Sosial, ZZ-Manşet

TOPs layihəsinin mütəxəssisləri video konfrans təşkil edib

Dünyanı təsiri altına alan Koronovirus pandemiyasına görə “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramı çərçivəsində həyata keçiriləcək təlimlər, bir sıra digər fəaliyyətlər və tədbirlər təxirə salınmışdır. Buna səbəb isə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair 02 mart 2020-ci il tarixli qərarı olmuşdur. Qərara uyğun olaraq elan edilmiş xüsusi karantin rejimində belə TOPs proqramı məhdud və məsafədən olmaqla fəaliyyətini davam etdirməyə çalışmışdır.

Beləki, TOPs proqramının mütəxəssisləri və bir sıra aktiv fiziki tərbiyə müəllimləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə ev şəraitində fiziki tərbiyəni tədrisi və təşviqi işlərinə cəlb edilmişlər. Hətta bu işlər başa çatdıqdan sonra belə TOPs mütəxəssisləri və fiziki tərbiyə müəllimləri öz fəaliyyətlərini dayandırmamışlar.  

Ötən gün TOPs mütəxəssisləri Azərbaycanın müxtəlif bölgələrindən olan aktiv fiziki tərbiyə müəllimləri ilə birlikdə karantin dövründə məsafədən və onlayn rejimdə həyata keçirilən fiziki tərbiyə dərsləri, həmçinin bir sıra digər fəaliyyətlər, onların səmərəliliyini müzakirə etmək üçün video konfrans təşkil edib. Konfransda “İnkişaf Naminə İdman” İctimai Birliyinin rəhbəri Mehman Kərimov, TOPs proqramının layihə rəhbəri Vəli Musayev, Bakı, Sumqayıt, Astara, Gəncə, Mingəçevir şəhərlərindən olan aktiv fiziki tərbiyə müəllimləri iştirak edib.

Konfransda çıxış edən Mehman Kərimov müəllimlərin onlayn dərslər təşkil etməsini şagirdlər üçün hədsiz faydalı olduğunu bildirib: “TOPs proqramında iştirak edən müəllimlərin onlayn təlimlərini artıq sosial şəbəkələrdə palyaşmışıq, həmçinin Mədəniyyət kanalında TOPs metodologiyasına əsasında çəkilmiş dərsləri yayımlamışıq. Fiziki dərslərdə şagirdlərin aktivliyini maksimum qorumaq lazımdır. Şagirdlər hərəkətsiz qalmamalı, idmana həvəsi azalmamalıdır. Bu şagirdlərin fiziki və emosional inkişafı üçün vacibdir. Təlimçilərimizin şagirdlərlə mütəmadi ünsiyyətdə olması və onları dərslərə cəlb etməsi təqdirəlayiqdir. Çıxışının sonunda Təhsil nazirliyinə, xüsusilə məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinə TOPs proqramına göstərilmiş hərtərəfli dəstəyə görə təşəkkürünü bildirmişdir”.

Proqramın rəhbəri Vəli Musayev isə fiziki tərbiyə müəllimləri üçün bir neçə tövsiyə səsləndirib:

“Müasir dövrdə fiziki tərbiyə ən öndə olan fənlərdən biridir. Bütün dünya anladı ki, hərəkətsiz həyat yoxdur. Buna görə də dərslərin təşkili vacibdir. Ev şəraitində TOPs metodologiyası vasitəsilə fiziki dərsləri təşkil edərkən idman alətlərindən istifadə etmək alınmır. Bütün şagirdlərin evində lazımi avadanlıqlar olmaya bilər. Buna görə də müəllimlər evdəki əşyaları idman aləti kimi istifadənin yollarını təklif etməli, nümunələr göstərməlidirlər. Sevindirici haldır ki, artıq bir neçə müəllimimiz məhz bu vasitə ilə uşaqlara dərslər keçməyə başlayıb”.

Video konfransda çıxış edən müəllimlər qeyd etmişlər ki, onlayn formada tam olaraq tədris proqramı  üzrə dərslərin  keçirilməsi alınmasa, bütün  əzələ qruplarının inkişafı üçün şagirdlərə tapşırıqlar verir. Bu da öz növbəsində şagirdlərin orqanizmlərinin  fiziki hazırlığını normal vəziyyətdə saxlanılmasına öz təsirini göstərir. Lakin fiziki tərbiyə müəllimləri TOPs metodologiyasından istifadə etməklə daha rəngarəng və hamının iştirakını təmin edən dərslərin çəkilməsini və yayımını həyata keçirməlidirlər. Video konfransın yekunu olaraq  aşağıdakı təkliflər qəbul edilmişdir.

1.Təhsil Nazirliyinin həyata keçirdiyi  Virtual məktəb layihəsinə bütün fiziki tərbiyə müəllimləri qoşulmalı və tədris etdiyi siniflər üçün onlayn dərslərin verilməsində yaxından iştirak edərək hər bir müəllim öz video kartotekasını yaratmağa çalışmalıdır. 2. Ev şəraitində keçirilən dərslərin həm də inklusiv (hamının fiziki və əqli bacarığına uyğun səviyyədə iştirakını təmin edən tədris) formada keçirilməsi nəzərə alınmalıdır. 3. Fiziki tərbiyə müəllimləri öz İKT – dən  səmərəli istifadə etməli və lazım gələrsə müəyyən təlim kurslarına da cəlb olunmaqla müvafiq sahədə öz bacarıqlarını artırılmasına  çalışmalıdırlar.

TOPs proqramı Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-2015-ci tədris ilindən həyata keçirilir. Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir.

2019-2020 tədris ilində TOPs proqramına Bakı, Sumqayıt, Abşeron, Qobustan, Gəncə, Şamaxı, Quba, Qusar, Siyəzən, Xızı, Şabran, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblər cəlb olunub.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.