Reportaj, ZZ-Manşet

“Xalçanın şüuraltı təsiri daha güclüdür” - Reportaj

Müasir Azərbaycan rəssamı Faiq Əhməd ənənəvi Azərbaycan xalçaçılığına yenilik gətirməklə seçilir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsini bitirən müsahibimiz, hələ  tələbəlik dövründən öyrədilənlərdən fərqli iş görmək istədiyini bildirir.  Bu fərqi niyə məhz xalçaçılıqda tətbiq etdiyi barədə danışır:

“Ona görə ki, xalça Azərbaycanın və bu regionun ən güclü vizual simvollarından biridir. Onunla işləmək cavabdehlikdir və bunu üzərinə götürmək, bununla işləmək və dəyişikliklər etmək çox maraqlı bir şeydir. Burada maraqlı odur ki, xalçanın bizə şüuraltı təsiri şüurlu təsirdən daha çoxdur. Ona görə ki, bunlar bizim uşaqlıqdan gördüyümüz, öyrəşdiyimiz simvollardır. Bunu dəyişəndə eyni zamanda insanların şüuraltında da dəyişikliklər baş verə bilər. Çoxunun xoşuna gəlmir. Biz əgər ənənənin üzərinə qurub və orada dəyişiklik etməsək, heç bir inkişaf olmayacaq”.

 Rəssam Faiq Əhməd

Faiq bəy bildirir ki, ilk hazırladığı xalçalar müəyyən bir perioda aid, bir-biri ilə əlaqədar olan xalçalardır. Burada əsas məsələ xalçanın simmetriyasını və əsasını saxlamaqla üzərində dəyişliklər aparılmasıdır.

Xalçalardan biri sanki üzərinə boya tökülərək, silinir, rəssam deyir ki, bununla indiyə qədər olan stereotiplərin dəyişdirilməli olduğunu simvolizə edir.  

Daxilə doğru kölgələr əks olunan digər bir xalçanı isə insanın dərinləşməsi, öz içinə daxil olması ilə əlaqələndirən Faiq Əhməd qeyd edir ki, bu proses onun özündə də gedib və xalçada olduğu kimi insanlarda da xarici forma saxlanılaraq, daxildə dəyişikliklər edilə bilər.

100_9350

100_9396

100_9403

Rəssam bu sahədə qazandığı mükafatlardan  da danışır:

“Bir neçə mükafatım olub. Düzünü deyim ki, hamısı yadımda deyil. Amma onlardan biri “Jameel Prize” adlı mükafata nominasiya olmuşdum. Bu mükafatı  Londonda “Viktoriya və Albert” muzeyi təqdim edirdi. Sonra Nyu-Yorkda  “Kindle Project”  adlı ilin rəssamı mükafatını qazanmışdım”.

 Faiq Əhmədin mükafatları

Rəssam hazırladığı “Dalğa” və “Dairə” xalçaları haqqında fikirlərini bölüşərək deyir ki, insan özündə axtarış etdikdə, reallığı daha tez və keyfiyyətli qəbul edir. Məsələn, “Dalğa” xalçasında nəzərdə tutulub ki,  insanlar namaz qılarkən üzü qibləyə tərəf dayanırsa, xalçanı dalğa formasına salmaqla həmin istiqamət  insanın özünə də qayıda bilər.

“Dairəvi xalça isə  mistik praktikalara aid olan bir iş idi. Burada iki məna var idi. Birinci, simvolik, ikincisi isə praktik mənadır.  Simvolik o idi ki, bu dairəvi xalçanın üstündə gəzərək, hansısa dairə hərəkətləri edərək bir trans vəziyyətinə düşürdüm. Xalçanın üstündə  mismarlar var idi. Mən məcbur idim bu mismarların üstündə özüm gəzim. Sözsüz ki, ağrı hiss edirdim. Heç vaxt belə bir şey etməmişəm. Ona görə də trans və ağrının bir-birinə təsirindən beyində boşluq irəli gəlirdi. Bir tərəf ağrıdırsa, bu səni reallığa gətirirsə, digər tərəfi isə səni artıq bir yüksək ruh vəziyyətinə gətirir. Bir-birinə tamam zidd olan iki hisslərin arasında olan yeni bir hissin yaranmasının axtarışı idi. Bu daha çox harmoniya hissinə bənzər və ona yaxın hisslərdən biri idi. Ayağımda olan öküz ürəyi idi. Öküz ürəyini güc və dözümlülük simvolu olaraq seçmişdim və onu ayaqlarıma bağlayıb onun üzərində gəzirdim.  Bu ürək parçalanana kimi gəzirdim. Bu parçalanmanın nəticəsində də mən trans halına gəlib çıxmalıydım”.

[fbvideo link=”https://www.facebook.com/gsr.fm/videos/1187156244636733/” width=”700″ height=”400″ onlyvideo=”1″]

Rəssam xarici ölkələrdə onun əsərlərinə olan münasibətdən danışarkən bildirir ki, xarici ölkə vətəndaşları üçün xalçanın dəyəri heç də az deyil, xarici vətəndaşlar daha çox analiz keçirir ki, bu dəyişikliklər niyə baş verir.

Faiq Əhməd yeni layihəsi haqqında deyir ki, bu layihədə Azərbaycanda ənənənin əsasının qurulmasından danışılır:

“Bu, iki materialın birləşməsindən ibarət bir iş olacaq. Bunun bir hissəsi yun, digər hissəsi isə ipək olacaq. İpək oturaq tayfaların əsas işlətdiyi materialıdır. Halbuki, yun daha çox köçəri türk tayfalarına məxsus olan  materialdır. Bunların ikisinin birləşməsi əslində ona görə maraqlıdır ki, bu texnoloji olaraq biraz çətindir. İkincisi, görünüşləri tamam fərqlidir”.

 Yun-ipək xalçası haqqında

yun_ipek_xalca


Hazırladı: Nərgiz Pənahlı

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.