P.S, Təmas Xətti, Z-Manset

“Üzümə bütün qapılar bağlıdır!” - Təmas Xətti

Qalanın daşı oldum,

Gözünün yaşı oldum.

Dünyada gün görmədim,

Sevəndə naşı oldum.

Bu onun yazdığı saysız, sevilən şeirlərindən biridir. Bu şeirə gözəl bir mahnı da bəstələnib. Şeir çox sadədir, amma oxucunu özünə cəlb edə bilir.

Onun yazdığı  şeirlər sadə, təbiidir. Amma bir o qədər də insana səmimi, saf hisslər yaşadır. 

“Təmas xətti”ndə bu dəfə Vahid Əzizlə həmsöhbət oldum. Onunla söhbətə elə saf, qayğısız illərindən söhbət açmaqla başladıq.

-Məktəbdə yaxşı oxumamışam. O qədər ikim olub ki… Çox pis oxumuşam. Günah özümdədir. Rus bölməsinə girdim. Mən dili öyrənənə qədər baxdım ki, məktəbi bitirmişəm.

Tərtərdə məktəbimizlə evimiz arasındakı yol inan ki, hardasa bu Sabunçu vağzalından Füzuli meydanına qədəriydi.  Biz hər gün o yolu piyada gedirdik. Qaranlıq küçədə itlər üstümüzə hürə-hürə dərsə gedirdik. Şalvarımız cırıq-cırıq olurdu evə gələndə.

Amma o həyat bizi öyrədirdi. Ona görə hamımız qızlı-oğlanlı topa gəlib topa gedirdik. İtlərin öhdəsindən gələk deyə. (gülür)

Mən artıq dərsdən evə gələndə anam bilirdi ki, gəlirəm. Arxın üstündən səsimi başıma salıb oxuya-oxuya gəlirdim. Səsim yoxuydu, amma oxumağı sevirdim.

vahid2

Görünür içəridə bir istedad var idi.

-Hə o vaxt güclü mütaliəm də var idi. Səməd Vurğunu, Rəsul Rzanı, M.S.Ordubadini oxumuşdum. Yazıçı olmamışdan qabaq, yaxşı oxucu olmaq lazımdır. Yaxşı oxucu olmasaydım mən yaxşı yazıçı ola bilməzdim. Çünki güclü baza olmalıdır. Nə oxuduğunu da seçməyi bacarmalısan.

Şair məktəb vaxtındakı bacarıqlarından da danışır.

-Bir  müəllimim var idi. O, mənə təyyarə düzəltməyi öyrətmişdi. Yadımdadı məktəbdə yüksək bir yer var idi ora çıxırdım. Ordan təyyarəni havaya buraxırdım, bütün məktəbi fırlanıb gəlib düşürdü yerə.

Sonra narazı və bir az da əsəbi halda əlavə edir:

-Yaxınlarda bir məktəbə getdim. Məktəbin fizika labarotoriyasında heç nə yoxdur. 1953-cü ildə Şaumyan kənd məktəbindəki fizika labarotoriyasında olan cihazlar bu gün Elmlər Akademiyasının İnstitutlarında yoxdur. Kalium vardı bizim labaratoriyalarda. Sən bu gün bunu burdan tapa bilmərsən. Ona görə millət savadsızdır. Mən bunu açıq deyirəm.

1963-cü ildə Tərtərdə orta məktəbi bitirir. Fizikanı, texnikanı yaxşı bildiyi üçün Politexnik İnstitutuna (Azərbaycan Texniki Universiteti-m.) sənədlərini verir. Amma qəbul ola bilmir. Sonra..  

vahid1

-Əlibayramlıda Şirvanneft mədənlərində akkumlyator təmirçisi işlədim. O vaxt iş rejimi elə idi ki, işdən sonra qalıb işləyirdinsə maaşın üç qat artıq verilirdi.  Ona görə mən  çox maaş almaq üçün gecələr növbəçi qalırdım. Ayda da o vaxtın puluyla yalan olmasın 700-800 manat maaş alırdım.

Oxumaq, təhsil almaq eşqi onu yenidən universitetə sənəd verməyə sövq edir. 1964cü ildə Azərbaycan Texniki Universitetinə daxil olur. Bu dəfə isə:

-Elə həmin il noyabr ayının 11-də məni əsgərliyə apardılar. May ayında isə təxris oldum və yenidən birinci kursa bərpa oldum.

