Cəmiyyət

Uşaq futbolu hansı vəziyyətdədir?

İki yaş 10 aylıq olan Ülvi böyüyəndə məhşur futbolçu olmaq istəyir. O, indidən arzularını reallaşdırmaq üçün çalışır.

Balaca Ülvi

– Sən niyə futbolçu olmaq istəyirsən?

-Mən? Qol vuracam.

-Qol vuracaqsan? Hara?

-Qapıya.

-Kimin qapısına qol vuracaqsan?

-Müəllimin.

-Sən futbolu xoşlayırsan?

-Hə.

-Niyə xoşlayırsan futbolu?

-Xoşlayıram.

Atası  Ələddin bəy də oğlunu gələcəkdə dünyaca məhşur futbolçu kimi görməyi arzulayır. Elə bu səbəbdən də onu kiçik yaşından  uşaq futbol klubuna yazdırıb.

Ələddin Məhəmmədoğlu:

Mən onu ilk dəfə 2 yaş 5 aylığından gətirdim bura. Təsadüfən alındı.  İlk dəfə mən ona top alanda bu başladı iqruşqalarından (oyuncaq-m.) daha çox topa meyllidir, fikir verdim ki, topa çox meyillidir. Yəni əslində yəni mən özüm də futbolçu olmuşam vaxtıikən. Özüm solaxayam. Yəni buna neçə dəfə topu verdim ki, topla vursun. Gördüm, ancaq sol ayaqla vurur. Belə fikirləşdim ki, yəni belə genetik deyək keçmə kimi özüm fikirləşdim.

Oğlu Cəsuru 3 yaşından futbol klubuna yazdıran Günel xanım uşaq futbolun inkişafının vacib olduğunu, bunun gələcəkdə yaxşı futbolçular yetişməsinə xidmət edəcəyini düşünür.

Günel İsgəndərova:

Marağı var hə, evdə oynayırdı , biz də fikirləşdik, yəni qaçışı cəlddir, hələlik  qoyaq yoxlayaq da alınar, necə olar. Yaxşı uşaqlar var, mən gətirirəm uşaqları görürəm. Prosta (sadəcə-m. )üstlərinə düşüb yaxşı çəksələr qabağa yaxşı uşaqlar var . Kiçik yaşlarından belə klublar yaradılsa, uşaqlar belə klublara getsə, yaxşı oyunçular elə uşaqlığından bilinəcək.

“Todo” Uşaq Futbol Klubunun rəhbəri və baş məşqçisi Emil İbrahimov Azərbaycanda uşaq futbolunun zəif inkişaf etdiyi fikrindədir. O, bunun səbəbini uşaqların futbolla kiçik yaşlarından məşğul olmağa başlamamasında və bu sahədə peşəkar məşqçilərin az olmasında görür.

“Todo” Uşaq Futbol Klubunda məşq zamanı

Emil İbrahimov:

Gedin istənilən bir ölkə ilə maraqlanın orada uşaq futbolu deyəndə 4 yaşından, 3 yaşından, uşağın potensialından çox şey asılıdır, təbiiki. Avropada bu var, yəni bunun üstünə düşürlər. Amma bizdə 10 yaşında, 11 yaşında, elə olur 13 yaşında mənə o qədər müraciətlər edirlər, amma mən heç birini götürmürəm məsələn. Pis də olsa, nə bilim kimsə pis qəbul edib qınasa da, bunu mən artıq etiraf eləməliyəm ki, uşaq futbolunda həddən artıq belə deyək, savadsız məşqçilər var. Ona görə də uşaq futbolumuz dəhşət dərəcədə aşağıdır.

Emil bəyin fikrincə, məhəllə futbolunun inkişafına şərait yaradılmaması da Azərbaycanda uşaq futbolunun inkişafına mane olan səbəblərdəndir.

Emil İbrahimov:

Maraq var, sadəcə şərait yoxdur. Bizim məhəllə futbolu super idi, yəni. Konkret (dəqiq-m.) də həvəs, həyəcan, maraq, istək var idi. Amma indi baxırsan heç bir məhlədə yoxdur. Bu da bilirsiz nə ilə əlaqədardır, əvvəllər bu yeni tikililər, nə bilim yeni-yeni obyektlər tikilməyi,  belə şeylər hələ yox idi. Hara gedirsən heç bir məhəllənin qabağında maşın əlindən yer yoxdur. Buna görə də məhəllə futbolu demək olar ki, sıfırdadır. Heç bir məhlədə belə deyək də, 20 metrin 10 metrə stadion deyiləcək bir asvalt örtüyü belə yoxdur.

Azərbaycan Futbol Federasiyası Assosiasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyev isə AFFA tərəfindən uşaq futbolunun inkişafı ilə bağlı son 5 ildə çox böyük layihələr həyata keçirildiyini, UEFA-nın hər il premyer liqada çıxış edən uşaq futbol klublarına vəsait ayırdığını və bu vəsaitin də AFFA-nın xətti ilə klublara verildiyini deyir.

Mikayıl Quliyev, həmçinin əlavə edir ki, Azərbaycanda bütün uşaq futbol klubları ödənişlidir.

Mikayıl Quliyev:

Ümumiyyətlə, dövlət futbol qurumu məfhumu yoxdur. Heç bir klub dövlət tərəfindən maliyyələşmir. Bütün klublar özlərinin sponsoru tərəfindən maliyyələşir. O cümlədən uşaq futbol klublarında da sponsorlar tərəfindən maliyyələşirlər və yaxud onlar pulludur. Uşaq məktəbləri, futbol məktəbləri təbii ki, onlar ödənişli hesab olunmalıdır. Futbol məktəbləri var, bunlar təbii ki, ödənişli olmalıdır. Deməli, ödənişli əsaslarla uşaqları hazırlaşdırırlar.

UEFA tərəfindən Azərbaycan futboluna ayrılan pulların uşaq futbol klublarına deyil, başqa istiqamətdə axdığını deyən idman jurnalisti Elvin Cəbiyevin fikrincə, AFFA həmin pulları ünvanına çatdırmır.

Elvin Cəbiyev:

UEFA pul ayırır klublara. Azərbaycan premyer liqasında da müxtəlif klublara həmin pullar ayrıldı, amma AFFA həmin pulu klublara çatdırmadı. AFFA-da toplantı keçirildi və həmin klubların dırnaqarası razılığı ilə o pullar alındı klublardan və xərcləndi stadionlara. Azərbaycanda yəni bu böyük bir səs-küy yaratdı. Biz buna etiraz elədik və s. və i. Amma yenə də onlar öz bildiklərini elədilər. Problem də ondadır ki, bizdə futbola ayrılan pullar uşaq futboluna yox, fərqli istiqamətlərə gedir, məsələn, deyək, stadion tikirlər və s. və i. 

Uşaq futbol klublarının az olduğunu deyən Elvin bəyin sözlərinə görə, təkcə “Todo” və “Can Bala” klubları az-çox öz fəaliyyətlərinə görə digər uşaq futbol klublarından seçilə bilirlər.

 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.