GSR TV, Reportaj, ZZ-Manşet

“Xalçalar qədim ənənələri əks etdirir”

Xalçalar firəvanlıq simvoludur. Vaxtilə evlərin bəzədilməsi, isidilməsi məqsədilə yaranan, zaman keçdikcə incəsənətin mühüm sahəsinə çevirilmiş xalçaçılıq sənəti bu gün də yaşamaqdadır. Biz də xalçaların hazırlanması, bədii tərtibatı, toxunması ilə yaxından tanış olmaq üçün “Azər-ilmə” xalçaçılıq şirkətinə yollandıq.

Bədii tərtibat hər bir xalçanın uğurunu şərtləndirən əsas amillərdən biridir. Bu işlə çeşniləri hazırlayan, hər ilməni damalı kağızlar üzərində canlandıran xalçaçı-rəssamlar məşğul olur.

Xalçaçı-rəssam Neva Ağaliyeva bu işlə artıq 20 ildir ki, məşğuldur. Neva xanım çeşnilərin, xalçaların bədii tərtibatının, onların əsas xüsusiyyətlərinin izahını verir:

“Hal-hazırda Quba xalçasının bədii tərtibatını çəkirəm. Quba xalçasında daha çox həndəsi elementlerdən istifadə olunur. Mənim əsas işim bu xalçanı dəqiqliyi ilə damalı kağız üzərinə köçürməkdir. Hal-hazırda çəkdiyim xalçanın ölçüsü ikinin üçədir. Mənim kağız üzərində çəkdiyim bir dama artıq xalçada bir ilmə olur. Çeşnilər həm yarı, həm bütöv, həm də dörddə bir çəkilir. Bu xalçanın isə mən yarısını çəkəcəm. Elementlər yuxarıya doğru baxdığına görə yarı şəkildə çəkilməlidir. Bunun özündə həm ornament, həm də süjet var. Burada kiçik ölçüdə həndəsi formada heyvan, gül rəsimləri var. Bu, artıq özü süjetdir”.

Neva xanım, xalçanın ərsəyə gəlməsi üçün lazım olan digər məqamlar barədə də danışır:

“Ümumiyyətlə, xalçalar 2 hissədən ibarət olur: haşiyə zolağı, ara sahə. Hal-hazırda mən xalçanın haşiyə zolağını işləyirəm, daha sonra onun ara səhəsini çəkəcəm. Əsasən 7, 8, 9 rəngdən və onların çalarlarından istifadə olunur. Əsas rənglərimiz qırmızı, ağ, yaşıl, qara, mavi, sürməyi, sarı və bu tonların çalarlarıdır. Bizim süjetli xalçalarımızda, əsasən, at, dəvə, quş rəsmləri təsvir olunur”.

Neva xanım xalçaların regionlara görə 9 qrupa bölündüyünü, hər birinin özünəməxsus ornamentlərinin, rəng çalarlarının olduğunu da bildirir.

Xalçanın bədii tərtibatından sonra hazırlanmış çeşnilər əsasında toxucular müxtəlif ölçülü xalçalar toxuyurlar. Xüsusi toxuculuq alətləri ilə toxunan bu xalçalar qədim ənənələri özündə əks etdirir. Xalçanın toxunması prosesi haqqında GSR.fm-ə toxucu Sürəyya Murquzova məlumat verir:

“Toxuduğum xalça Bakı-Quba xalçasıdır. Gördüyümüz kimi bu, pirəbədin haşiyəsidir, buna haşiyetirmə deyirlər. Bu haşiyə də adi güldü. Bu da xalçanın orta hissəsidir. Buna da sacayağı xalçası deyirlər. Elə xalçalar var ki, onda 25 cür sap , eləsi var ki 7 cür sap işlənir. Xalçanın növlərinə aid də gülləri, rəngləri var. O rənglər bizə verilir biz isə çeşnələrə baxıb toxuyuruq. Bizim toxuduğumuz xalçanın tərkibi təmiz yundandır. Bu xalçaların fərqi onların çesnisindən, yatımından, seyrəkliyindən, sıxlığından asılıdır. Hal-hazırda toxuduğum xalça 36 sıxlığadır. Bu xalça üzərində biz 2nəfər işləyirik.

xalca
Sürəyya xanım, eyni zamanda, xalçaları toxuyarkən nəyə diqqət etmək lazım olduğunu da bildirir:

“Xalçanın toxunma müddəti onun sıxlığından, seyrəkliyindən, yatımından, asılı olaraq 4-5 ay müddətində toxunur. Çətinliyinə, asanlığına görə xalçanın müddəti olur. Çətin xalçalar gec toxunur, asan xalçalar 3-4 aya. Əsas xalçalarda çeşnələri, ilmələri düzgün, yerində qoymaq lazımdır. Əgər çeşnəni düzgün, yerli-yerində, sayında qoymasaq, o, yaxşı alınmır. Məcburuq ki, təzədən sökək bir də düzəldək.”

Sonda “Azər-ilmə” şirkətinin rəhbəri Əməkdar İncəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov Azərbaycan xalçaçılıq sənəti ilə bağlı məlumat verir:

“Fəaliyyətə başlayandan bu günə qədər bir məqsədimiz olub ki, Azərbaycan xalçalarını qədim adət-ənənələrə uyğun hər birini şirkətimizdə təşkil edək. Bizim xalçaçılıq məktəbimiz çox zəngindir. Çeşnilərimiz, onların adları çoxdur. Hər evdə toxunan bir xalça özü bir məktəbdir. Biz “Azər-ilmə” şirkətində Azərbaycanda toxunan bütün növ xalçalara üstünlük veririk. Xarici sərgilərdə çoxlu xalçalarımız nümayiş olunub. Keçmişdə olduğu kimi bu gün də dünyada Azərbaycan xalçalarına maraq var.”

Qeyd edək ki, Azərbaycan xalçalarının özünəməxsus incə ornamentləri, zərif, gözoxşayan naxışları məşhur Avropa rəssamlarının miniatürlərində də öz əksini tapıb. 16-cı əsrin məşhur alman rəssamı Hans Holbeynin “Səfirlər” əsərində Qazax xalçasının təsvirləri verilib.


Hazırladı:

Nigar Məhərrəmova

Kəmalə Rövşən

 

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: buy ciprofloxacin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.