P.S, Xəbəriniz olsun, Z-Manset

Təzəpir məscidini qadın tikdirib - Xəbəriniz Olsun

Bu dəfə sizə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunan Təzəpir məscidindən danışacayıq. Təzəpir məscidi ziyarətgah yeri olmaqla yanaşı həm də bir memarlıq abidəsidir. Məscidin yaranma tarixçəsi haqqında Təzəpir məscidinin Axundu Gsr.fm saytına danışır.

Axundun dediklərinə görə, əvvəl məscidin yerində qəbirstanlıq olub və bu qəbirstanlıqda bir müqəddəs insanın qəbri yerləşib. Buranın müqəddəsliyinə tapınan insanlar zaman-zaman bu yeri ziyarətgaha çeviriblər. Qəbrin itməsinə baxmayaraq pirin kəramətinə böyük etiqad göstərən insanlar onun tamamilə dağılmasına imkan verməyiblər. Daha sonra isə məşhur xeyriyyəçi qadın, Aşur xan nəslinin adlı-sanlı, dövlətli xanımlarından olan Nabat xanım Aşurbəyova burada yeni ibadətgahın tikintisinə başlayır. Məscidin Axundu Nabat xanımın tikintiyə necə başlaması haqda bunları deyir:

“Nabat xanım dövlətdən icazə alıb məscidi öz şəxsi məhriyyəsi hesabına tikdirib. Məhriyyə, yəni ilkin kəbin kəsiləndə oğlan tərəfin qız tərəfinə verəcəyi hədiyyədir, yardımdır və o məhriyyə  xanımın öz şəxsi mülki hesab olunur. Rəvayətlərə görə, xanımların ən halal və ən gözəl bəyənilən əlində olan vəsaiti onun məhriyyəsidir. Məhriyyə kimi halal bir şey yoxdur. Təbii ki, cüzi məhriyyə ilə də bu boyda məscidi tikmək olmaz. Buna görə də Aşurbəyova kimi bir xanım təbii ki, özü mislində bir oğlana getdiyinə görə onun məhriyyəsi bir neçə dənə neft quyusu olub. Və neft quyusunun da bütün gəlirin Nabat xanım bura sərf edib. Hətta mən eşitdiyimə görə, o zamanda Bakı milyarderlərindən ona çox təklif olunub ki, biz sənə kömək edək. Ancaq Nabat xanım deyib ki, yox. Bakıda məscid tikmək üçün yer çoxdur gedin tikin mən bunu öz hesabıma başa vuracam”.

IMG_1429-1Deyilənə görə, Seyid Yəhya Bakuvinin nəslindən olan bu qadın belə bir məscid tikdirməyi əhd edibmiş və əhdinə sadiq qalaraq, sonuncu zinət əşyasına qədər satıb binanı inşa etdirib. Türbə üzərində yeni məscid tikildiyinə görə xalq arasında bu günə qədər bu tikili Təzəpir məscidi adlanır.

Tikintisinə 1905-ci ildə başlanılan məscidin memarının azərbaycanlı olmasına Nabat xanım xüsusi əhəmiyyət verib. Bu məqsədlə o, Peterburqda təhsil almış ilk azərbaycanlı memar, sonralar isə Bakı şəhərinin ilk baş memarı olmuş Zivər bəy Əhmədbəyova xeyli vəsait verərək, onu məşhur məscidlərin memarlığını öyrənmək üçün İstanbula və ərəb ölkələrinə ezam etdirir. Səyahətdən qayıdan Zivər bəy Nabat xanıma şərq üslubunda gözəl, iki mərtəbəli minarəsi olan məscidin layihəsini təqdim edir. Lakin Bakı qubernator idarəsi minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verir. Səbəb də bu olur ki, əgər məscidin minarəsi iki mərtəbəli olsa, öz hündürlüyü ilə yaxınlıqda tikilmiş “Aleksanr Nevski” pravoslav kilsəsini kölgədə qoyar.

Lakin qısa minarə ilə tikilməsinə baxmayaraq, Təzəpir məscidi Bakıda ən möhtəşəm məscid olmaqla yanaşı, həm də şəhərə yaraşıq verən gözəl memarlıq abidəsi oldu. Məscidin bünövrəsinin ilk daşını qoymaq üçün Nabat xanım hörmət əlaməti olaraq öz fəaliyyətinə adi bənna kimi başlayan məşhur xeyriyyəçi, həmçinin o dövrdə bütün bənnaların başçısı sayılan Hacı Zeynalabdin Tağıyevi dəvət edir. Doqquz  ildən sonra məscidin baş günbəzinə sonuncu daşı da o qoyur. Lakin Nabat xanım arzusunun sona yetdiyini görmür. 1912-ci il dekabrın 7-də 117 yaşında vəfat edir. Məscidin tamamlanmasını isə oğlu Hacı Abbasquluya vəsiyyət edir.

IMG_1421-2

1914-cü ildə tikintisi başa çatan Təzəpir məscidi Bakıda ağ daşla tikilmiş ilk dini bina oldu. Nabat xanım və oğlu məscidin girişində dəfn olunub. Lakin yalnız baş qapının sağ tərəfində yerləşən Nabat xanımın qəbri görsənir. Oğlunun qəbrinə gəldikdə isə Təzəpir məscidinin Axundu bunları söyləyir:

“Dünyasını dəyişəndən sonra oğlu həmin anasının vəsaiti hesabına bu məscidi tamamlayıb. Təbii ki, xanımın qəbri buradadır, oğlunun da qəbri yanında. Ancaq oğlu icazə verməyib  ki, onun qəbrini aşkar etsinlər. Yəni anasından üstün olmamaq üçün vəsiyyət edib ki, qəbrimi aşkar etməyin”.

IMG_1379-1

Təzəpirin şəhər mərkəzindən bir qədər aralı olmasına baxmayaraq, coğrafi mövqeyi və təpə üzərində yerləşməsi onun şəhərin başqa nöqtələrindən aydın görünməsinə imkan verir. Məscidin bir sıra özünməxsus özəllikləri var. Bu özəlliklərin bir neçəsini Axunddan öyrənirik:

“Onu da deyə bilərəm ki, nəinki Azərbaycanda, dünyada da bu boy da günbəz, dayanacaqsız günbəz çox az yerdədir. Bu məscidin günbəzinin ortasında durub nəyisə bir-birinə vuranda ən azından məsciddə 10-13 dəfə akustika gedir. Deməli o vaxtı texnika olmayıb, mikrofon olmayıb deyə məscidi elə bir üslubda tikiblər ki, məscidin ortasında durub oxuyanda məscidin akustikası mikrofonu əvəz edib”.

IMG_1300-11918-ci il mart hadisələri zamanı insanların pənah gətirdiyi yer bu məscid olub. Həmin vaxtda Nəriman Nərimanovun əhaliyə müraciəti, Nuru Paşanın məscidin minbərindən çıxışı Təzəpir məscidinin tarixi rolundan da xəbər verir.

Repressiya dövründə (1934) məscidin fəaliyyəti dayandırılıb. Sovet dönəminin müxtəlif  illərində Təzəpir məscidi çay fabriki, yay kinoteatrı və mağaza anbarına çevrilsə də, özünü qoruyub saxlaya bilib.

Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ərazilərin rekonstruksiyası layihəsi hazırlanıb. 6 iyul 2009-cu ildə yenidənqurma və tikinti işlərindən sonra Prezident İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi keçirilib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi də Təzəpir məscidinin ərazisində yerləşir.

Hazırladı: Rəna Hüseynova

Cavid Mehdiyev

 

 

Öncəki xəbərNövbəti xəbər