Podkastlar

Yeddi ölkə hökmdarı

“Göydə tək olan Allah kimi, yerin hakimi də tək olmalıdır!” – Bu sözlər məşhur sərkərdə Əmir Teymura aiddir.

Əmir Teymur 1336-ci il 9 apreldə Mərkəzi Asiyada Keş (hazırda Şaxrisabz, Özbəkistan) şəhərinin yaxınlığındakı Hoca-İlqar kəndində dünyaya gəlir. Onun uşaqlıq və gənclik illəri Keş dağlarında keçir. Uşaq yaşlarından hərbi oyunlara böyük maraq göstərən Teymur gənc olarkən ov etməyi, nizə tullamağı və ox atmağı çox sevirdi. Tarağayın yanında qulluq edən atəbəylər 10 yaşından etibarən Teymurun tərbiyəsi ilə məşğul olmağa başlayır, eyni zamanda ona idman oyunlarını və hərb sənətinin sirlərini öyrədirlər.

Teymur çox cəsur və təmkinli insan olur. Ayıq mühakimə yürütmək keyfiyyətinə malik olan Teymur ən çətin anlarda düzgün qərarları qəbul etməyi bacarır.

Ərəb ad qaydalarına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas olub. Çağatay Türkcəsi və monqol dilində Temür və ya Temir sözləri “dəmir” mənasını verir. Orta əsr rus mənbələrində isə Teymurun adı “Axsaq Teymur” kimi də qeyd olunur. Eləcə də bizim dövrdə rus imperializminin ideoloqları və tarixçiləri, fatehi oğru, quldur kimi təsvir edərək, sağ ayağını guya qoyun oğurluğuna gedərkən yaraladığını yazırdılar. Əslində isə 1363-cü ildə Siistanda Əfqanıstan və İran arasında gedən döyüşlərin birində sağ ayağından və qolundan yaralanır.

O, böyük sərkərdə, imperiya qurucusu kimi özünü çox tez təsdiqləyə və tanıda bilir. Onun imperiyası şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, Şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini əhatə edirdi. Teymur barədə mənbələrdə olan ilk məlumatlar 1361-ci ildən etibarən onun siyasi fəalliyyətə başlaması ilə meydana gəlib. 1370-ci ildə öz qoşunu ilə Bəlx şəhərini mühasirəyə alan Teymur böyük itki hesabına olsa da, qalanı ələ keçirə bilir. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilmir. Elə buna görə də o, özünə “Əmir” (tayfa başçısı) titulunu götürür. 1370-ci il aprelin 9-da Bəlxdə  Mavərannəhr ölkəsinin əmiri elan edilir. Əmir Teymur Səmərqənd şəhərini özünə paytaxt seçir. O, dərhal uzun müddətdən bəri tamamilə dağıdılmış ölkədə quruculuq işlərinə başlayır.

elave-sekil2
Əmir Teymur

1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə “Gürkan” (Timūr Gurkani) titulunu götürür. Gürkan monqol dilində kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi “kürəkən” deməkdir. Bu isə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymurun onların evlərində azad şəkildə yaşaması və hərəkət etməsi demək idi. Teymurun siyasi fəaliyyətinin başlanğıcı Çingiz xanın fəaliyyətinə bənzəyir. Teymur Çingiz xan kimi şəxsən bütün hərbi qüvvə təşkilatlarının təfərrüatları ilə maraqlanır, rəqiblərinin və onların torpaqları barədə ətraflı məlumatlar toplayır. Öz ordusunda yüksək şəxsi nüfuza malik olan Teymur silahdaşlarına güvənirdi. Çingizxanla Teymurun fərqi uğursuz şəkildə seçib vətəndaş idarəetməsinə qoyduğu insanlarda olur. Teymur alimlər ilə söhbət etməyi, xüsusən də tarixi əsərləri dinləməyi çox sevirdi. O, tarixi və əfsanəvi qəhrəmanların cəsurluqlarından danışaraq öz döyüşçülərini ruhlandırırdı. Əmir Teymur uzaqgörən dövlət xadimi idi. İşğal etdiyi ölkələrdə alimlərə, sənətkarlara, tacirlərə toxunmazdı. Fəth etdiyi ölkələrdən Səmərqəndə yalnız qiymətli daş-qaşlar gətirməz, nadir kitablar, əlyazmalarla birgə şair və sənətkarları, xəttat və nəqqaşları da imperiyanın paytaxtına yığardı. Əmir Teymur İmperiyanın ayrı-ayrı vilayətləri arasında əlaqə yaradılmasında tacirlərin roluna xüsusi qiymət verirdi. O, Avropa hakimlərinə məktublarında yazırdı: “Bütün aləm ancaq tacirlərin əməyi sayəsində gülşən olur. Tacirlərin sıxışdırılması yolverilməzdir. Mən istərdim ki, biz bu yerlərdə firəng tacirlərini necə himayə ediriksə, bizim tacirlərimizə də o yerlərdə eyni cür münasibət bəslənilsin”.

