Sosial

“Uğurlu qadın, uğurlu gələcək” layihəsi başa çatdı

300-dən artıq qadın “Uğurlu qadın, uğurlu gələcək” layihəsində iştirak etdi

Coca-Cola Fondu, ASAN könüllüləri və Azərbaycan Turizm və Menecment Universitetinin bölgələrdə qadınların turizm sahəsində təşəbbüslərinə dəstək olmaq üçün həyata keçirdikləri “Uğurlu qadın, uğurlu gələcək” layihəsi başa çatıb.
Bölgələrdə yaşayan qadınları turizm təlimlərinə cəlb etmək, onları turizm biznesinə həvəsləndirmək, turizm sahəsində dövlət siyasətinə və turizm sahəsində biznes təşəbbüslərinə dəstək olmaq məqsədi ilə hazırlanan layihə 16 iyul – 11 avqust tarixləri arasında baş tutub.
Coca-Cola Fondunun dəstəklədiyi və ASAN Könüllüləri təşkilatının həyata keçirdiyi layihə Azərbaycanda turizm potensialı ilə tanınan Qəbələ, Gəncə və Masallı şəhərləri və ətraf bölgələri əhatə edib. Hər təlimdə 120-dən artıq qadın iştirak etmişdir. Təlimlər turizmin əsasları, turizm idarəçiliyi, müştəri xidməti, turizm və gigiyena kimi bir sıra önəmli mövzuları əhatə edib.
Layihənin təlimçiləri türkiyəli mütəxəssislər İşıl Keskin Şahan, Soner Şahan və Azərbaycan Turizm və Menecment Universitetinin müəllim heyəti olublar.
Coca-Cola şirkətinin Qafqaz ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya meneceri Elşad Fərzəliyev proqrama Azərbaycanda qadınların böyük maraq göstərdiyini və layihənin həm qadınların, həm də turizmin inkişafına dəstək olduğunu bildirib:
“Coca-Cola şirkəti fəaliyyət göstərdiyi 200-dən çox ölkədə sosial inkişafa dəstək olur. Coca-Colanın bu istiqamətdə əsas prioritetlərindən biri də qadınların inkişafıdır. Bu məqsədlə həyata keçirdiyimiz “Uğurlu qadın, uğurlu gələcək” layihəsində istəyimiz qadınları turizm sahəsində sahibkarlıq fəaliyyətinə həvəsləndirməkdir. Biz çox sevinirik ki, bu layihəni tərəfdaşlarımızla birgə uğurla başa vurduq”.
Ümumi təlimlərdə iştirak edən qadınların sayı 360-dan artıq olub. Təlimləri uğurla başa vuran qadınlar ATMU tərəfindən təsdiq olunmuş rəsmi sertifikat ilə təltif olunublar.
Layihənin icraçı partnyoru ASAN Könüllüləri Təşkilatının baş katibi Sahil Məmmədli təşkil olunan təlimlərin interaktiv formada keçdiyini və hər bir təlimdə iştirakçıların aktivlikləri ilə seçildiyini qeyd edib:
“Qadınların məşğulluq məsələlərinin həlli istiqamətində olan “Uğurlu qadın, uğurlu gələcək” layihəsinin həyata keçirilməsi ASAN Könüllüləri üçün önəmlidir. Qəbələ, Gəncə və Masallıda yerləşən ASAN xidmət mərkəzlərində təşkil edilən hər biri bir həftə boyunca davam edən bu ödənişsiz təlimlərdə qadınların böyük həvəslə iştirakını gördük. Layihə, əsasən, təlim məzmunludur və təlimlərdə yüzlərlə qadın iştirak etdi. Ümid edirik ki, təlimləri uğurla bitirən qadınlar, nəticədə, turizm sahəsində müəyyən işlər görməyə başlayacaq, bəziləri ola bilsin ki, bu sahədə iş əldə edəcək, bəziləri isə xidmətlər təklif etməyə başlayacaqlar.”.
Türkiyəli təlimçi İşıl Keskin Şahan isə layihənin qadınların iqtisadi asılılıq olmadan öz bacarıqları ilə biznesə başlamalarına yardımçı olduğunu bildirib:
“Azərbaycanda yaşayan və turizm biznesinə marağı olan qadınların layihəyə marağı və bacarıqları məni çox qürurlandırdı. Təlimlərdə iştirak edən hər bir qadına öz minnətdarlığımı bildirirəm. Onların məmnunluğunu həm təlim prosesində, həm də təlimlərdən sonra sosial şəbəkələrdəki paylaşımlarından müşahidə edə bildik. Qadınlar bu addımla öz həyatlarında dönüş yarada, iqtisadi azadlıq qazana biləcəklər. Təklif etdikləri biznes ideyalarının hər biri deyə bilərik ki, unikaldır və potensiallıdır. İştirakçıların hər biri fərdi inkişafa önəm verən, bunun üçün çalışan qadınlardır. Azərbaycanın nəinki paytaxtında, hətta bölgələrində də qadınların aktivliyi və yeniliklərə açıq olmaları təqdirəlayiqdir”.
“Uğurlu qadın, uğurlu gələcək” layihəsinin Qəbələ (https://youtu.be/WXmsUhxFe3M), Gəncə (https://youtu.be/3LXacoVHLDc), Masallı (https://youtu.be/OiTXAbgBp10) şəhərlərində keçirilən təlimləri ilə linklərə daxil olaraq tanış ola bilərsiniz.

#ugurluqadin #ugurlugelecek #cocacola #asankonulluleri #ATMU #5by20

Öncəki xəbərNövbəti xəbər