqsədilə aparılan peyvəndlərdir ki, həmin xəstəliklərin tutulma ehtimalı azalsın.

Vüqar bəyin sözlərinə görə, bu gün təbabətin əsas problemi xəstəliklərin gec aşkarlanmasıdır. Bəzi hallarda xəstəlik gec müəyyən edildiyinə görə müalicə prosesi də çətinləşir. Bu isə sonda xoşagəlməz nəticələrlə üzləşməyimizə səbəb olur. Onun sözlərinə əsasən, bu kimi hallardan sığortalanmaq üçün maarifləndirmə işlərinin aparılması mütləqdir. Buna görə də çalışdığı tibb mərkəzinin mütəxəssisləri mütəmadi olaraq gənclərlə görüşür, profilaktik müayinənin təbliği məqsədilə müxtəlif tədbirlər, aksiyalar təşkil edirlər.

Vüqar Abdullayev:

  • Bizim əməkdaşlarımız gənclərlə görüşlər keçirirlər, müxtəlif universitetlərdə maarifləndirmə işləri aparırlar. Nəticədə tibbi profilaktikaya, profilaktik müayinələrə gənclərimiz cəlb edilir. Profilaktik müayinələrin əsas məqsədi xəstəliklərin vaxtında aşkar olunması, təbii olaraq müalicənin vaxtında və düzgün aparılmasıdır.

Həmçinin Vüqar bəyin sözlərinə görə çalışdığı tibb mərkəzi profilaktik müayinə sahəsində ixtisaslaşıb. Profilaktik müayinə üçün “Sağlam Ailə” tibb mərkəzinə müraciət edən şəxslər yaş qrupundan asılı olaraq müxtəlif müayinələrdən keçirir, müayinələrin nəticəsinə uyğun olaraq onlar üçün müalicə proqramı müəyyənləşdirilir.

Vüqar Abdullayev:

  • Klinikamıza müraciət edən pasiyentləri biz çeşidləyərək bir neçə qrupa bölürük. Konkret xəstəliyi olan pasiyentlər həkimlərə yönəldilir, ixtisaslı mütəxəssislərə. Və onların müalicəsi ilə məşğul olunur. Profilaktik müayinəyə gələn pasiyentlər isə klinikamızda fəaliyyət göstərən qəbul həkimlərinə yönəldilir, həmin həkimlər onların şikayəti ilə maraqlanır. Və hansı profilaktik müayinəyə gəlibsə, onlara əlimizdə olan check-up müayinələri təklif edirik. Pasiyent chkeck-up müayinədən keçdikdən sonra yenidən həkimə yaxınlaşır. Check-up-ın nəticəsi onlara izah edilir. Əgər hansısa bir patologiya aşkar edilibsə, həmin patologiyaya uyğun olaraq lazımı tədbirlər həyata keçirilir.
Öncəki xəbərNövbəti xəbər