boş bölmə

“Üçüncü günün adamı” filminin təqdimatı keçirilib

İyunun 30-da Nizami Kino Mərkəzində quruluşçu rejissoru Babək Şirinsifət olan “Üçüncü günün adamı” filminin təqdimat mərasimi keçirilib. Film Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Qarabağa həsr olunan film 17 il məhkumluq həyatı keçirən qəhrəmanın vətənə qayıtdıqdan sonrakı həyatından bəhs edir. Doğma rayonunun işğal altında olduğunu öyrənən qəhrəman  öz ata-anasının məzarını ziyarət etmək qərarına gəlir. Təsadüf nəticəsində qarşılaşdığı həmyerlisi ilə təmas xəttini keçərək valideynlərinin qəbrlərini ziyarət edən qəhrəman  öz istəyinə nail olur.

Filmdə erməni obrazını canlandıran Kamran Ağabalayev filmlə bağlı təəssüratlarını “Kişi Maqazin”lə bölüşüb:

“Əminəm ki, Babək Şirinsifətlə işləməyimin gələcək yaradıcılığımda böyük faydası olacaq. Məlik Dadaşovdan sonra  heç kim erməni obrazını canlandırmamışdı. Bu mənə nəsib oldu. Bu rolu canlandırmaq biraz məsuliyyətli idi. Mənim üçün ən maraqlı səhnə sonda  məğlub olduğum səhnədir. Bu səhnəni çəkərkən  çox əziyyət çəkdik.

Babək Şirinsifətlə işləməkdən zövq aldığını deyən aktyor Rasim Cəfər filmin onun yaradıcılığında önəmli yeri olduğunu vurğulayır:

“Bu Babək bəylə ikinci işimizdir. Babək bəy fərqli  metodla işləyir və mən ondan çox şey öyrəndim. Filmdə hər səhnənin bir qəribə xatirəsi var. Çünki çəkiliş prosesində o qədər şeylər  baş verir ki… Zirzəmidəki, məktəbdəki səhnə, xüsusilə son səhnə mənim üçün çox maraqlı və yaddaqalan oldu”.

Erməni əsgəri rolunu canlandıran aktyor Nicat Həbibov isə filmin maraqlı olması ilə yanaşı, partlayış səhnələrinin çəkilişinin çətin olduğunu bildirir:

“ Yeni texnikayla çəkilən bu filmdə Babək bəyin bizə verdiyi istiqamət üzrə işlədik. Filmin çəkilişi təxminən bir ay çəkdi. Film çətinlikləri, maraqlı hadisələri ilə yadda qaldı. Ekstremal səhnələr çoxluq təşkil edir. Partlayış səhnələri texniki olaraq çox maraqlı idi və o anları yaşamaq məni çox təsirləndirdi. Bu film mənə çox şey öyrətdi”.

Filmi izləməyə gələn yazıçı Qan Turalının sözlərinə görə, onun üçün ən maraqlı səhnə erməni zabitinin əsir alındığı səhnə olub:

“Azərbaycan kinematoqrafiyası  son 20-30 ildə Qarabağ mövzusunda çoxlu filmlər istehsal edib. Bu xalqımızın müharibəyə, sülhə, humanizmə olan inamını ifadə edir. Belə filmlərə “Fəryad”, “ Sarı gəlin”, “Üçüncü günün adamı” və başqalarını misal çəkə bilərəm. Müharibənin bütün ağrı və dəhşətlərini çox sadə üsullarla gülləsiz, topsuz göstərən filmdir. Filmin əsas ideyası odur ki, insanlar öz evlərinə qayıtmaq, orada yaşamaq istəyirlər. Bu film Azərbaycanın azadlıq arzularını, sülhpərvər mövqeyini və münasibətini xalqımıza və dünyaya əyani şəkildə bəyan edir”.

Filmin texniki baxımdan  yüksək səviyyədə istehsal olunduğunu deyən Hüsniyyə Mürvətova aktyorların oyunlarını çox bəyəndiyini söyləyir:

“Hikmət Rəhimov, Kamran Ağabalayev, Mətanət Abbasova , Nicat Həbibov, Rasim Cəfər öz rollarını ustalıqla ifa ediblər. Mənim üçün ən maraqlı səhnə mağaranın partladılması səhnəsi oldu. Çox həyəcanlandım ki, onlar öldülər yoxsa sağdırlar. Həmçinin vətənimizin o gözəl mənzərəsi məni çox təsirləndirdi. Torpaqlarımızın düşmən tapdağı altında olması bir azərbaycanlı kimi məni çox incidir. Ümid edirəm ki, torpaqlarımız geri alınacaq və hər kəs şən, firavan yaşayacaq. Bir sözlə film içimi tərpətdi”.

Rejissorun və aktyorların işini yüksək qiymətləndirən Fətai Hüseynovun isə ən çox bəyəndiyi səhnə filmdə oğlunu itirmiş atanın doğma torpaqları tərk etməyərək uçuq və dağınıq bir evdə yaşadığını göstərən səhnədir:

“Rejissorun özünəməxsus dəst-xətti ilk kadrlardan hiss olunur və bu filmdəki axıcılığı daha dolğun şəkildə izləyiciyə çatdırır. Rejissor tamaşaçıya ürəkli şəkildə göstərib ki, biz Qarabağa qayıtmalıyıq. Film bu mesajı daşıyir ki, üstündən illər keçsə də, bir gün biz doğma torpaqlarımıza geri qayıdacağıq. Filmin sonunda məhz buna görə də, qəhrəman öz doğma rayonunda qalır”.

Qeyd edək ki, “Üçüncü günün adamı” filminin iyunun 23-də Nizami Kino Mərkəzində mətbuat üçün təqdimatı keçirilib.

 

Öncəki xəbərNövbəti xəbər