İdman

TOPs proqramının 4-cü mövsümünə yekun vurulub

İyunun 29-da Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə həyata keçirdiyi TOPs proqramının 4-cü mövsümünün başa çatması ilə əlaqədar mərasim keçirilib.

GSR.fm xəbər verir ki, Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı, təlim nailiyyətlərinin bədən təbiyəsi və idman vasitəsi ilə yüksəldilməsinin  müasir təhsil üçün prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. 2014-cü ildə Bakı şəhərinin 3 ümumtəhsil məktəbində pilot layihə kimi start verilən  və hazırda 140 000-dən artıq şagirdin yararlandığı TOPs proqramının əhəmiyyətindən söz açan nazir müavini onun əhatə dairəsinin getdikcə genişlənməsinin təqdirəlayiq olduğunu söyləyib.

Nazir müavini bildirib ki, artıq fiziki tərbiyə dərslərində TOPs metodologiyasının tətbiqinin gətirdiyi inkişaf və yeniliklər müşahidə olunur. Bu metodikanın tətbiqi ilə keçirilən fiziki tərbiyə dərslərində şagirdlər  daha çox iştirak etməyə  meyil göstərirlər. Proqramın inklüziv tədrisi də əhatə etməsi isə çox müsbət haldır.

Qeyd olunub ki, layihə çərçivəsində həmin məktəblərin fiziki tərbiyə və ibtidai sinif müəllimləri üçün təlimlər təşkil edilib. Təlimlərin məqsədi fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsidir. Təlimlərdə həmçinin, müəllimlərə fiziki tərbiyənin tədrisində müasir təlim üsullarının tətbiq edilməsi üçün milli kurikuluma uyğunlaşdırılmış metodiki tədris kartları da təqdim edilib. Bu təlimləri uğurla başa vurmuş 470 müəllimə müvafiq  sertifikatlar  verilib.

Firudin Qurbanov  onu da bildirib ki,  layihə  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, müvafiq tədbirlər və fəaliyyət istiqamətləri nəzərə alınaraq  keçirilir.

“British Council”ın Azərbaycan Nümayəndiliyinin direktoru  Elizabet Uayt  TOPs layihəsinin ölkəmizdə böyük uğurla həyata keçirildiyini qeyd edərək Britaniya təcrübəsinin Azərbaycan məktəbliləri üçün də faydalı olduğunu bildirib. Elizabet Uayt Azərbaycan müəllimlərinin yeni metodiki biliklərə və bacarıqlara yiyələnmələrinə imkanlar yaratdığına görə  tərəfdaşlara təşəkkür edib.

Azərbaycan  Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə akademiyanın fəaliyyət istiqamətlərindən söz açıb.  Qeyd olunub ki, ali təhsil ocağının bu layihəyə qoşulmaqda məqsədi  fiziki tərbiyə müəllimlərinin praktiki peşə hazırlığına dəstək olmaqdır.

Mərasimdə sonra TOPs proqramının məqsəd və vəzifələri, proqram çərçivəsində  ölkəmizdə  görülən işlər, eləcə də bu layihənin nəticələri ilə bağlı videoçarx  nümayiş olunub.

Sonda TOPs layihəsi çərçivəsində 2016-2017-ci tədris ilində keçirilmiş 4 nominasiya üzrə müsabiqənin qaliblərinə mükafatlar, həmçinin layihə üzrə təşkil olunan təlim kürsunu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikatlar təqdim edilib.

“British Council”ın Azərbaycan Nümayəndəliyinin direktoru Elizabet Uayt isə ölkəmizin ümumtəhsil məktəblərində fiziki tərbiyənin inkişafına verdiyi töhfələrə görə tərəfdaşlar adından təşəkkürnamə plaketi ilə təltif olunub.

Məlumat üçün bildirək ki, 2017-2018-ci tədris ilində TOPs layihəsinə 78 ümumtəhsil məktəbi qoşularaq proqramda iştirak edən məktəblərin sayı 150-yə çatdırılıb. Bu məktəblər Bakı və Sumqayıt şəhərlərini, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın  rayonlarını əhatə edir.

Proqram ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik və bacarıqlarının zənginləşdirilməsi, həmçinin, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Öncəki xəbərNövbəti xəbər