Reportaj, ZZ-Manşet

“Uşaqlar indi kitabxanaya həvəslə gəlirlər” - Reportaj

100_0333

Kitabxanalar uşaqların dünyagörüşünün formalaşmasında, nitq bacarıqlarının və ünsiyyət qabiliyyətinin inkişafında əhəmiyyətli rolu olan qurumlardır.

Son illərdə tətbiq edilən Mərkəzləşdirilmiş Kitabxana Sistemi nəticəsində mövcud olan uşaq kitabxanaları da bu sistemə birləşdirilib. Ümumilikdə, uşaq kitabxanalarına olan marağı öyrənmək üçün şəhər sakinlərinə müraciət etdik:

Fidan Allahverdiyeva: “Kitabxanalardan istifadə etməmişəm, amma istifadə etmək istəyərəm. Vaxtım olmadığına görə, kitabxanalara gedə bilmirəm. Amma məktəblərdə təşkil olunsa, məncə daha yaxşı olar”.

Ətrabə Allahverdiyeva: “Uşaqların mütaliə ilə məşğul olmasında  valideynlərin marağı olmalıdır. Əgər valideyn mütaliə edirsə, sözsüz ki, uşaqda da maraq yaranacaq. Uşaqların evdə şəxsi kitabxanası olsa, daha yaxşı olar”.

Nəriman Məmmədov: “Uşaqlara şərait yaratmalıyıq ki, onlar maariflənsinlər, savadlı olsunlar. Kitabxanalar bərpa olunmalıdır. Mən heç uşaqlar üçün kitabxana eşitməmişəm”.

Güləndam Babayev: “İndiki zamanda uşaqlarımız kitabla az məşğul olurlar. Müəllim və valideynlər tövsiyə etsə də, buna əməl etmirlər. Onların marağı ən çox telefona və kompüterədir”.

 Sorğu

Uşaq ədəbiyyatı yazarı, “Təhsil” nəşriyyatının uşaq ədəbiyyatı şöbəsinin müdiri Sevinc Nuruqızı uşaq kitabxanalarının fəaliyyəti haqqında danışarkən deyir ki, kitabxanalara olan maraq bir qədər də onların öz fəaliyyətindən asılıdır:

“İndi uşaqların çox əyləncəsi var. Bu baxımdan respublikadakı kitabxanaları yaxşı və pis işləyən kitabxanalara ayırmaq olar.  Elə kitabxanalar var ki, uşaqlar onların daimi ziyarətçiləridir. Elə kitabxanalar da var ki, qapıları çox az-az açılır. Həm də bu kitabxanaların kitab fondunun davamlı  olaraq yenilənməsindən asılıdır. Əgər kitab fondu zənginləşirsə, uşaqlar orada istədiklərini tapırlarsa, mütəmadi olaraq bu zənginləşmə barədə uşaqlara məlumat verilirsə, onların çox ziyarətçiləri olacaq. Məktəblərlə birgə fəaliyyət göstərsələr, bu onların işinə daha yaxşı sirayət edəcək. Uşaq ədəbiyyatı yazarları da öz kitablarını 5-10 sayda pulsuz olaraq kitabxanalara hədiyyə edə bilərlər. Kitabxananın öz fondu olmalıdır ki, yazıçılardan, nəşriyyatlardan, ayrı-ayrı uşaq nəşr evlərindən bu kitabları ala bilsinlər. Ən azından, uşaq yazıçılarının öhdəsinə düşür ki, hansı kitabları çapdan çıxırsa, onu aparıb kitabxanaya təqdim etsinlər”.

 Sevinc Nuruqızı - Uşaq Ədəbiyyatı Yazarı

Nərimanov rayonu Mərkəzləşdirilmiş Kitabxanasının (keçmiş A. Şaiq adına Uşaq Kitabxanası) direktor müavini  Sara Aslanova isə bildirir ki, bir ara oxucuların sayında azalma müşahidə olunsa da, hazırda onlar kitabxanaya getməyə maraqlıdırlar. Sara xanım uşaqları kitabxanaya cəlb etmək üçün görülən tədbirlər barədə məlumat verir:

“Uşaqları kitabxanaya cəlb etmək üçün valideynlərlə özümüz də iş aparırıq.   Valideynlər də, uşaqlar da tədbirlərimizdə iştirak edirlər. Tədbirlərdə uşaqlar özləri çıxış edirlər, bu da uşaqlara maraqlıdır. Uşaqlar indi kitabxanaya həvəslə gəlirlər. Həmçinin, yeni nəşr olunan kitablar alarkən, o kitabları Feysbukda və öz saytımızda mütləq yerləşdiririk. Özümüz məktəblərə də gedirik. Yəni, apardığımız təbliğatın nəticəsi var”.

