Regionlar Danışır

Uzaq yaşıl ada sakini

Emin Sabitoğlu-Azərbaycanın xalq artisti, bir çox məşhur mahnıların müəllifidir. Yazıçı Sabit Rəhmanın oğlu olan bəstəkar 1937-ci il noyabr ayının 2-də Bakıda anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya daxil olub və Qara Qarayevin sinfində oxuyub. Iki ildən sonra 1956-cı ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilibvə 1961-ci ilə qədər, Yuri Şaporinin bəstəkarlıq sinfində təhsil alıb.

1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyada, indiki Bakı Musiqi Akademiyasında müəllim işləyib. Musiqinin müxtəlif janrlarında bir çox əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edib.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına da musiqi bəstələyib. Bəstəkarın filmoqrafiyasına “Bağlı qapı” “Bağışla”, “Bəyin oğurlanması” və bir çox filmlər daxildir.

Dahi bəstəkar 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.

Öncəki xəbərNövbəti xəbər