Cəmiyyət

Uşaqlar öz cizgi filmlərimizi tanımır

5 yaşlı balaca Ruqiyyə hər gün 2 saat xarici istehsal olan cizgi filminə baxdığını deyir. Yerli filmlərdən isə heç birinin adını çəkə bilmir.

Ruqiyyə:

– Mən “qubka Bob”lara baxıram, birdə “Tom və Cerri”yə baxıram. Sonra birdə “Nu poqadi”yə baxıram. Sonra “Mickey Mouse” baxıram…
– Bəs Azərbaycanın cizgi filmlərindən hansına baxmısan?
– Mən “Şirinlər”ə baxıram.

2 uşaq anası olan Gülnar Ağayeva  telekanallarda  yerli cizgi filmlərin göstərilməməsindən şikayətlənir. Deyir  ki, xarici cizgi filmlərə baxmaq qızına həm psixoloji, həm də fiziki cəhətdən mənfi  təsir göstərir.

Gülnar Ağayeva:

– Mənim övladım ən çox cizgi filmlərinə baxır. Yəni səhər yandırıram, axşam 6-ya 7-yə qədər baxır. Televizor bağlananda interneti açıram. Deyir ki, mama “Kayu”nu yandır, Kayuya baxacam. İnanırsan uje (artıq-m.) türk dilində danışır çox sözləri. İstərdik Azərbaycanda da davamlı cizgi filmlər olsun uşaqlar baxsın. Davamlı olaraq türk cizgi filmləridir, ona da baxırlar.  

Milli Televiziya və  Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ekranlarda yerli cizgi filmlərinin az-az görsənməsinin səbəbini belə açıqlayır.

Nuşirəvan Məhərrəmli:

– Bizim uşaqlarımız Azərbaycan cizgi filmləri əsasında tərbiyə olunmurlar. Xarici cizgi filmlər əsasında tərbiyə olunurlar. Bununla bağlı biz, möhtərəm cənab  prezidentə ayrıca müraciət etməyi düşünürük. Bildiyimə görə hər il 1-2 cizgi film çəkilir. Amma açığı etiraf edim ki, nə cizgi filmlər, nə də ki kino filmləri bizim ekranlarda, efirlərdə görünmür. Çəkilən filmləri rəflərdə saxlamaqdansa çox aşağı qiymətlə, simvolik qiymətlə televiziya kanallarına versinlər ki onlar da onu göstərsinlər.

Sovet dövründə “Tıq-tıq xanım”, “Toplan və kölgəsi” “Cırtdan” kimi cizgi filmlər ekranlaşdırılsa da, müasir dövrümüzdə belə filmlərə rast gəlmirik.

Hər il cizgi film çəkmək üçün dövlət tərəfindən pul ayrılır. Bəs onda niyə Azərbaycanda baxımlı cizgi filmlər istehsal olunmur? Sualımıza cavab almaq üçün “Azanfilm” kino studiosunun direktoru Elçin Hami Axundovla əlaqə saxladıq. Elçin müəllim deyir ki, Azərbaycanda animasiya filmlərini inkişaf etdirmək üçün bura çoxlu maliyyə ayırmaq lazımdır. Tammetrajlı və silsilə animasiya filmləri çəkmək lazımdır. Yalnız bundan sonra biz tamaşaçı zövqünü oxşaya biləcək, keyfiyyətli cizgi filmlər istehsal edə bilərik.

Elçin Hami Axundov:

– Bu günün reallığıdır ki, uşaq birinci gözünü açan kimi televiziyanı görür. Və həyatı ordan qavrayır. Uşağı məqsədyönlü tərbiyə eləmək lazımdır. Tərbiyə edən də ancaq animasiya filmləridir. Azərbaycanda animasiya filmlərini inkişaf etdirmək lazımdır.  Mədəniyyət Nazirliyi sağolsunlar indiyə qədər maliyyə dəstəyi verirlər. Yəni, qoymurlar ki, ümumiyyətlə məhv olsun bizdə – Azərbaycanda animasiya. Ancaq bu, bu səviyyədədir.  Yəni, qoymurlar məhv olsun. 

