Müsahibə, Siyasət, ZZ-Manşet

“Türkiyə-ABŞ münasibətləri Fətullah Güləndən daha önəmlidir”

13119039_1272352439460677_6912380439701594878_n

Türkiyənin baş naziri Binəli Yıldırım Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti seçilən Donald Trampa təbrik mesajı göndərib və Fətullah Gülənin Türkiyəyə verilməsini istəyib.

Bu məsələ ilə bağlı GSR.fm-ə müsahibə verən siyasi şərhçi Azər Həsrət bildirib ki, seçkilərin nəticəsi onun üçün gözlənilməz oldu:

“Amerika Birləşmiş Ştatalarında bütün proqnozlar Klintonun qalib gələcəyinə yönəlmişdi. Hətta ən ciddi mərkəzlər də Klintonun qələbəsini proqnozlaşdırmışdı. Bu baxımdan düşünürəm ki, indi Fətullah Gülənin istənməsinə nə cavab veriləcəyi barədə danışmaq bir az çətin məsələdir. Çünki Amerika Birləşmiş Ştatlarının hər kəsə bəlli olan mənafe və maraqları var. O maraq və mənafe çərçivəsində hərəkət edirlər. Tramp da keçmişdə bir siyasət adamı olmadığına görə, ümumiyyətlə, onun siyasətdə nə  cür rol oynayacağı, hansı xətti tutacağı bəlli olmadığına görə, bu məsələ ilə bağlı indidən proqnoz vermək çox çətin məsələdir. Çünki Tramp hamıya bəlli olduğu kimi bir iş adamıdır və iş adamı olaraq seçkidə qalib gəlib. Təbiidir ki, onun siyasi keçmişi çox da zəngin olmadığına görə, bu adamın hansı addımlar atacağını proqnoz vermək hər halda ciddi cəsarət tələb edir. İndiki halda mən o cəsarəti hiss etmədiyim üçün Fətullah Gülənin verilib, verilməyəcəyi ilə bağlı Trampın münasibəti haqqında bir söz deyə bilmərəm. Ən azından heç olmasa biz gözləməliyik ki, Tramp perezident kimi 2017-ci ilin yanvar ayında and içsin. Ondan sonra hansı xətti tutacağını müşahidə etməliyik və bundan sonra proqnozlar verməyə cəsarət etmək olar”.

Fətullah Gülənin Türkiyəyə verilib və ya verilməməsinin  Türkiyə – Amerika münasibətlərinə təsirindən danışan Azər Həsrət qeyd edib ki, düşünmürəm ki, Türkiyə və Amerika münasibətləri bundan da çətin vəziyyətə gəlib çıxacaq:

“ABŞ və Türkiyə dünyanın ən güclü hərbi alyansında – NATO-da birləşiblər. Türkiyə hər zaman Amerika Birləşmiş Ştatlarına lazımlı bir dövlətdir. Eləcə də, Türkiyə güclü, qüdrətli dövlət olmaqla bərabər, Amerika Birləşmiş Ştatları ilə öz oyununu oynamağı bacaran bir dövlətdir. O baxımdan düşünürəm ki, Fətullah Gülən məsələsində müəyyən manipulyasiyalar olacaq. Amma, ümumilikdə, onun verilib verilməməsi ABŞ və Türkiyə arasındakı münasibətə köklü təsir edə bilməyəcək. Çünki mənə elə gəlir ki, Türkiyə və ABŞ arasındakı münasibətlər Güləndən daha önəmli münasibətlərdir. Burada hansısa keçici, müvəqqəti narazılıqlar, qarşıdurmalar, yaxud da anlaşılmazlıqlar ola bilər. Amma köklü qarşıdurmalardan söhbət gedə bilməz”.

Öncəki xəbərNövbəti xəbər