Aktual

“Tədavülə çıxarılıbsa niyə istifadə etmirik?!”

Prezident İlham Əliyev 7 fevral 2005-ci ildə “Azərbaycanda pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi  haqqında” fərman imzalayıb.  2006-cı ilin yanvar ayından dövriyyəyə buraxılan pul nişanları arasına  1, 3, 5, 10, 20, 50 qəpik sikkələri daxil edilb.

Lakin, şəhər sakinləri arasında apardığımız sorğu nəticəsində  aydın olur ki, tədavüldə  olmasına baxmayaraq 1, 3, 5 qəpik sikkələrinin istifadəsi zamanı bir sıra problemlər yaşanır.

Gülmirə  Təhməzova: Heç istifadə eləməmişəm. Heç olmur. 1 qəpik, 2 qəpik, 3 qəpik işlənmir axı.

– Avtobusa verdim bir dənə 10 qəpik, iki dənə 5 qəpik verdim. Bacım dedi ki,  vermə niyə verirsən?  Dedim dövlətin valyutasıdır, puludur verməliyəm.

– Mən istifadə etməmişəm yadımdan çıxıb. Onlar istifadə olunmur.

Xuraman Abbaslı: Onu mağazalarda qalıq pul kimi qaytarırlar, ancaq biz verəndə o pulu götürmürlər. Demək olar ki, o bizim pul qabımızda durur. Evdə də var, uşaq oynadır onu evdə.

Ramal Abdullayev:  Ümumiyyətlə istifadə elədiyim yadıma gəlmir. Çünki xırda qəpik verəndə deyirlər ki qəbul eləmirik. Səbəb soruşursan səbəb kimi də deyir götürmürük. Çünki biz də başqasına verə bilmirik başqası da götürmür. Əgər istifadə olunmursa niyə bunlar tədavülə çıxarılıb, çıxarılıbsa niyə istifadə etmirik?!

Sakinlər  istifadə zamanı xırda qəpikləri daha çox satıcıların qəbul etmədiyini iddia etsələr də, satıcılar bu məsələdə alıcıları günahlandırır.

Şeyx  Məmmədov: Vallah xırda qəpikləri şəxsən özüm götürürəm, amma alıcıya verirəm alıcı götürmür. Xırda qəpiklər yanımda doludur, özüm götürürəm, alıcı götürmür. Amma özləri verir.

Köşk satıcısı Mahir: Qəbul eliyirəm və çalışıram ki, elə müştərinində elə xırda qəpiklərini qaytarım.Yəni işlənir və işlənməlidirdə bu.

Arzu Rəhimov: Götürmürəm çünki, metro götürmədiyinə görə, dövlət obyekti götürmürsə mən bunu niyə götürüm ki. Alıcılar verir, amma götürmürük.

Rayə  Mövlayeva: Biz götürürük, istəyirsən pul kisəsini göstərsəm onların hamısı qalıb məndə. Onu kiməsə verim, yalnız marketlər bəlkə 5 qəpiyə yiyə dura bilər.

Avtobus sürücülərinin də fikirlərini öyrənirik. Sürücülərdən  bəziləri ödəniş vasitələri arasında fərq qoymadıqlarını və qəbul etdiklərini desələr də,  bəziləri xırda qəpikləri qəbul etmədiklərini bunun da səbəbini həmin qəpikləri qalıq  pulu kimi sərnişinlərə qaytara bilməməkləri ilə əlaqələndirirlər.

Ağaməmməd Rzayev: Əhaliyə qaytaranda pulu qalıq verəndə onu düşür aşağıda görür ki, əlində 5 qəpikdir, 3  qəpikdir tulluyur az qalır ki, başımıza vura onu ki, bu nədir mənə  vermisən, mən verməm deyir  sənə? Mənə də kimsə verir onu.

Rəvan Bayramov: Pulun dəyəri yoxdur da. O qədər pul məsələn, qəpiklər elə bir şeydir ki yəni qaytarırsan adi bir vətəndaşa verirsən vətəndaş onu qəbul eləmir.

Sürücü Nizami: Biz nətər olur bizə verirlər biz  götürürük, amma  sərnişinə qaytarırıq sərnişin götürmür. Sərnişin bizə  verəndə biz götürürük, amma sərnişinə biz qaytaranda bu pul, bu nə puldur deyir.

“1, 3, 5 qəpiklərinin aktiv şəkildə işlənməməsinin səbəbi  maliyyə, vergi nəzarətinin və pul vəsaitlərinin qeydiyyatının  düzgün  aparılmamasıdır” bu sözləri iqtisadi ekspert  Zöhrab İsmayıl deyir.

O, düşünür ki,  problemin əsas səbəblərindən biri də bəzi satış obyektlərinin kassasız və qeyri-leqal şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır. Ekspertin sözlərinə görə, avtobuslarda da vəziyyət eynidir.

Zöhrab İsmayıl:

Əksər marketlər kassa ilə işləmirlər və vergidən yayınırlar. Ona görə istədikləri qiyməti qoyurlar onun üstünə və qiyməti götürüb yuvarlaqlaşdırırlar.1 qəpik,3 qəpik, 5 qəpik də işləmir. Bilirsiniz ki hələ də Azərbaycanda avtobuslar da bilet verilmir. Avtobusda yol pulu deyilən o ödənişlər hamısı ciblərə gedir və o da yenə qeyri-leqal dövrüyədir.

Məsələ ilə bağlı Mərkəzi Bankın da mövqeyini öyrənirik. Bankdan yazılı informasiya sorğumuza cavab olaraq bildirilir ki, bütün pul nişanları, o cümlədən xırda pul nişanları respublika ərazisində qanuni ödəniş vasitəsi hesab olunur. Məlumata görə, ölkədə cari ildə əlavə olaraq 5 milyon ədəd 1 və 3 qəpiklik, 10 milyon ədəd isə 5 qəpiklik metal pul nişanları istehsal olunub. Və bu pulların tədavüldən çıxarılması nəzərdə tutulmur.

Cavabda o da qeyd edilir ki, əhalinin pul nişanları ilə bağlı yaranacaq bütün suallarını cavablandırmaq məqsədi ilə Mərkəzi Bankda 012 493-13-23 nömrəli qaynar xətt  fəaliyyət göstərir.

Öncəki xəbərNövbəti xəbər