Mədəniyyət və Turizm Nazirliyinin kino sektorunun müdiri Yusif Şeyxov isə deyir ki, biz cizgi-kino sahəsini inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Yusif müəllim, bu sahədə yeni, gənc  kadrlara ehtiyac olduğunu desə də bu il bunun üçün heç bir layihə nəzərdə tutulmadığını bildirdi.

Yusif Şeyxov:

–  Yeni dünya görüşü lazımdır. Yeni baxışlar lazımdır. Gələn il Azərbaycan film-kino studiosunun nəzdində kurs açılması nəzərdə tutulur. Dövlət nə imkanı var kömək eliyir. Mən Nazirliyi nəzərdə tuturam və nazirliyin kino bölməsini. Hər şeyi dövlət eliyə bilməz axı! Biz də dövlətdə dövlət studioları arasında “Azanfilm” adlı bir studio var. Cizgi filmlərin istehsalı ilə məşğul olur. Pis-yaxşı, az-çox hər nədirsə bizim cizgi kinomuzla bağlı hər şey orda olur.

“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin prezidenti Fehruz Şamıyev isə deyir ki, Azərbaycan cizgi filmləri, Holliwood istehalı olan cizgi filmlərlə yarışa bilməz.

Fehruz Şamıyev:

–  “Azanfilm” studiosunun rəhbərliyi sovet dövründən qalma bir sistemlə işlədiyi üçün demək olar ki, o cizgi filmlərin heç biri müasir tələblərə də  cavab vermir. Biz də sadəcə həmin sistem dağılıb və maraq az olduğu üçün cizgi filmlərin keyfiyyəti həddən artıq aşağıdır. Dövlət tərəfindən pul ayrılır amma demək olar ki,  heç bir inkişaf getmir. Vəsait cəhətdən də, kadr cəhətdən də geri qalırıq. Yəni, bizim kadrlarlmız yoxdur bu sahədə.

Elçin Hami Axundov deyir ki, bu sahədə  gənc kadrlara ehtiyac olduğunu bilir. Bunun üçün 2006-cı ildən layihə hazırlayıb müvafiq nazirliyə  təqdim etdiyini də deyir.  Layihəyə Nazirlər Kabinetində də baxılıb. .

Elçin Hami Axundov:

– Maliyyə məsələsi üçün mən artıq 6-7 ildir bu barədə Nazirlər Kabinetinə proyekt vermişəm. Və Nazirlər Kabinetində də onlar əl çaldılar, dedilər ki, yaxşı proyektdir. Ancaq maliyyələşdirmə bax indiyənə qədər yoxdur.

Biz də bu layihənin nə üçün aradan bu qədər vaxt keçməsinə baxmayaraq hələ də reallaşdırılmamasının səbəbini aydınlaşdırmaq üçün Nazirlər Kabinetinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidmətinin rəhbəri  Akif  Əli suallarımızı cavablandırmaq istəmədi. Özünü mətbuat xidmətinin işçisi kimi təqdim edib, adını söyləmək istəməyən bir şəxs isə bizə bunları dedi:

–  Aysel xanım, mən Akif müəllimə dedim, deyir ki, onu ancaq Mədəniyyət Nazirliyi ilə əlaqə saxlaya bilərlər. Sualı ona  verdim o da dedi ki, ora müraciət eləsinlər.

Yusif müəllimin sualımıza cavabı isə belə olur.

Yusif Şeyxov:

– Axundov tərəfindən təqdim olunmuş layihə barəsində ona həmin proyektin daha real və indiki tələblərə, indiki ehtiyaclara daha çox cavab verən bir layihə işləyib hazırlaması təklif olunmuşdur.

İndiki tələblərin nə olduğu soruşduqda isə “Əlavə şərhə ehtiyac yoxdur” deyərək, bu haqda heç bir açıqlama vermək istəmədi.

 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.