Təhsil

Test yoxsa yazılı imtahan?

Oktyabr ayının 21-də Azərbaycan Dövlət Pedoqoji Universitetində tələbələr aksiya keçirdi. Aksiyaya səbəb müəllimlərin tələbələrə imtahanların həm test, həm də yazılı şəkildə keçiriləcəyini söyləmələri olub. Tələbələrin kütləvi narazılığından sonra isə universitet rəhbərliyi imtahanların  əvvəlki qaydada, yəni test üsulu ilə aparılmasına qərar verib.

Noyabrın 1-də isə özəl universitet olan Azərbaycan Universitetinin tələbələri imtahanların keçirilmə formasına  etiraz ediblər.  Tələb isə eyni idi imtahanlar yazılı deyil, test üsulu ilə keçirilsin.

Bəs görəsən tələbələrin biliyini qiymətləndirmək məqsədilə keçirilən imtahanlar əslində necə və hansı şəkildə tətbiq olunmalıdır? Yazılı yoxsa test üsulu? Hansı daha obyektivdir?

Mövzunu araşdırmağa yerli universitetlərin tələbələri ilə söhbətdən başladıq.

Zeynəb Məmmədova Qafqaz Universitetinin türkdilli ədəbiyyatı fakültəsinin 3-cü kursunda təhsil alır. O deyir ki, təhsil aldığı universitetdə imtahanlar müəllimlərin istəyindən asılı olaraq, həm yazılı, həm də, test formasında keçirilir.

Zeynəb Məmmədova:

Müəllim nə istəyirsə onu edir. Yəni bəzən elə olur ki, bir imtahanda həm test sualı soruşur həm də, yazılı. Elə bil 5 dənə sual verir üçü test olur ikisi klassik (yazılı) olur.  Bəzən hamısı test olur, bəzisi klassik (yazılı) olur.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin adının çəkilməsini istəməyən 3-cü kurs tələbəsi isə deyir ki, qiyabi təhsil formasında oxuduqları üçün 2 ildir bütün imtahanları test üsulu ilə verirdilər. Bu ildən isə onlara imtahanların ixtisas fənnlərindən yazılı, qeyri-ixtisas fənnlərindən isə test formasında keçiriləcəyi bildirilib. Müsahibimiz deyir ki, dərslər bitdikdən 1 həftə sonra imtahanlar başlayır bu müddət isə tələbələrin yazılı imtahanlara hazırlaşması üçün çox qısadır.

Bizdə indi hal-hazırda indiki dövrə qədər test imtahanları ilə verirdik imtahanlarımızı. Amma indi 2 gün olar ki, uşaqlar xəbər verdilər ki, yazılı olacaq əsas imtahanlarımız qalanları isə test üsulu ilə olacaq amma 2 səhv 1 düzü aparacaq. Uşaqlar narazıçılıq eləyirlər. Hər halda əvvəlki üsulla olsaydı daha yaxşı olardı. Yəni, biz qiyabiyik də qiyabidə biraz vaxt az olur ona görə hazırlaşmaq biraz çətin olur.

Azərbaycan Dövlət Pedeqoji Universitetinin pedoqoji fakültəsinin 3-cü kurs tələbəsi Gülşən Lətifli isə deyir ki, onlarda imtahanlar test üsulu ilə keçirilir. Amma tələbələr test imtahanı verərək 4 və yaxud 5 qiyməti ala bilmirlər. (81 bal-100 bal arası) Bu yalnız o halda mümkün olur ki, tələbələr yenidən yazılı imtahan verərək öz qiymətini təsdiqlədirlər. Əgər tələbə yazılı imtahandan aşağı nəticə göstərərsə və yaxud  yazılı imtahan girməkdən imtina edərsə bu zaman tələbənin biliyi maksimum 71 balla qiymətləndirilir.

Gülşən Lətifli:

Biz indi hal-hazırda testlə imtahan veririk əgər testlə imtahan veririkdən sonra 4, 5 alırıq ya əgər 4, 5-in qalmağını istəyiriksə biz ikinci dəfə biletlə imtahana girməliyik. Buda ki, bizdə kim istəyirdi girirdi kim istəyirdi girmirdi. İstəyən girirdi öz 5-in təsdiqlədirdi, ya 4-ün təsdiqlədirdi istəmiyəndə girmirdi qiyməti elə aldığı qiymət  3-ə düşürdü avtomatik olaraq.

İmtahan prosesi Azərbaycan universitetləri ilə müqayisədə xarici universitetlərdə necə aparılır?

Orxan Mirzəyev Praqanın New York Universitetinin Avropa bakalavr proqramının 1-ci kursunda təhsil alır. O universitetlərində imtahanların keçirilmə formasının tamamilə müəllimlərin istəyindən asılı olduğunu qeyd edir. Beləki buna uyğun olaraq imtahanların hamısı həm test, həm yazılı formada, və yaxud da bəziləri test, bəziləri isə yazılı formada keçirilə bilər.

Orxan Mirzəyev:

Yazılı imtahan düzdür heç kəsinin xoşuna gəlmir çünki biraz başağrıdan bir şeydir biraz orda yazmaq çox lazımdır test ona nisbətən daha asandır. Amma təbii ki, yaxşı oxuyanda materilları yazılı imtahanda verilən sualı cavablayaraq çox tələbədən misal üçün qabağa keçmək olar və yaxşı nəticə göstərmək olar.

