Reportaj, ZZ-Manşet

“Tour d’Azerbaidjan 2017”-yə ümumi baxış - Reportaj

 

“Tour d’Azerbaidjan” beynəlxalq velosiped yürüşü 2013-cü ildən etibarən keçirilir. Yarışı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası təşkil edir.

Bu il Azərbaycanda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları ərəfəsində baş tutmuş “Tour d’Azerbaidjan-2017” Ümummilli Lider Heydər Əliyevin 94-cü il dönümünə həsr olunub. Yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyası üzrə keçirilib.

3-7 may tarixlərində baş tutan “Tour d’Azerbaidjan-2017”nin rəsmi tərəfdaşları Heydər Əliyev Mərkəzi, Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionudur. Bu il yarışlarda 18 ölkədən 22 komanda mübarizə aparıb. Onlardan 6-sı pro-kontinental olmaqla, 16-sı kontinental kollektivdir. Velosipedçilər 5 mərhələ üzrə 836 km məsafə qət ediblər. 1-ci mərhələdə Bakı – Sumqayıt (150 km), 2-ci mərhələdə Bakı – İsmayıllı (187 km), 3-cü mərhələdə Qəbələ – Şəki – Qəbələ (177 km), 4-cü mərhələdə Qəbələ –  Ağsu – Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı – Abşeron – Bakı (158 km) marşrutu boyunca mübarizə aparıblar. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolayları da əlavə edilib.

 Azərbaycanı təmsil edən “Synergy Baku Cycling Project” klubunun 6 nəfər heyət üzvü Elçin Əsədov, Elgün Əlizadə, Kiril Pozdnyakov, Samir Cəbrayılov, Ənvər Asanov və legioner Yosip Rumaç yarışda mübarizə aparıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev “Tour d’Azerbaidjan-2017” haqda “KİŞİ Magazine”ə müsahibə verib. O, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi, turun texniki direktoru Roland Hofer və Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikovun təşkilatçılıqdan razı qaldıqlarını bildirib:

“Eyni zamanda iştirakçı komandaların da heç bir narazılığı olmadı. Bizim əsas məqsədimiz də o idi ki, heç kəs narazı getməsin. İcra strukturları və dövlət qurumları hər cür köməkliyi etdilər. Həmən qurumlara da təşəkkürümüzü bildiririk”.

Pərviz Musayev gələcək illərdə “Tour d’Azerbaidjan”ın marşrutuna digər regionların da salınması məsələsinə toxunub. Onun sözlərinə görə, gələn il Xızı istiqamətinə turun təşkil olunması müzakirə olunub.  

“Bu məsələ 2 variantda reallaşa bilər. Bir variant ondan ibarətdir ki, “Tour d’Azerbaidjan” 6 mərhələdən ibarət olsun. İkinci variantda isə, “Tour d’Azerbaidjan” 5 mərhələdə keçirilə və yarışdan bir gün əvvəl ya sonra 1 günlük tur salına bilər.

 Təcrübədə də belə format var ki, tur eyni ölkə və eyni şəhərdə keçirilir, ancaq adı fərqlidir. Məsələn, Ukraynada Kiyev şəhərinin yaranma günü ilə bağlı “Horizon Park” adlı yarış keçirilir. Ümumi adı “Horizon Park” sayılsa da, ardıcıl 3 gün keçirilir və hər bir yarışın adı fərqlidir. Reytinq xalları da ayrıca hesablanır”.

 Mətbuat katibi Azərbaycanı təmsil edən “Synergy Baku Cycling Project” komandasının çıxışını da dəyərləndirib. O, komandanın kifayət qədər yaxşı çıxış etdiyini qeyd edir. Pərviz Musayev Federasiya rəhbərliyinin azərbaycanlı velosipedçilərin çıxışını uğurlu qiymətləndirdiyini vurğulayır:

  “Nəticələrimiz çox yaxşı oldu. İdmançımız Kiril Pozdnyakov həm 2-ci mərhələdə 39 saniyəlik fərqlə qalib gəldi, həm ümumi təsnifatda ən yaxşı göstəricini əldə etdi, həm də  ən yaxşı dağ velosipedçisi adına layiq görüldü. Ötən 2 ildə “Synergy Baku Cycling Project”  komanda hesabında çempion olmuşdur. Bu il isə, velosipedçimiz ümumi təsnifatda 1-ci yerə yüksəlib”.