Teymurun Səmərqəndə olan qayğısı onun bu məşhur cümləsində öz əksini tapıb: “Səmərqəndin üzərində həmişə mavi səma və qızıl ulduzlar olacaq”.  O, 1398-ci ildə Əfqanıstanda,   1401 -ci ildə isə Cənubi Qafqazda yeni suvarma kanalı çəkdirir. Mənbələrdə və Əmir Teymurun öz nizamnaməsində yazılır ki, o Məhəmməd peyğəmbərin (s) nəslindəndir. Əmir Teymur 35 illik hakimiyyəti dövründə dünyanın 27 ölkəsini bir bayraq altında birləşdirə bilir.

1405-ci ilin soyuq fevral gecəsində Asiyanın yarısını fəth etmiş 69 yaşlı Əmir Teymur qədim Otrar şəhərində, ölüm yatağında idi. O, hələ də həkimi Fəzlullahın onu ölümün pəncəsindən xilas edəcəyinə inanırdı. Buna görə də, Çinə hərbi səfərin təxirə salınması haqda fikirləri qəti rədd edirdi. Teymur həmişə olduğu kimi, yenə də ulu Tanrıya bu səfərinin də zəfərlə başa çatması üçün dualar edir, ondan möhlət istəyirdi. Artıq fevralın 17-si idi. Səhər Fəzlullah özündə cəsarət  tapıb Əmirə deyir ki, vəsiyyətini etsin, yoxsa gec olar. Teymurun yaxınları onun yatağı önündə yığışırlar .Güclə danışan Əmir yalnız bir neçə söz deyə bilir: “Məni Seyid Bərkənin ayağı altında basdırın… Bir də ki… Nə olursa olsun, qılıncı əlinizdə möhkəm tutun… Zəifliyi qəlbinizə yaxın buraxmayın. Zəiflik ağlınızı çaşdırar, ruhunuzu məhv edər,qoymaz məqsədinizə çatasınız. Eşidirsiniz?.. Zəif olan məqsədinə çatmayacaq… ” Əmir Teymurun nəsli 488 il hakimiyyətdə olur. Onun nəslindən olan 70 kişiyə tanrı padşahlıq qismət edir.

1941-ci ildə Stalin M.M.Gerasimov və bir qrup arxeoloqa “Əmiri-Gur” məqbərəsini açıb tədqiqat aparmağa icazə verir. Qazıntılar 16 iyunda başlanılır. Əvvəl nəvəsi Uluqbəyin oğullarını, sonra Teymurun oğulları Miranşah və Şahruhun cənazəsini yerindən çıxarırlar. Alimlər  iyunun 21-dən 22-nə keçən gecə Teymurun  sərdabəsinə  düşdülər. Əmir Teymurun qəbir daşını yerindən tərpədəndə ətrafa qətran, kamfora, qızılgül və büxur ətrindən qarışıq boğucu qoxu yayılır. Teymura aid edilən skeletin tədqiqi zamanı onun boyunun 172 sm olduğu aşkarlanır. Yaşının çox olmasına baxmayaraq onun  kəllə sümüyü  və skeletində açıq nəzərə çarpan qocalıq cizgiləri olmur.

Xalq böyük  sərkərdənin qəbrini açılmasına etiraz edir və bunun fəlakətlərlə nəticələnəcəyini söyləyir. Bundan  bir saat keçmiş Almaniya SSRİ-yə hücüm haqqında göstəriş verir. Buna baxmayaraq, Teymurun sümükləri qəbirdən çıxarılıb Moskvaya gətirilir. Stalin taleyini  bir az da sınamaqdan çəkinib  Teymurun sümüklərini yerinə qaytarılması əmrini verir.

Şəkil: Nicola e Pina

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.