Sosial

TOPs təlimləri Sumqayıtda başa çatdı

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” Layihəsiniin  6-cı mövsümü çərçivəsində növbəti təlimlər Sumqayıt şəhərində baş tutub.

Proqram Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.

Təlimlərə Sumqayıt şəhərinin bütün ümumtəhsil məktəblərindən 170 fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlər zamanı müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün TOPs metodikası vasitəsilə praktiki fəaliyyətlər həyata keçirilib və yeni tədris metodları izah olunub.

Təlimlərdə müəllimlərə fiziki tərbiyə sahəsi üzrə hazırlanmış innovativ metodiki tədris kartları da təqdim olunub. Bu kartlar Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edir.

Təlimçilər bildirib ki, Sumqayıt şəhərində baş tutan təlimlər də müəllimlərin aktivliyi ilə seçilib və uğurla həyata keçirilib. Növbəti təlimlərin ölkəmizin şimal bölgəsinin məktəblərində təşkil olunması planlaşdırılır.

TOPs təlimlərində iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsullarını dərslərində tətbiq etməklə bərabər, həm də dərsdənkənar müxtəlif idman festivalları təşkil edəcəklər. Belə tədbirlər uşaqlarda həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsinə də imkan yaradacaq.

2019-2020 tədris ilində TOPs proqramına Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblər cəlb olunub.

Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.