Sizə bir maraqlı əhvalat da danışım. Noyabr ayında təqaüd verirdilər mənə. Yalan olmasın 1 illik “stipendiya” verdilər. Mən də hardasa oxumuşdum ki, tələbə təkrarən eyni kursda oxuyursa yenidən təqaüd ala bilməz. Dedim bəs bu mənim haqqım deyil. Mənə dedilər bu sənin günahın deyil ki, təzədən birinci kursa gəlmisən. Getdim İnstitutun baş “buxalter”inin yanına, deyəm ki, mənim bu pulu almağa haqqım yoxdur.  Başa saldı, yenə qanmadım. Məsələ rektorumuzun yanına çıxdı.  O, məni çağırdı yanına. Dedi ki, a bala, ay oğul səni başa saldılar ki, axı o sənin halal pulundu. Onunla söhbətdən sonra mən o pula qol çəkib götürdüm. Sonralar rektor elə bir iclas olmurdu ki, orda məni deyib örnək göstərməsin.

Yaradıcılığa da elə tələbəlik illərindən başlayır.

-Universitetdə oxuyanda indiki tanınmış şairlərin çoxuyla münasibətim varıydı.  İlk şeirlərimi apardım, Fikrət Qocaya göstərdim. Yazdıqlarımı bəyəndi və Rəsul Rzayla məni tanış etdi.

Rəsul Rza da “Tanışlıq” adlı çox güclü bir məqalə yazdı. Rəsul Rzanın məqaləsindən sonra mənə artıq məktublar yazmağa başladılar.  Moda mindim. O vaxt da bir az yaraşığım vardı. (gülür)

vahid_eziz

Vahid Əziz Universiteti  bitirəndə də  Rəsul Rza onun dayağı olur.

-Rəsul Rza mənə iş axtardı. Üç-dörd yerə göndərdi məni. İşə götürmədilər. Dedi ki, Əziz məni  bir başa sal görüm sən onlara nə danışırsan.  Dedim, Vallah Rəsul müəllim onlara tarixdən, ədəbiyyatdan məntiqdən danışıram, erməni dili bildiyimi bildirirəm. Onda çox dahiyanə bir söz dedi Rəsul Rza.  Və mən indiyənə kimi heyfslənirəm ki, o vaxt Rəsul Rzanın dediyi indi də öz qüvvəsində qalır. Mənə Əziz deyərdi. Dedi, Əziz sən bu adamlarla danışanda özünü küt göstər, gic, ağılsız göstər.  Bu adamlar səndə nə qədər ləyaqət, cəsarət, ağıl görsələr səni bir o qədər qırmaq istəyəcəklər.

Belə görürəm ki, sizi əzməyi bacarmayıblar.

-Bu gün məni əzə bilmədiklərinə görə mənim üzümə bütün qapılar bağlıdır. Həyatımdan şikayətlənmirəm. Görünür keşməkeşli yollardan keçmək Allahın öz işidir. Ola bilər mən nazir də olardım, parlamentdə də otura bilərdim. Təbii ki, elə olsaydı mən məddahlıq eləməzdim, sözümü deyərdim.  Ola bilərdi ki, həyatım başqa istiqamətdə gedərdi.  Amma belə gəldi. Və bunların hamısının nəticəsidir ki, bu gün mənim sözlərimə olan “Əzizim” kimi, “Bayatılar” kimi, “Ulu Tanrım səndən gözləməzdim” kimi  (və digər) mahnıların mətn şeirləri yarandı.

Həyatından şikayətlənməyən şair kitab çap edə bilməməyindən gileyləndi:

-Mənim bu gün üst-üstə 2000-3000 çap olunmamış, kitab halında çıxmağa ehtiyac olan şeirlərim var.

Niyə çap edə bilmirsiniz?

-Ona görə çap edə bilmirəm ki, mən Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafı üçün kiminsə qapısını döyməliyəm, kömək istəməliyəm. Amma bunu mən yox, dövlət eləməlidir.  Dövlət qonarar verməlidir, yazıçının qeydinə qalmalıdır. Yazıçıya belə münasibət bəsləmək olmaz!

Mən deyəndə ki, ədəbiyyatın inkişafı naminə sən demə ki, mən özümdən müştəbehəm. Bu gün Eldar Mansurovun mənim sözlərimə yazmış olduğu “Bayatılar” Şərq aləminin məşhur mahnılarından biridir. Əgər bu bütün dünyada tanınırsa deməli mən Azərbaycanı təbliğ edirəm.

