Cəmiyyət

Velosipedçilər var, amma yolları yoxdur

Bəxtiyar Qasımov:

Deyirlər ki, velosiped yollarına ehtiyac yoxdur. Amma buna ehtiyac var. Yadıma gəlir ki, 20 il bundan əvvəl mən Qız Qalasının üstündən baxanda yarım saat, bir saat ərzində bir dənə maşın keçirdi. Maşının yolu da vardı, həm də bu yol çox böyük yol idi. İndi Qız Qalasının üstündən baxanda yarım saat ərzində 20 velosipedçi hərəkət edir. Amma onların yolu yoxdur.

Bəxtiyar Qasımov Bakıda velosipeddən daimi nəqliyyat vasitəsi kimi istifadə edənlərdəndir. Velosipedlə hərəkətin kifayət qədər üstünlükləri olsa da, paytaxt yollarında bu nəqliyyat vasitəsini idarə etməyin təhlükəli olduğunu deyən Bəxtiyar ən çox velosipedlər üçün xüsusi yolların olmamasından şikayətlənir.

Bəxtiyar Qasımov:

– Üstünlüyü odur ki, tıxaclarda ara yerlərdən keçib getmək olur. Çətinliyi odur ki, naşı sürücülər adamı yolda sıxır, səni öz yolundan çıxarır. Yolumuz yoxdur. Biz də piyadaların yolu ilə hərəkət edə bilmirik. Onlara çətinlik törədirik.

Bəxtiyar Qasımovla eyni fikirdə olan digər velosipedçi Gülər Mehdizadə isə qeyd edir ki, birmənalı olaraq Bakıda və ətraf yerlərdə velo yollar yoxdur. Buna görə də biz maşın yollarından istifadə edirik amma onda da problemlərlə qarşılaşırıq.

Gülər Mehdizadə:

– Hətta elə olur ki, qəza şəraiti də yaranır. Maşın yol vermək istəmir, səndə keçməlisən də. Nə vaxta qədər gözləməlisən? olur belə hadisələr. Səkiyə də çıxırsan piyadalar narazılıq edirlər ki, işin gücün yoxdur? velosipedlə keçirsən bizə mane olursan, qoymursan yolumuzu gedək, yolda da maşınlar. Ona görə, məncə, velosiped yolunun olması vacibdir.

Paytaxtda velosiped yollarının olmamasının səbəblərini aydınlaşdırmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin baş inspektoru Kamran Əliyev ilə əlaqə saxladıq. Qanunvericiliklə müəyyən olunmuş yaş həddindən yuxarı hər bir insanın velosipedi yolun hərəkət hissəsinin sağ kənarı ilə idarə etməsində heç bir problemin olmadığını deyən baş inspektor bildirir ki, hazırda Azərbaycanda velosiped yollarının salınmasına ehtiyac yoxdur.

Kamran Əliyev:

– Yəni bunu üçün zərurət yoxdur. Əlbəttə, istifadəçilərin sayı çox olarsa, artıq bu haqda müvafiq tədbir görmək olar. Amma bu gün istərsə Bakı şəhərində, istərsə də digər yerli əhəmiyyətli, istərsə də dövlət əhəmiyyətli yollarında velosiped idarə edən vətəndaşların sayı həddən artıq az olduğuna görə buna ehtiyac duyulmur.

Velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edən gənclər isə Kamran Əliyevin fikiri ilə razılaşmırlar.

Gülər Mehdizadə:

– Mən deyərdim ki, onlar özlərini sığortalamaq üçün bele bir şey deyirlər, çünki bir necə il bundan əvvəl desəydilər normal qəbul eləyərdik. Amma hazırda velo-klubun 2 mindən çox üzvü var, amma onun hardasa iki yüzü aktivdir- gündəlik velosiped sürən insanlardır.

Bəxtiyar Qasımov:

– Deməli, velosiped üçün yol olsa, velosipedçilerin sayı da artar və mənə elə gelir ki, tıxacların da sayı azalar.

Kamran Əliyev Azərbaycanda velosiped yollarına ehtiyacın olmadığını qeyd etsə də Azərbaycan Respublikasının Yol hərəkətinin təhlükəsizliyi üzrə 2002-2005-ci illər üçün Dövlət Proqramının 2.10 bəndində respublika əhəmiyyətli yollarda yol çiyinlərinin bərkidilməsi, yağışlı havada onların sürüşkən olmasının qarşısının alınması, həmçinin piyada və velosipedçilər üçün hərəkət zolağının və səkilərin nəzərə alınması göstərilib. Bu proqram yol hərəkəti prosesində insanların həyatının qorunması, yol-nəqliyyat qəzalarının və onların zərərli nəticələrinin qarşısının alınması məqsədi ilə tərtib edilib. Proqramın yerinə yetirilməsinə nəzarət isə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının katibliyi və işçi qurupuna həvalə olunub.

Biz də qeyd olunan proqramla bağlı suallarımıza cavab tapmaq üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən isə sözü gedən məsələ ilə bağlı heç bir məlumata sahib olmadıqlarını, bizim Dövlət Yol Polisinin və Nəqliyyat Nazirliyinin rəsmi saytındakı məlumatlarla kifayətlənməli olduğumuzu bildirdilər.

Biz həmin şöbələrə müraciət elədik onunla bağlı sizə maraqlandıran suallar Dövlət Yol Polisinin saytında və Nəqliyyat Nazirliyinin saytında var. 

Biz isə adı çəkilən saytlarda bu Dövlət Proqramından irəli gələn məsələlərin necə həyata keçirildiyi ilə bağlı heç bir məlumat əldə edə bilmədik.

Proqramla bağlı suallarımızı yenidən baş inspektor Kamran Əliyevə də ünvanladıq. Amma baş inspektor Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasından onlara heç bir müraciətin daxil olmadığı üçün sözü gedən yolların salınmadığını bildirir.

Kamran Əliyev:

– Təkliflər Təhlükəsizlik Komissiyası tərəfindən qəbul olunursa bəli. Bizə müraciət də olunmayıb ki, hər hansı ərazidə velosiped yollarının salınmasına ehtiyac var və ya burda velosipedlərdən istifadə edən vətəndaşların sayı çoxdur. Onlar müəyyən təhlükə ilə üzbəüz qalırlar.

Kamran müəllimin sözlərinə inansaq velosiped yollarının olmamasından şikayətlənən velosipedçilərə isə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının Dövlət Yol Polisinə müraciətini gözləmək qalır. O müraciət olan kimi velosipedçilərin yol problemi də öz həllini tapacaq.

 


Öncəki xəbərNövbəti xəbər

9 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.