Sara xanım son dövrlərdə kitabxanada mərkəzləşdirilmiş elektron sistemin tətbiqi prosesinə başlanıldığını bildirərək, kitabxanadakı kitabların hazırki sistemi barədə məlumat verir:

“İndi latın əlifbasında olan kitablarımız çoxdur. Düzdür, elə kitablarımız var ki, kiril əlifbası ilədir. Çünki onlar hələ latın qrafikası ilə çap olunmayıb. Əvvəl sırf uşaq kitabxanası olduğu üçün böyüklər və uşaqlar üçün kitablar ayrı yığılırdı. İndi də elə təsnifatımız var, amma sadəcə olaraq indi bilirik ki, dünya ədəbiyyatı var, biz onların hamısını böyüklər üçün, uşaqlar üçün dünya ədəbiyyatına qoyuruq. Məktəbəqədər uşaqlar üçün olan kitabları ayırırıq”

 Sara Aslanova - Nərimanov rayonu Mərkəzləşdirilmiş Kitabxanasının direktor müavini

Mərkəzləşmiş Kitabxana Sisteminin 1 saylı filialının (keçmiş Məhəmmədhüseyn Şəhriyar adına uşaq kitabxanası) müdirəsi Şəfiqə Həkimova isə deyir ki, valideynlər də,  uşaqlar da öz istəkləri ilə kitabxanaya yaxınlaşırlar:

“Ümumilikdə, fondumuzda 119.096 kitab var. 155.250-latın əlifbası  ilədir. 2695-i kiril əlifbası ilədir. Uşaqlar üçün 36.451 kitabımız var.  Uşaqların maraqlarına uyğun əlavə sinifdənxaric oxu və dərs vəsaiti daxil olmaqla, sevə-sevə gəlib kitabları götürürlər. Elə olur ki, 3 yaşında olan uşağı olan valideyn də müraciət edir”.

100_0363

Şəfiqə xanım onu da bildirir ki, hazırda kitabxananın elektron xidmətinin inkişafı üçün işlər görülür. O kitabxanaya marağı artırmaq üçün atılan addımlar haqqında danışır:

“Gələcəkdə ALİSA elektron sistemi nəzərdə tutulub. Bizim öz saytımız da var. Gördüyümüz işləri əyani surətdə yerləşdiririk.  Əhatəmizdə olan bağçalarla da sıx münasibətlərimiz var. Müəllimlər uşaqları gətirirlər, kitabxana ilə tanış olurlar. Nağıl günləri keçirilir,  nağıları uşaqlara paylayırıq, sonra sual-cavab edirik. Həmçinin biz səyyar xidmət də edirik.  Uşaq kitabxanalarımızı bağçalara da veririk. Müəyyən müddətdən sonra gedib təzələri ilə dəyişirik.  İstəyərdik ki, uşaqlar üçün geniş, rəngarəng, əhatəsi geniş materiallar çox olsun. Bəzən oxucular ingilis dilində olan uşaq ədəbiyyatı ilə maraqlanırlar. Biz də daha geniş miqyasda oxucularımıza xidmət etmək istəyirik. ”.

 Şəfiqə Həkimə - Mərkəzləşmiş Kitabxana Sisteminin 1saylı filialının müdirəsi

Yazıçı, kulturoloq, kitabxana.net portalının rəhbəri  Aydın xan Əbilov da bildirir ki, uşaqlar şəhərin bu başından o biri başına kitabxanaya getməkdənsə, evdə oturub elektron  kitabxanalara daxil olaraq özlərinə aid olan məlumatları götürməyə daha çox üstünlük verirlər:

“Bununla bağlı xüsusi bir dövlət proqramı olmalıdır. Balaca oxucular kitab oxumaq üçün yox, həm də özlərinin asudə vaxtını səmərəli keçirməsi üçün eyni zamanda müxtəlif bilgiləri əldə etmək üçün can atırlar. Uşaq kitabxanalarının böyük əksəriyyəti özünün gündəlik fəaliyyətini ənənəvi olaraq, az qala Sovet dövründə necə idisə, eləcə də davam etdirirlər. Ənənəvi kitabxanalar tək kitabların təqdim edilməsi ilə deyil, həm də onların dünyagörüşlərinə uyğun müxtəlif kiçik yazı, rəsm və müxtəlif kreativ dərnəklər yarada bilərlər. Həftədə heç olmasa, bir  dəfə  ziyalılar, tanınmış adamlarla məktəblilərin görüşünü təşkil edə bilərlər. Bir çox qərb ölkələrində məşhur insanlar belə həftədə, ayda bir dəfə hər hansı bir mərkəzi kitabxanaya gedirlər. Onlardan həvəslənib uşaqlar gedib kitabxananı görürlər, o kitabxana ilə tanış olurlar və orada müxtəlif kitabları əldə edə bilirlər”.

 Aydın Xan Əbilov - Yazıçı, kulturoloq, kitabxana.net portalının rəhbəri

[fbvideo link=”https://www.facebook.com/gsr.fm/videos/1173077809377910/” width=”700″ height=”400″ onlyvideo=”1″]


Hazırladı: Nərgiz Pənahlı

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.