Cəmiyyət

Uşaq qaynar xətti Azərbaycanda

Uşaqların hüquqlarını təmin etmək üçün 1989-cu il 20 noyabr tarixində BMT tərəfindən Uşaq Hüquqları Konvensiyası təsis edilib. Azərbaycan da bu konvensiyanı qəbul edən 189 ölkədən biridir.

2010-cu ildə konvensiyanın müddəaları əsas tutularaq Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azercell və UNİCEF-in birgə əməkdaşlığı ilə Azərbaycanda uşaq “Qaynar xətt” xidməti yaradılıb. Adı çəkilən qaynar xəttin əsas məqsədi ailədə və cəmiyyətdə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan uşaqlara psixoloji və mənəvi yardım göstərmək, problemlərinin həlli yollarının tapılmasında onlara yardım etməkdir.

Qaynar Xəttin direktoru Gülnar Ağayeva bildirir ki, fəaliyyətə başladığı dövrdən bu vaxta qədər onlara 5694 zəng daxil olub və bu zənglər əsasən ailədaxili problemlər, valideyn-övlad münasibətləri ilə bağlı olur.

Gülnar xanımın fikrincə bu problemləri həll etmək üçün ikitərəfli danışıqlara üstünlük vermək daha səmərəlidir.

Gülnar Ağayeva:

– Problem ailə ilə bağlıdırsa, birtərəfli danışığımız o qədər də effektiv olmayacaq. Çünki biz burada uşaqla danışıb müəyyən nələrisə yoluna qoyacağıqsa, bir saatdan sonra valideyn tərəfindən zorakılığa uşaq məruz qalırsa, istər-istəməz nəticə effektiv olmayacaq. Əgər belə bir məsələ varsa, hər hansısa valideynə biz desək, gəlib problemə çevrilə bilər, nəsə ola bilər, biz onu uşaqla o formada danışırıq ki, psixoloq və hüquqşünasla onu razı salmağa çalışırıq ki, valideynlə danışmağa icazə versin.

Maraqlıdır, bəs görəsən valideynlər övladlarının onlardan xəbərsiz bu qaynar xətlərə müraciət etdiyini öyrənsələr, hansı reaksiyanı verərlər?

 -Mənə elə gəlir ki, birinci növbədə övladım gəlib mənlə bölüşməlidir. Əgər mən həll eləyə bilmirəmsə, uşağın yəni valideyləri həll edə bilmirsə, yəqin ki, onda sosial idarələr qarışmalıdır o işə, çünki uşaqlar dövlətin gələcəyidir, bizim gələcəyimizdir. Bizdə-Azərbaycanda çox belə uşaqlar var ki, yəni əzilərək böyüyür də. Bu da heç də yaxşı gələcək olmur, yəni yaxşı insan böyümür bu uşaqlardan.

– Düzgün tərbiyə olmasa, elə danışa bilər də yəni. Orda- xaricdə ancaq uşağı atası, anası vuranda zəng eləyir uşaq polisə ki, ata-ana məni vurdu, amma uşağı tərbiyə eləmək üçün vuranda o demək deyil ki, uşaq götürsün harasa zəng eləsin ki, belədir.

-Mən sevinərdim. Bilərdim ki, uşağım doğru yoldadır, doğru yerdən yaxşı məsləhətlər alır. Başqa biri ilə müzakirə etməyindənsə, elə yerlərdən məsləhət alması yaxşıdır.

İbtidai sinif müəlliməsi Elza xanım isə bildirir ki, çalışdığı məktəbdə uşaqlara bu cür xidmətin yaradılması haqqında hansısa məlumat verilməyib. Buna görə də Elza xanım şagirdlərindən kiminsə bu xidmətə müraciət etmə ehtimalına inanmır.