  “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun ən yaxşı velosipedçisi seçilən Kiril Pozdnyakova görə, yarış əla keçib:

“Həm mənim, həm də komandamız üçün hər şey yaxşı yekunlaşdı. Komanda yoldaşlarım mənə köməklik göstərərək təhlükəli anlarda qoruyurdular. 2-ci mərhələdə biz dağdan enəndə güclü dolu yağdı və o an yolda heç nə görünmürdü.

  Son mərhələdə şəhərin mərkəzində sürdükcə insanların sənə azarkeşlik etdiyini görmək möhtəşəm hislərdir. Mənim qəlbimdə Azərbaycanın xüsusi yeri var. Çünki mən bu komandada çıxış edəndən bəri, mənim karyeram inkişaf etdi. Yarışın son günündə Azərbaycan bayrağı altında, Bakının mərkəzində lider köynəyi ilə finiş xəttini keçdiyim zaman güclü emosiyalar yaşadım”.

  Komandanın digər üzvü Elgün Əlizadə yarışların çətin və məsuliyyətli keçdiyini vurğulayır:

“Tura hazırlaşmaq üçün əvvəldən ciddi məşqlər edir və müxtəlif yarışlarda iştirak edirdik. Bu da daha yaxşı iştirak etməyimizə kömək oldu. 2 və 3-cü mərhələlərdə havanın yağışlı və soyuq olması bizə çətinliklər yaradırdı. Ancaq bunlar normal haldır və artıq belə vəziyyətlərə öyrəşmişik. Hər şey yüksək səviyyədə təşkil edilmişdi”.

  8 İldir velosiped idmanı ilə məşğul olan Elgün Əlizadə komandasının çıxışını yaxşı qiymətləndirir və bildirir ki, komanda artıq bir çox yarışda iştirak edib və uğurlarıçoxdur:

“2017-ci il bizim komanda üçün uğurlu başladı. Azərbaycan turuna qədər olan zaman ərzində Türkiyə, Kipr, Xorvatiya, İtaliya və Mərakeşdə yarışmalarda iştirak edib yaxşı nəticələr qazanmışıq.

Kiril Pozdnyakov 2-ci mərhələdə lider olduqdan sonra məsuliyyətimiz daha da artdı. Növbəti mərhələlərdə onu qorumaq və lider kimi saxlamaq bizim üzərimizə düşürdü. Bundan başqa bizi qarşıda Avropa və Dünya Çempionatları gözləyir. Ölkəmizi layiqli şəkildə təmsil etmək üçün məşqləri davam etdiririk”.

Yəni 2015 və 2016-cı illər “Synergy Baku Cycling Project“ komandası üçün əlamətdar olub. Klub 2015-ci ildə sonuncu mərhələdəki uğurlu çıxışı ilə komanda hesabında 1-ci yerə layiq görülüb.

 “Tour d’Azerbaidjan-2016” yarışı  da “Synergy Baku Cycling Project” komandasının uğurlu nəticələri ilə yadda qalıb. Belə ki, klub ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq çempionluq sevincini yaşayıb. Maksim Averin ən yaxşı azərbaycanlı velosipedçi adına layiq görülüb.

  Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017”nin digər iştirakçılarının nəticələrinə görə, Aralıq sprintlərində Amerikanın “İlluminate” komandasının nümayəndəsi Edvin Avila ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyi ilə mükafatlandırılıb. Fransanın “Delko Marseille Provance KTM” klubunun üzvü Con Anderson Rodriges ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATAHOLDİNG” köynəyinə layiq görülüb. Komanda hesabında isə, Ukraynanın “Kolss” komandası 1-ci yeri tutub.

Hazırladı: Nicat Məmmədov

Öncəki xəbərNövbəti xəbər