Reportaj, Z-Manset

“Uşaq kanallarının açılması vacib olsa da, gündəmdə deyil” - Reportaj

usaq_kanallarinin_acilmasi_vacib_olsa_da_gundemde_deyilHazırda Azərbaycan televiziyası sahəsində bir çox kanallar fəaliyyət göstərir, lakin bu kanallar arasında ixtisaslaşan kanallar çox azdır. Azərbaycan televiziyası sahəsində iki ixtisaslaşmış kanal var: “İdman Azərbaycan” və “Mədəniyyət TV”.Əhalinin musiqi, kino və digər maraq dairələrini əhatə edən ixtisaslaşmış kanalların olmaması ilə yanaşı televiziyada uşaqlar üçün ixtisaslaşmış kanallar da yoxdur. Türkiyədə belə kanal sahibləri  əsasən güclü media qurumları olur. Məsələn, ”Minika Çocuk” və “Minika Go” uşaq kanalları “Turkuaz” media qrupuna , “Cartoon Network” , “Smart Çocuk”  kanalları  “Doğan Holdinq”ə, “Jojo” , “Nick TV” isə “Çukurova Holdinq”ə məxsusdur.

Azərbaycanda belə kanalların olmaması ən çox valideynləri narahat edir. Şəhər sakini Məhəmməd Mirzəyevin dediyinə görə nəvələri televizora baxanda adətən türk uşaq kanallarına baxırlar. Məhəmməd müəllimə görə 30-40 il bundan əvvəlki uşaq verilişləri ilə müqayisədə hazırda maraqlı və valideynləri qane edən uşaq verilişləri yoxdur. Onun fikrincə, nəvələrinin milli uşaq verilişlərinə baxması onların tərbiyələnməsi baxımından çox əhəmiyyətlidir. Məhəmməd müəllimin dediyinə görə televizor nəinki uşaqların, hətta böyüklərin də tərbiyələnməsində mühüm rol oynayır, lakin Azərbaycan kanalları buna cavab vermir.

Bir başqa valideyn İslam Qasımov isə uşağının adətən TRT Çocuk kanalına baxdığını söyləyir. Azərbaycan kanalları arasında isə yalnız ANS telekanalında yayımlanan uşaq verilişi tərbiyələndirici olduğuna görə yox, məzəli olduğuna görə uşaq arabir bu verilişi izləyir. İslam Qasımov: “Elementar baxsaq, böyüklər üçün olan filmlər, dublyajlar da bizi o qədər qane etmir, ona görə də rus kanallarına daha çox meyilliyik. Cizgi filmləri isə sıfır dərəcəsindədir, demək olar ki, yoxdur” deyir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyir ki, dövlət proqramında uşaqlar üçün ixtisaslaşmış kanalların açılması vəzifəsi MTRŞ-in üzərinə qoyulub.

Toğrul Məmmədov ixtisaslaşmış kanalın açılmasının asan bir iş olmadığını, o kanalın reklam bazarının olmağının, özünü saxlaya bilməyinin vacib olduğunu vurğulayır.  MTRŞ bu mövzuda müvafiq iclaslar keçirib və qərara alıb ki, ixtisaslaşmış uşaq kanalları açılmazdan əvvəl mövcud kanallarda olan uşaq verilişlərinin keyfiyyəti yüksəldilməlidir. Bunun üçün də şura mövcud uşaq verilişlərinin səviyyəsinin yüksəldilməsi üçün tövsiyələr hazırlayıb və təqdim edib. Son olaraq Toğrul Məmmədov uşaqlar üçün ixtisaslaşmış kanalların açılması üçün hələ ki, rəsmi bir müraciətin olmadığını bildirir.

Azərbaycan Respublikası Uşaq Hüquqları Müdafiəsi Liqası sədri Yusif Bəkirov isə bu mövzuda müraciətlərin olub-olmamasından asılı olmayaraq uşaqlar üçün ixtisaslaşmış kanalların açılmasının vacib olduğunu söyləyir. Onu da qeyd edir ki,  uşaq kanallarının açılması uşaqların maariflənməsinə və insan resurslarının inkişafına gətirib çıxarır. Yusif Bəkirovun sözlərinə görə Azərbaycan televiziyası sahəsində uşaqlar üçün ixtisaslaşmış kanalların olmamasının bir çox səbəbləri ola bilər, bunlardan ən əsası bu mövzuda dövlət proqramının olmaması və gərəkli maliyyə dəstəyinin yoxluğudur.

Problemlə bağlı televiziya mütəxəssisi, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli isə məsələyə fərqli bir aspektdən yanaşır. Qulu Məhərrəmli Azərbaycanda belə kanalların yaranması üçün əvvəlcə uyğun intellektual bazanın olmağının vacibliyini bildirir. Bu sahədə müəyyən dərəcədə təcrübənin olduğunu,  lakin bunun sistemsiz qurulmasını vurğulayan Qulu müəllim, əvvəllər Azərbaycan televiziyasında, Space-də, İctimai TV-də və bir çox kanallarda keyfiyyətli uşaq verilişlərinin epizodik olsa da, ekrana çıxıdığını, amma son 4-5 ildə  bu göstəricinin minimuma endiyini söyləyir. Qulu Məhərrəmlinin fikrincə “Bundan başqa konkret siyasət və aydın konsepsiyası olmalıdır ki, biz niyə uşaq kanalları yaratmalıyıq? Tutaq ki, Rusiyada, Amerikada, eləcə də Türkiyənin özündə bir çox uşaq kanalları var və bu kanalların müəyyən konsepsiyası mövcuddur. Bu səbəbdən Azərbaycanda da bu tipli kanallar açılmazdan əvvəl onun müəyyən konsepsiyası olmalıdır ki, biz uşaqlara nəyi öyrətmək istəyirik, hansı formada öyrətmək istəyirik?”

Son olaraq Qulu Məhərrəmli Azərbaycanda uşaq kanallarının açılmasının vacib olduğunu, lakin gündəmdə olmadığını vurğulayır.

Hazırladı:  Nurlan Səlim

                   Bakı Dövlət Universitetinin I kurs tələbəsi

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.