Sosial

TOPs layihəsi beşinci mövsümünə start verib

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin beşinci mövsümünə start verilib.

GSR.fm xəbər verir ki, TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Layihənin məqsədi ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyaları ilə təmin etmək, şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, təlim nəticələrinin yüksəldilməsi və psixoloji dayanıqlığının qorunmasını təmin etməklə fiziki tərbiyə sahəsində innovativ təhsil texnologiyasının yaradılmasıdır.
TOPs – Britaniyanın Gənclər İdman Fondunun (Youth Sport Trust ) mütəxəssisləri tərəfindən yaradılmış və uzun illərdir dövlət səviyyəsində tətbiq olunan ən uğurlu fiziki tərbiyə metodikası hesab olunur. Bu metodika Britaniyada 10.000-dən artıq ümumtəhsil məktəbində tətbiq olunur.
TOPs metodikası fiziki tərbiyə üzrə pedaqoji prosesin düzgün idarə olunmasını, bu zaman müəllim fəaliyyətinin tənzimlənməsini özündə ehtiva edən tədris metodikasıdır. Bu metodika fiziki tərbiyə və məktəbdənkənar fəaliyyətlərdə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. Layıhənin icrası müddətində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllim – professor heyəti tərəfindən elmi araşdırmalar aparılmaqla tədrisin şagidlərə olan təsirinin ölçülməsi də həyata keçirilir.
Layihənin icrası müddətində indiyə qədər 1000 nəfərdən çox fiziki tərbiyə və ibtidai sinif müəllimi TOPs təlimlərindən keçmişlər. Təlimi uğurla başa vurmuş müəllimlərə sertifikatlar təqdim edilmişdir. Bu tədris ilində əlavə olaraq Bakı şəhərinin daha 100 ümumtəhsil məktəbin 700 nəfərdən artıq müəllimin keyfiyyətli təlimlərdən yararlanmağı nəzərdə tutulur. Təlimləri Beynəlxalq dərəcəli sertifikatlar alan yerli mütəxəssislər həyata keçirir.

Öncəki xəbərNövbəti xəbər