Sosial

“TOPs proqramı “Education 2018” sərgisində təqdim edilib

Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisi keçirilib. Sərgidə “TOPs proqramı – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi də təqdim olunub. 7/24news xəbər verir ki, TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir. Proqram Böyük Britaniya təcrübəsinə əsaslanaraq ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik, bacarıqlarının zənginləşdirilməsi və şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi və bu sahədə innovativ təhsil texnologiyasının yaradılması məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. TOPs layihəsinin rəhbəri Vəli Musayev layihə çərçivəsində görülən işlər barəsində sərgi iştirakçılarına məlumat verib: “Qeyd olunub ki, layihə Bakı, Sumqayıt, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarından olan ümumtəhsil məktəblərində tətbiq olunur. Bu müddət ərzində 1000 nəfərdən artıq müəllim TOPs təlimlərindən keçərək öz praktiki bilik və bacarıqlarını artıraraq daha keyfiyyətli dərslər tədris etməyə başlamışlar. Layihə çərçivəsində hazırlanan Metodiki tədris kartları Milli Fiziki Tərbiyə Kurikulumuna uyğunlaşdırılmış və müəllim fəaliyyətinin gündəlik planlaşdırılması üçün hesablanıb. Hər bir kart 1 mövzunu əhatə edir və mövzu üzrə metodiki tövsiyyələr təqdim olunur. Dərsləri daha səmərəli tədris edilməsi üçün müxtəlif idman ləvazimatlarından ibarət olan TOPs Oyun çantası əsas köməkçi alətlərdəndir. Çantada təlim nəticələrinin əldə olunması üçün lazım olan əsas idman ləvazimatları müəllimlərə dərsləri istənilən yerdə keçirilməsinə yaxşı imkan yaradır. Layihəyə cəlb olunan məktəblərin ümumi sayı 250 – dir və bundan yararlanan şagirdlərin sayı isə 100000 nəfəri keçmişdir. UNİCEF Azərbaycan təşkilatı tərəfindən dəvət edilmiş beynəlxalq ekspert, professor Kolin Hiqqs Layihənin qiymətləndirilməsini həyata keçirilmiş və nəticələri müsbət qiymətləndirmişdir.Bunun nəticəsi olaraq, TOPs layihəsinin daha geniş şəkildə həyata keçirilməsi tövsiyyə edilmişdir. TOPs proqramı çərçivəsində beynəlxalq səviyyəli təlim kursları təşkil edilmiş və 20 nəfər təlimçi sertifikatı alaraq bu metodikanın digər fiziki tərbiyə müəllimlərinə öyrədilməsi məqsədi ilə hazırlanmışlar”. Daha sonra TOPs layihəsi çərçivəsində həyata keçirilmiş fəaliyyətləri özündə əks etdirən geniş video material nümayiş etdirilmişdir. Qeyd edək ki, “Education 2018” sərgisi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Bu il Azərbaycan, Avstriya, Almaniya, Belarus Respublikası, Çex Respublikası, Latviya, Litva, Rusiya, Türkiyə, Özbəkistan və digər ölkələri təmsil edən iştirakçılar öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını sərgidə təqdim ediblər.

Öncəki xəbər