Həmişə mübariz olub Vahid Əziz. İçində inqilab ruhu olub hər zaman.

-Bu inqilabi ruhda olmağım mənim başıma həm bəla gətirib, həm də xoşbəxt edib. Şeirimdə də yazdığım kimi:

Məni insanlardan qoru dözmürəm

Bir gecə gördüyüm yuxu çin oldu

Peyğəmbər çağırdı əlindən öpdüm

Vergisi şöhrətim faciəm  oldu

Bəzən bütün bu əzablı yolları sadalayıb, yadıma salanda daxildən özümdə bir qürur hiss yaranır. Vaxt olub ki, düşüb o Flarmoniyanın yanındakı çayxanada çay içməyə pulum olmayıb. Amma gecə elə şeirlər yazırdım ki, səhər bir daxili qürur olurdu məndə. Elə qürurla yeriyirdim ki, bütün ətrafdakı adamlar gözümdə (barmağının kiçik bir hissəsini göstərib) bax bu boyda görnürdü. Onları elə bil ki, ayaqlayıb keçirdim. Çünki bilirdim ki, mən artıq nəsə yazdım. Mən bu gün gedib istədiyim kimi gün keçirə bilmərəm, amma  gələcək nəsillər üçün nəsə elədim.

vahid

Amma şairin heç şeir yaza bilmədiyi vaxtlar da olub.

– Mən 27 il  heç nə yazmadım. Mən onda vəzifədəydim ona görə şeiri yazmağı tərgitmişdim, qələmi yerə qoymuşdum.

O vaxt anam xəstəydi.  Onu həkimə aparmalıydım, amma pulum yox idi.  Qonarar almaq üçün kitab çap eləmək istədim. Amma kitabı çap edəndə o kitaba verməyə yeni şeir tapmadım.  “Əllərimin kölgəsi” kitabım köhnə şeirlərin əsasında hazırlandı.

Xeyli  fasilədən sonra “Dözmək olmur” kitabım çıxdı. 1996-cı ilin iyun ayının 6-da qayıtdım ədəbiyyata, həyata. “Əzizim” şeirini yaza bilməsəydim həmin gün həyatdan getməliydim.  Çünki 20 ildən artıq idi ki, şeir yaza bilmirdim. Həyatın dibindəyim. O şeir məni həyata qaytardı.

Müxtəlif vəzifələrdə çalışıb.  Amma heç  vaxt nəfsinin qulu olmayıb. Vəzifə sahibi olmaq onu öz əqidəsindən döndərmədi.

-Mən Mərkəzi Komitəyə qədər çıxıb getmiş adamam. Və mənim əlim hələ rüşvətə dəyməyib. Bilirdim ki, vəzifə mehmanxana çarpayısı kimi bir şeydir. Bu gün sən uzanmısan sabah başqası uzanacaq. Vəzifə özgə atıdır.

Mənim şeirimdə də var ki, o adamdan qorunun ki, o daldan görən olsun. Bu gün də Azərbaycanın başına fəlakətlər gətirənlər ermənilər yox,  sonradan görənlərdir.

Bu müsahibə vasitəsilə gənclərə örnək ola biləcəmsə nə böyük xoşbəxtlikdir mənə deyən şair sonra öz həyatından  bir anı xatırlayaraq belə deyir:

-Mən hələ balacaydım 2-ci sinifdə oxuyurdum. Bir müəllimimiz var idi.  “Həyatda nə iş görürsünüz görün özünüzü şəxsiyyət kimi tərbiyə eləməyə çalışın” demişdi. Bu mənim beynimə girdi. Niyə? Bilmirəm. O vaxt nə yaşım varıydı ki?!

İlk növbədə şəxsiyyət kimi yetişmək üçün gərək şəxsiyyətini qoruyasan. Sən şəxiyyətini qorumağı bacarmadınsa, deməli sən şəxsiyyət kimi formalaşa bilmərsən.

Görünür, mən müəllimin sözünü yaxşı eşitdim və özümü Allahın köməkliyi ilə şəxsiyyət kimi yetişdirdim. Belə adamlar çoxdur. Ucqar kəndlərdən gəlib Bakıda şəxsiyyət kimi formalaşıblar. Eşq olsun belə insanlara!

Hazırladı: Əsli Axundova
Foto: Cavid Mehdiyev

Öncəki xəbərNövbəti xəbər