Elza müəllimə:

-Qaynar xətt olduğu bilinir, amma təhsil üzrə, amma uşaqların psixoloji durumu ilə bağlı onu dəqiq deyə bilmərəm. Yox qaynar xətt üzrə axı bizə məlumat verilməyib. Eşitmişik, televizorda məsəl üçün bəzi verlişlərə baxırıq ki, hə, orda var. Amma sırf gəlib məktəbdə tədris olunsun, ya nəsə uşaqlarla söhbət aparılsın, o barədə yoxdur hələki bir şey.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Uşaq Müdafiəsi şöbəsinin müdiri Münir Məmmədzadənin əsas şikayətləndiyi məsələ isə ölkədə uşaq hüquqlarının pozulması ilə bağlı dəqiq statistik məlumatların olmamasıdır. Müsahibimiz bildirir ki, bu barədə statistik nəticələr yalnız cinayət hadisəsi baş verdikdən və ya polisə müraciət etdikdən sonra yaranır. Bunun səbəbini isə o, uşaqlarla məşğul olan müvafiq qrumların bir-biri ilə əməkdaşlıq əlaqələrinin zəif olmasında görür.

Eyni zamanda o, uşaqlara hüquqlarının öyrədilməsi baxımından belə qaynar xəttlərin yaradılmasını yüksək qiymətləndirdiyini deyir. Qaynar xəttin üzərinə düşən əsas məsuliyyətin müraciət edənin düzgün istiqamətdə yönləndirilməsi olduğunu bildirən müsahibimiz ölkədə ixtisaslı psixoloqların sayının az olmasını bu məsələyə təsir edən neqativ hal kimi qiymətləndirir.

Münir Məmmədzadə

– Qaynar xəttin yaradılması şərt deyil. Əsas burada telefon zənglərinin yönləndirilməsidir. Bizi narahat edən mövzulardan da biri sosial işçilərin, ixtisaslı psixoloqların olmaması və yaxud da çox az olmasıyla bağlıdır. Biz bu qaynar xidmətdə hər hansısa bir halı aydınlaşdıranda onun tam həll olunub-olunmaması barədə tam əminliklə bağlı bir söz deyə bilmərik və bizi əsas narahat edən məqam budur.

Uşaq Psixoloqu Narınc Rüstəmovanı düşündürən əsas isə sual qaynar xətdə çalışan əməkdaşların peşəkarlığı məsələsidir. Müsahibimizin fikrincə, əsasən yetkinlik dövründə olan uşaqlar belə qaynar xəttlərə müraciət edirlər. Bu zaman isə onlara deyilən adi bir söz, məsləhət belə uşaqları intihara sürükləyə bilər. Bu xidmətdə əsasən heç bir iş təcrübəsi olmayan tələbələrin çalışdığını iddia edən Narınc xanım bunu peşəkarlığa zidd hal kimi qiymətləndirir.

Narınc Rüstəmova:

– Çox görürük ki, burada tələbələri ora götürürlər və yaxud qeyri-ixtisas olan gəncləri götürürlər. Yəni bir növ orada dəlləklik edirlər. Bu ciddi bir işdir, ciddi şəkildə mütəxəssislərin hazırlığına önəm verilməlidir. Açığı biz bunu praktik şəkildə görmürük. Sadəcə əsas olaraq tələbədir, birinci kursdur, sadəcə könüllü olaraq maaş verilmir. Mütəxəssis maaşsız gedib telefonda-qaynar xətdə işləməz. Hələ öz inkişafın başa vurmamış bir tələbə digər bir uşağa necə bir məsləhət göstərə bilər?

Bugünkü günümüzdə hər kəsin maddi durumunun psixoloqa müraciət edəcək qədər yüksək olmadığını bildirən müsahibimiz buna görə də belə bir qaynar xəttin yaradılmasını kifayət qədər uğurlu iş hesab edir. Eyni zamanda o, inanır ki, bu işə nəzarət edənlərin məsələyə həssas yanaşacağı halda daha effektiv nəticə eldə edilə bilər.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: buy naltrexone

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.