Türkiyənin Orta Doğu Texnik Universitetinin neft və təbii qaz mühəndisliyi fakültəsinin 2-ci kursunda təhsil alan İlkin Cavadzadə universitetlərində imtahanların hər iki üsulla keçirildiyini desə də, yazılı imtahanlara daha çox üstünlük verildiyini bildirir.

İlkin Cavadzadə:

Bizdə imtahanların demək olar ki, böyük bir əksəriyyəti klassik suallarla keçirilir. Amma daha zəif dərslər məsələn ingilis dili kimi və digər daha zəif dərslər bizdə test  üsulu ilə keçirilir. Amma əsas fənlər klassikdir. Bu təbii ki, çətinlik törədir çünki nə də olsa testdə məsələn bir yaxın cavab alanda və ya insan məntiqli düşünəndə nəsə eləyə bilirsən amma klassik sualda yəni açıq sualda bu biraz mümkün olmur.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun fikrincə Azərbaycanda test üsulu ilə keçirilən imtahanlar tələbələrə heç bir bilik qazandırmır. Çünki suallar çox asan tərtib olunur nəticədə isə tələbələr test cavablarını əzbərliyərək imtahanları verə bilirlər.

Nabatəli Qulamoğlu:

Ümumiyyətlə dünya praktikasında bu gün ali məktəblərdə tələbələrin biliyinin qiymətləndirilməsi əsas yükü test imtahanlarına düşür və güman eləyirəm ki, Azərbaycanda da bu üsuldan istifadə olunur. Lakin Azərbaycanda istifadə olunan test üsulları çox mexaniki şəkildə hazırlanır yəni gənclərin zəif bilməsi nəzərə alınır ya digər subyektiv hallar var ki, testlər hazırlayırlar ki, 1 saat ərzində o testin sualların hazırlamaq olur  və 1 saatdan sonra gedib imtahan vermək olur yəni demək olar ki, adi əzbərçilik qaydasında mexaniki qaydada bu test imtahanları verilir.

Qafqaz Universitetinin prorektoru Cihan Bulut isə bildirir ki, imtahanlar müəllimlərin elan etdiyi şəkildə yəni, həm yazılı, həm də test formasında həyata keçirilir. Prorektor hesab edir ki, test imtahanlarında  obyektivliyin qorunması üçün sualları müəyyən standartlara uyğun şəkildə hazırlamaq lazımdır.

Cihan Bulut:

İndi bu test imtahanında bəlkə bir obyektivlik görünə bilər. Amma bütün dərsləri test şəklində verməyin bir sıra problemləri olacaqdır. Çünki test imtahanlarına hazırlaşarkən  sualların müəyyən bir model şəklində hazırlanması lazımdır bunu bütün müəllimlərin edə bilməsi lazımdır. Yəni hər hansı bir dərsdən tələbə imtahana girəndə, əgər o modelə görə hazırlanmazsa, bir tələbəyə çox asan suallar gələndə, başqa bir tələbəyə çox çətin suallar gələ bilər. Əgər bəlli bir modelə görə hazırlanarsa hər kəsə bəlli nisbətdə asan, bəlli nisbətdə çətin suallar gələ bilər.

Azərbaycan Pedoqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov isə universitetdə imtahanların 2007-ci  ildən test üsulu ilə keçirilməyə başlanıldığını deyir. Lakin şöbə müdiri bildirir ki, bu üsulun tələbələri əzbərçiliyə öyrəşdirdiyini görüb yüksək qiymət  almaq istəyənlər üçün yazılı imtahanların da keçirilməsini məqsədəuyğun hesab etdik.

Mənsur İbrahimov:

2012-2013 tədris ilinin yay sessiyasından imtahanlar iki mərhələdə keçməyə başladı. Pedoqoji Universitetdə necə olurdu o əzbərçilik testlərin sualları və cavabları verilirdi tələbələrə. Gənclikdi yaddaşı yaxşıdır əzbər yadında saxlayır əgər tutaq ki, mövzunu bilmir. Elə sualları birbaşa mexaniki əzbərləyir. Və gəlir ordan məsələn deyək ki, imtahan verib çıxır amma bunun məntiqi təfəkkürü, yazı qabliyyəti yoxdur bunun. Buna görə də onların həmin o əzbərçiliyin, şablonun qabağın almaq üçün ona görə iki mərhələyə başlanıldı.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu da imtahanların yazılı üsulla keçirilməsinin tələbələr üçün daha faydalı olduğunu düşünür amma…

– Güman eldirəm ki, yazılı imtahandan istifadə eləmək hər-halda biliyin qiymətləndirilməsin də pis hal deyil  amma məsələ ondadır ki,  bu haldan sui istifadə eləyirlər və korrupsiyaya yol açırlar. Ona görədə yazılı imtahanı Azərbaycanda aparmaq düzgün deyil.

Qeyd edək ki, Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli əmri ilə ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə əlaqədar “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə” təsdiq edilib. Bu Əsasnaməyə görə isə tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq yazılı şəkildə aparılması nəzərdə tutulur.

Materialda istifadə olunan interküylər Turan agentliyi və Kanal13-dən götürülmüşdür. 

Öncəki xəbərNövbəti xəbər

Şərhlər