Bloq, P.S, ZZ-Manşet

Yaxşı ki arada qonaqlıqlar olur… - Bloq

B47A7757-001Bizim torpağların insanını təsvir edərkən, ilk öncə necə qonaqpərvər ruha sahib olduqlarından danışılır. Ürəyi, süfrəsi, qapısı açıq xalq. Nəzərə alsaq ki, ailə cəmiyətin təməlidir və istər-istəməz bir-birilə bağlı olan tərəfləri var və bu da bəzi məqamlarda özünü büruzə verir.
Məsələn: elə hal olur ki, evə qonaq gəlir və heç bir şey yoxdur. Təsadüfdən də qonaq gəldiyi vaxtlarda süfrəyə qoymağa nəsə tapmaq müşkülə çevrilir, amma əsas möcüzə elə o an baş verir.

Da-da-da-dammm… bir də baxırsan ki, süfrədə bir “ quş südü” çatmır. Bir neçə dəqiqədə borc-xərc və üzü ağ qonağı yola salırsan. İndi deyə bilərsiniz ki, nə əlaqəsi?! Fikir versəniz əslində bizim mötəbər tədbirlər ərəfəsi heç yerdən hər şeyimiz olur. “Firavan” yaşadığımızı anlayırıq. Necə ki evə gələn qonaq mütləq qarnı tox, gözü doymuş getməsi lazımdır (evdəkilər ac qalar və dözər), ölkəyə gələn də həmçinin yeməli, görməli, gəzməli.. Evdə söz-söhbət olar, amma, gələn hiss etməz eləcə də, ölkə qonaqları… Hiss etməməli, görməməli “söz-söhbətli” yerləri.
Sonra qonaqlar gedir şokolad, konfet, hər cür naz nemətlər yığılır, “gizlədilir”.

Yaxşı ki arada “mötəbər tədbirlər” var…

Onlarda olmasa biz yeni qatar, avtobuslar, hər tərəfdə zibil qutusu, dayanacaqlar və bu qəbildən digər yenilikləri çətin görək. Onlara laiq bilinir düzəldilir, tapılır. Bu onlar üçün yenilik deyil. Onlar onsuzda hal-hazırda bizim yenilik kimi gördüklərimizi köhnəldiblər. Gəlib bura təzə vəziyyətlərini görüb deyəcəklər ki, “woooow, necə yeni qalıb”.

Hətta insanımıza başqa ab-hava gəlir. Bundan qabaqki təcrübələrdən görünür ki, bəzi insanlar nə qədər şikayət etsə də, yadlar ölkəyə gələndə özünküləri bəyənmir, tanımır. Nəticədə, qanda olan o “ heç yerdən böyük danışmaq”, “olmayanı var kimi göstərmək”, “ bir ömür öz insanı ilə kobud, yadla “Etika Elmlər Namizədi” dərəcəsinə yüksəliş”, “üzdə sevinc, qıraq-bucaqda şikayət,dərd-qəm” …

Bu o demək deyil ki, bu böyük tədbirlərə qarşı insanlardanam. Əksinə, amma kaş ki, bu cür tədbirlər zamanı əlavə yeniliklər sonradan yox, elə bu ölkənin vətəndaşı və onun rahatlığı üçün edilsə. Bir də bu qədər əziyyətə gərək olmasa. Bizə də təmiz, gözəl, vaxtlı-vaxtında işləyən sərnişin vasitələri, dayanacaqlar və sairələr laiq bilinsə. Bizim göz zövqümüz üçün çalışılsa…

Hər halda onlar gedir, yenə biz qalırıq. Onsuz da biz gələni yaxşı qarşılayanıq, amma biri var təmiz ürəklə, biri də var içimizdə kinlə. İlk öncə evin içi sevilməli, hər ehtiyacı qarşılanmalı. Yoxsa, özünü “varmış” kimi göstərməyin, “sən ye, təki haqqımda pis fikrin olmasın” düşüncəsi ilə yaşamamalı. Əlbət ki, qonaq hər şəraitdə gözəl və mədəni münasibətlə qarşılanıb razı salınmalı, amma, evindəkini əzmədən, azdan-çoxdan Allahın verdiyi nemətlə yola salınmalı. Bunun üçün evin içinin boğazından kəsmək, tapdalamaq nəyə gərək ?! Bizə qalan evdəki olur, nə qonaq, nə də qonağın aparacağı “söz-söhbət”.

Müəllif: Xalidə Həsənova


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər