Sosial

“Uğurlu qadın, uğurlu gələcək” layihəsinə start verilib

Coca-Cola, ASAN könüllüləri və Azərbaycan Turizm və Menecment Universiteti bölgələrdə qadınların turizm sahəsində təşəbbüslərinə dəstək olmaq üçün “Uğurlu qadın, uğurlu gələcək” layihəsinə start veriblər.

GSR.fm xəbər verir ki, Coca-Cola Fondunun dəstəklədiyi “Uğurlu qadın, uğurlu gələcək” layihəsi Azərbaycanda turizm potensialı ilə tanınan Qəbələ, Gəncə və Masallı şəhərləri və ətraf bölgələri əhatə edəcək. Layihənin məqsədi həmin bölgələrdə yaşayan qadınları turizm təlimlərinə cəlb etmək, onları turizm biznesinə həvəsləndirmək, turizm sahəsində dövlət siyasətinə və turizm sahəsində biznes təşəbbüslərinə dəstək olmaqdır. Təlimlər turizmin əsasları, turizm idarəçiliyi, müştəri xidməti, turizm və gigiyena kimi bir sıra önəmli mövzuları əhatə edəcək. Təlimlər Türkiyənin tanınmış mütəxəssislərinin Azərbaycan Turizm və Menecment Universitinin professor-müəllim heyəti ilə birgə hazırladıqları proqram əsasında ödənişsiz olaraq tədris ediləcək. Layihə ASAN Könüllüləri tərəfindən icra olunacaq.

Coca-Cola şirkətinin Qafqaz ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya meneceri Elşad Fərzəliyev proqramın Azərbaycanda qadınların turizm sahəsində kiçik biznesə həvəsləndirəcəyinə və beləliklə, həm qadınların, həm də turizmin inkişafına töhfə verəcəyini qeyd edib:

“Coca-Cola qadınlara iqtisadi dəstəyi özünün sosial inkişaf siyasətinin əsas prioritetlərindən biri olaraq görür. Məhz buna görə Coca-Cola fəaliyyətdə olduğu ölkələrdə qadınların iqtisadi imkanlarının genişlənməsi üçün müxtəlif sosial layihələrə dəstək olur. Azərbaycanın gözəl təbiəti və zəngin turizm potensialını nəzərə alaraq ölkədə qadınları turizm işinə həvəsləndirmək və onların turizm təşəbbüslərinə dəstək olmaq ideyasının çox faydalı olacağına inanırıq. Bu məqsədlə ASAN Könüllüləri, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Türkiyə mütəxəssisləri ilə əməkdaşlığa başladıq. Ümid edirik ki, layihə nəticəsində qadınlar turizm sahəsində yeni bilik və bacarıqlara yiyələnəcək, Azərbaycanın gözəl bölgələrində turizm biznesinə başlaya biləcəklər”.

Təlimləri uğurla başa vuran qadınlar ATMU tərəfindən təsdiq olunmuş rəsmi sertifikat ilə təltif olunacaq. Dünya təcrübəsi göstərir ki, bu proqrama qoşulan iştirakçılar daha sonra istehsalat, tədarük, distributor, pərakəndə satış, təkrar emal və əl əməyinə əsaslanan sənət növləri ilə məşğul ola bilir.

“Uğurlu qadın, uğurlu gələcək” layihəsinin təlim proqramını hazırlamaq üçün türkiyəli mütəxəssislər cəlb olunub. Əvvəlcə həmin mütəxəsislər ATMU-nun əməkdaşlarına “Təlimçilər üçün Təlim” keçəcək və daha sonra həmin yerli mütəxəssislərlə birlikdə – Qəbələ, Gəncə və Masallı bölgələrinin və ətraf rayonlarının qadınları üçün turizmin əsasları və biznesin idarə olunması istiqamətində təlimlər tədris olunacaq.

Layihənin icraçı partnyoru ASAN Könüllüləri Təşkilatının baş katibi Sahil Məmmədli Azərbaycanın regionlarında qadınların biznes imkanlarını genişləndirmək məqsədini daşıyan bu layihədə ASAN könüllülərinin də iştirakından məmnunluq duyduğunu bildirib:

“Regionlarda turizm imkanlarının artırılması məqsədilə qadınlara turizm mədəniyyətinin aşılanması istiqamətində təlimlərin və praktiki seminarların keçirilməsi ilə onların məşğulluq məsələlərinin həlli istiqamətində iş aparılması ASAN Könüllülərin korporativ sosial məsuliyyət missiyasının əsas istiqamətlərindən biridir. Qəbələ, Gəncə və Masallıda yerləşən ASAN xidmət mərkəzlərində təşkil ediləcək ödənişsiz təlimlərdə iştiraka bölgənin bütün qadınlarını səsləyirik. Layihə nəticəsində qadınların biznes və turizm bacarıqları və imkanları artırılacaq və onlar öz bizneslərini yarada bilmə potensialına sahib olacaqlar”.

Layihənin digər tərəfdaşı Azərbaycan Turizm və Menecment Universitetinin Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov qeyd edib ki, artıq türkiyəli mütəxəssislər Bakıdadır və bizim mütəxəssislərlə proqramın tərtibinə başlayıblar:

“Biz iyul ayı boyunca Azərbaycanın 3 regionunda turizm biznesinə maraq göstərən qadınlar üçün təlimlər təşkil edəcəyik. Təlimlərdə iştirak edən hər bir qadının biznes imkanları dəyərləndiriləcək və hər bir qadına turizm sahəsində öz işini qurmaq üçün tövsiyələr və dəstək veriləcək. ATMU bu təcrübəni daha sonra tədris proqramında da istifadə etməyi düşünür və bu proqramın Azərbaycanda icrasının gələcəkdə də tətbiqini planlayır”.

Layihəyə ilkin qeydiyyat üçün keçid: https://goo.gl/ShV4c7

#ugurluqadin #ugurlugelecek #cocacola #asankonulluleri #ATMU #5by20

Öncəki xəbər