Cəmiyyət

Uşaq Bərpa Mərkəzində nə baş verir?!

Xəyalın 8 yaşı var. Mingəçevir şəhərində doğulub.. Evin tək övladı olan Xəyal anadangəlmə fiziki qüsurludur. Yeriyə bilmir. 8 aylıq olandan müxtəlif xəstəxanalarda müalicə alır.  Xəyal ilə Bakının Nərimanov rayonunda yerləşən Uşaq Bərpa Müalicə Mərkəzində rastlaşırıq.  Anası xəstə, atası işsiz olan Xəyal bura 68 yaşlı nənəsi Rahilə xala ilə gəlib.

Rahilə xala bizə Bərpa Mərkəzinə necə gəldiklərini danışır, deyir ki, Xəyalı müalicə elətdirməyə imkanları olmadığı üçün çarəni Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məktub yazmaqda görüb.

Rahilə xala:

–         Ordan da cavab gəldi ki, sizə köməkdarlıq  olunacaq. İndi də bizi köməkdarlıq adına göndəriblər bu Bərpa Mərkəzinə. Bura da qabaqlar yaxşı idi. İndi yaxşılığı yoxdur. Heç adama da baxmırlar. Uşağa da baxmırlar. Hərə öz cibi üçün çalışır burda.

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında” qanunun 5-ci maddəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzində  xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən xidmətlərin pulsuz olması nəzərdə tutulsa da, Rahilə xala bunun tam əksini söyləyir. O deyir ki, xəstəxanada qan analizi üçün 5 manat,  parafinlə müalicəyə görə 5 manat, mirvari vannasına görə  3 – 5 manat arası, masaja isə 10 manat istəyirlər.

Rahilə xala:

–         Orda 10 manat verirəm daha 10 manata yaxın duran yoxdur. 30 manatdan dəm qılırlar ki, 10 manat azdır. 10 manata heç adama salam vermirlər. Gərək çox verəsən. 10 gündür burdayam bir adam maraqlanmır ki, görüm bunun masajı gedir-getmir?

Xəyal 4 ildir ki, hər 3 aydan bir gəlib burda 10 günlük müalicə alır. Xəstəxanada növbə çox olduğu üçün müalicə müddəti 10 gündən çox  olmur.  Yenidən xəstəxanada müalicə almaq üçün isə gərək 2 ay qabaqcadan gəlib növbəyə yazılasan.

Rahilə xala və nəvəsi Xəyal

Rahilə xala:

–         Baş həkim deyib ki, 10 gündən artıq olmaz vaxtı tamam olan kimi çıxardın çıxsınlar getsinlər.

Mərkəzdə stasionar  xəstələrə gündə 3 dəfə yemək verilsə də, Xəyal kimi  ambulator xəstə olaraq qeydiyyatdan keçən uşaqlara  yemək verilmir. Xəstəxananın yeməkxanasında şəraitin  olmadığını  deyən Rahilə xala  özü ilə gətirdiyi plitkada yemək bişirməyə məcbur olur. Otaqda olan digər xəstələrdə də vəziyyət eynidir.

Rahilə xala:

–         Hökümət yemək verir. Uşağa bir plitkada yoxdur yemək eləməyə. Heç olmasa uşağın adın sal ora deyir yox ola bilməz.  Bu uşaq da deyir ki, boyy  ay həkim bizə yemək vermirsən?

Bərpa Mərkəzininin direktoru Şahin Tağıyev isə   deyir ki, xəstəxanada yer az olduğu üçün növbə çox olur. Biz də bu səbəbdən bəzi xəstələri kömək məqsədilə ambulator olaraq  qeydiyyata salırıq deyən direktor belə halların az-az olduğunu bildirir.

Şahin Tağıyev:

–         Bəzən gəlirlər xəstələr biz onlara onların arzusuna görə hər hansı bir yer veririk, amma sənədini ambulator aformut edirik ki, gedib daha kirayəyə ev tutub qalmasın, pul verməsin! Biz ona bir yer veririk amma ona amma biz onu menyuya sala bilmirik.   

Nəmişlikdən divarlarında çürümə gedən bu ağır qoxulu otaqda Xəyal və nənəsi ilə yanaşı başqa xəstə uşaqlar da qalır. Rahilə xalanın sözlərinə görə onlar üçün yataq ayrılsa da, döşək verilməyib. Quruca  matrasın üstündə balaca Xəyal­la nənəsi bir yerdə  yatır.

Xəstəxanada müalicə alan uşaqların yataq otağı

 

Divarları qapqara olmuş bu otağın pəncərələrinə pərdə asmağa da icazə vermirlər. Rahilə xala deyir ki, otaqdakı cavan gəlinlərdən biri günün qabağını almaq üçün pərdə salsa da, biz xəstəxanada olarkən otağa gələn tibb bacısı buna etiraz edir, onlardan pərdəni çıxarmalarını istəyir..

 Tibb bacısı Nəzakət:

– Sizə gün düşür gözəl, məndə də bilirsən çürümə gedir. Onların hamısı mənim üstümdədi. Yoxee çürüyür də, gün vurduqca bozarır.  

Mərkəzdə suların tez-tez kəsilməsindən şikayət edən Rahilə xala 10 gündür ki, nəvəsi Xəyalı çimizdirə bilmədiyini deyir.

Rahilə xala:

–         Bədənin aparıb mirvarı vannasında yuyuruq. İndi orada deyirəm ki, o suyu- şlankı verin uşağın başını yuyum. Deyir ki, yox olmaz bu su ilə . Palatada da şəraitimiz yoxdur. Hamam yox,  isti su yox. Mən neyləyim? Uşağın bax-bax başını iyləsən görərsən ki, uşağın başından peyin iyi gəlir.

Xəyala hər ay dövlət 61 manat təqaüd verir o pul da burdakı həkimlərə gedir deyən Rahilə xala nazirliyin qaynar xətt nömrəsini bildiyini desə də, ora şikayət etməyin mənasız olduğunu bildirir.  

Direktor isə deyir ki, bizim Mərkəzdəki bütün xidmətlər pulsuzdur və burda heç bir həkim xəstə uşaqlardan pul tələb edə bilməz. Çünki bu işə şəxsən özünün nəzarət etdiyini vurğulayır.

Şahin Tağıyev:

–         Onu kim deyirsə, hansı valideyn mən onunla istənilən vaxt görüşə bilərəm. Görüm kimə bir qəpik də pul veribsə qoy o mənə desin. Həmin  gün o işçini mən burda saxlamaram. Bütün respublika bilir ki, burda xəstələrə necə qulluq olunur və necə təmənnasız qulluq olunur. Çünki budakı xəstələr özü əlil uşaqlardır. Əlil usaqlardan pul yığmağın özü başdan əlillikdir.  

Öncəki xəbərNövbəti xəbər

5 şərh

  1. Geri izləmə: doctor7online.com
  2. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.