Təhsil, Z-Manset, ZZ-Manşet

Universitetlər necə mühafizə olunur?

2009-cu ilin 30 aprel tarixindəAzərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 5 il keçir.Bu hadisə yenidən gündəmə universitetlərin mühafizəsi məsələsini gətirir. Biz də bunu nəzərə alaraq universitetlərdə mühafizə xidmətinin hansı səviyyədə təşkil olduğunuaraşdırdıq.

İlk olaraq 18 min tələbənin təhsil aldığı Bakı Dövlət Universitetinə yollanırıq. Universitetin həyətinə rahatca daxil oluruq. Burada söhbətləşdiyimiz tələbələr deyirlər ki, təhsil aldıqları korpusun girişində onların tələbə biletlərimühafizə polisləri tərəfindənhər dəfə yoxlanılır.

Ciddi şəkildə yoxlama var. Təhlükəsizlik tam yüksək səviyyədədir bizdə.

-Hə yoxlayırlar. Vəsiqəyə baxırlar.

-Göstəririk, belə baxırlar. Ötəri keçirlər. Daha ada,şəkilə bir-bir diqqətlə yox.

Tələbələrin dediklərini dəqiqləşdirmək üçün 2 saylı korpusa daxil olmağa cəhd edirik. Xüsusi geyimli mühafizəçinin başının qarışıq olmasından istifadə edib ona görünmədən içəri keçə bilirik.

Azərbaycan Diplomatik Akademiyasının tələbəsi Rüfət İsmayılov isə universtetə giriş-çıxışın yalnız kart vasitəsi ilə mümkün olduğunu bildirir. Bu kartlar həmçinin tələbələrin universitetə son giriş və çıxış saatlarını da müəyyən edir.

Rüfət İsmayılov:

Biz kartı vurub özümüz keçirik, yəni mühafizə orda olur.Tutaq ki, sizdə kart yaddan çıxıb və onda adınız qeyd olunur ki, hər ehtimala qarşı.Kart itəndə və yaxud başqa halda.Sadəcə qapını bizim üçün mühafizə açır. Amma belə bizdə kart sistemidir, necə metroda vurub keçmirik. Eyni sistem bizim universtetdə tətbiq olunub. Kartı vurub daxil oluruq.

Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri universitetdə mühafizəçilər tərəfindən ciddişəkildə nəzarət aparıldığını və tələbə biletlərini təqdim etmədən universitetə buraxılmadıqlarını deyirlər.

– Yoxlayırlar. Tam şəkildə  yoxlanılır necə lazımdır.

– Təbii ki istəyirlər tələbə biletini. Belə göstərirəm, belə yaxınlaşıb baxırlar şəkilə, adıma, soyadıma hər halda. Birdə özlərinin siyasəti varda, hər halda nəsə sifətdən, geyimdən tanıyırlar.

– Hə yoxlayırlar.

Akademiyanın terror hadisəsi baş verən – 2-ci korpusuna daxil olmağa çalışırıq. Qapıdakı mülki geyimli mühafizəçibizdən tələbə bileti olub-olmadığını soruşur. Digər təhsil müəssəsinə məxsus tələbə biletini göstərdikdən sonra içəri keçməyimiz mümkün olur.

Təfəkkür Universitetinin mühafizə polisiisə bizdən tələbə bileti tələb etmədən hara getdiyimizi soruşur. “Cədvələ baxmaq istəyirəm” cavabından sonra içəri daxil olmağımıza icazə verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmaq cəhdimiz isə baş tutmur. Universitetin  xüsusi geyimli mühafizəçisi bizdən tələbə biletitələb edir. Tələbə biletinin başqa təhsil müəssəsinə aid olduğunu gördükdə isə içəriyə daxil olmağımıza icazə vermir.

Təhsil eksperti Nadir İsrafilovun fikrincə isə bu məsələ bir mənalı olaraq dövlət tərəfindən  tənzimlənməli və bunun üçün xüsusi ştatlar yaradılmalıdır.

Nadir İsrafilov:

Lakin söhbət ondan gedir ki bu məsələ öz həllini tapmayıb, çünki bu məsələ bir sıra maliyyə problemləri ilə əlaqədardır. Məsələn bizim deyək ki, bir sıra ali məktəblərdə və yaxud orta məktəblərdə bunlar müxtəlif vasitələrlə, müxtəlif formalarda həyata keçirilir.

Mən hesab edirəm ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Ya mühafizə olmalıdır, yəni dövlət tərəfindən buna xüsusi ştatlar ayrılmaldır və bunun forması, hansı formada olsun. Bu məsələni belə kiminsə öhtəsinə buraxmaq. Kimsə deyək ki hansı formada bunu həyata keçirəcək necə həyata keçirəcək, bu şəkildə bu məsələnin quruluşu düzgün deyil.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müaviniMusa Quliyevisə bu məsələdə heç bir problem olmadığını və hər bir təhsil müəssəsinin mühafizə problemini özü nizamladığını bildirir.

Musa Quliyev:

Təhsil müəssələrini nə təhlükə gözləyir? Təhsil müəssələrinin hamısı təmir olunubdur, hamısı müasir avadanlıqlarla təchiz olunubdur. Kifayət qədər qoruma sistemidə var. Artıq yavaş-yavaş elekton müşahidə sistemləridə qurulur. Bu bir çox təhsil müəssələrində, xüsusən Bakıda və iri şəhərlərdə  müşahidə qurğuları qurulubdur və bir çox məktəblərində qarşısında təhlükəsizliyin qorunma tədbirləri həyata keçirilir. Bəziləri xüsüsi  mühafizə xidmətləri ilə müqavilə əsasında.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda  təhsil müəssələrində ictimai- siyasi sabitlik hökm sürdüyündən Milli Məclisdə Ali təhsil müəssələrinin mühafizəsinin gücləndirilməsi ilə bağlı hər hansı qanunun qəbul olunmasına ehtiyac yoxdur.

Musa Quliyev:

Ola bilsinki, indi bir dəfə terror hadisəsi oldu, bu hər yerdə olur, bundan ötrü hər yerdə əli silahlı adamlar qoymayacaqlar ki? Buna görədə mən hesab edirəm ki, hər bir təhsil müəssəsi öz daxili nizamnaməsinə uyğun olaraq mühafizə xidmətini özü qura bilər və bəzilərində ola bilər ki sərbəst olsun, bəzilərində ola bilsin içəriyə keçmək xüsusi qaydalarla olsun. Terror elə bir hadisədir ki, terroru hər gün gözləmək olmaz. Terrordan qorunmaq üçün dövlətin xüsusi xidmət orqanları var, güc strukturlarıvar və onlar hər gün demək olar ki terror əleyhinə  tədbirlər görürlər və aparırlar.

Qeyd edək ki, ADNA-da baş verən terror hadisəsi nəticəsində 12 nəfər həyatını itirib 25 nəfər isə yaralanıb.

Öncəki xəbərNövbəti xəbər