Aktual, ZZ-Manşet

“Yerli genetik modifikasiya olunmuş bitkilər əkilir”

Azərbaycan Respublikası  Prezidentinin 2013-cü il 22 oktyabr tarixli sərəncamına əsasən “Seleksiya nəaliyyətləri haqqında” qanunun 12-ci maddəsində edilən dəyişikliyə görə,  genetik modifikasiya olunmuş bitkilərin dövlət reystrinə daxil edilməsi qadağandır.

Bəs ölkə ərazisində geni dəyişdirilmiş məhsullar varmı? Suallarımıza cavab tapmaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Ekspert ölkə daxilində GMO tərkibli bitkilərin yetişdirildiyini iddia  edir.

Eyyub Hüseynov:

 Yerli genetik modifikasiya olunmuş bitkilər əkilir. Çox təəssüf ki, bunu nə əhali bilir, nə də buna nəzarət edən dövlət qurumlarının fəal işi var. O bitkidən ki,  növbəti ilə  toxum götürəndə  o toxum cücərti vermir, artıq onun genetik modifikasiya olunmuş bitki olmasının əlamətlərindən biridir. Ölkədə əkilən qarpızların 80%-i, pomidorların 90%-i bu cürdür. Növbəti il onlardan toxum götürsən, o toxumlar cücərti vermirlər.

Görəsn əhali necə, GMO məhsulları digərlərindən fəqləndirə bilirmi?

Şəhər sakini:

Yerli meyvələr  gözümüzün qabağında yetişən bağlardan, bostanlardan gəlir. Ancaq xaricdən gələnlər nə bilirsən hardan necə gəlir? Onlar necə yetişir onu da görmürsən. Meyvəyə baxanda iriliyinə görə hiss olunur ki, buna dava-dərman çox vurublar ki, bu qədər şişib.

-Təbii yetişmiş meyvə ilə parnikdə yetişmiş meyvə arasında fərq var yəqin ki. Tamda da fərq edir. Ancaq istifadə edirlər. Belə fikirləşirik ki, onları mağazalara qoymamışdan öncə sertifikat verirlər, yoxluyurlar.

-Dərman olub-olmaması tamından bilinir. Meyvə biri var öz becərildiyi vəziyyətdə əmələ gəlir, biri də var iynə vurub şişirtmək ya dərman verib şişirtməklə. Kimyəvi vasitələrdir hamısı.

GMO məhsullarının yaranmasından danışan həkim, ekspert Adil Qeybullanın sözlərinə görə, qısa bir müddətdə kiçik ərazilərdə çoxlu miqdarda məhsul əldə etmək imkanı ortaya çıxır. Və bunun nəticəsində həmin ərzaqların müəyyən atmosfer təzyiqində uzun müddət saxlanılma imkanı yaranır. Ekspert buna misal olaraq pomidorun bir genini dəyişib onu konkret tempraturda 500 il saxlamaq mümkünlüyünü qeyd edir.

Adil  Qeybulla həmçinin GMO məhsulları digərlərindən fərqləndirən  nişanələrdən danışır.

Adil Qeybulla:

GMO (genetik modifikasiya olunmuş orqanizmlər) məhsulların adətən xarici ölçüləri, qabaritləri, formaları bir-birinə çox oxşar olur. Bəzən tam identik olur. Üzərində başqa meyvələrdə olduğu qurd ləkələri, digər piqmentasyon ləkələr, çürüntü yerləri adətən müşahidə edimir. Daha çox təbiətdə yaşayan, onun məhsulları ilə qidalanan adamlar dad xüsusiyyətlərində də onu hiss edirlər.

15 aprel 2009-cu ildə Azərbaycan Respublikası Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin nəznində Təcrübə-sınaq mərkəzi yaradılmışdır. Burada bir çox laboratoriya ilə yanaşı GMO məhsulların sınaq laboratoriyası da  fəaliyyət göstərir.

Labaratoriyanın mütəxəssisi Ayaz Məmmədov deyir ki, meyvə-tərəvəzin vizual görünüşünə baxaraq onun GMO tərkibli olub-olmamasını anlamaq  mümkün deyil.

Ayaz Məmmədov:

Camaatı təşvişə salırlar. Bizim laboratoriyamız var, kim şübhələnir gətirsin təqdim etsin. Real DNT səviyyəsində biz onu sübut edirik ki, burada var yoxsa yoxdur.

Ayaz-Memmedov-Gmo

Mütəxəssis həmçinin bildirir ki, labaratoriyada indiyədək apardıqları sınaqlarda hələ GMO aşkarlamayıblar.

Mövzu ilə əlaqədar fikirlərini bölüşən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov da ölkədə GMO məhsullarını qadağan edən qanunun olduğunu xatırladır və qanuna uyğun olaraq müəyyən işlər görüldüyünü bildirir.

Vahid Əhmədov:

Azərbaycanda sərhədlərdə labaratoriyalar qoyulub. Kənd Təssərrüfatı Nazirliyinin xüsusi idarəsi var hansı ki, bu işlərlə məşğuldur. Modifikasiyası dəyişdirilmiş bitkilərin o cümlədən meyvə-tərəvəzlərin Azərbaycana daxil olmasına əvvəl baxırlar, müəyyən analizdən keçirdikdən sonra bu məsələ həll edilir.

Millət vəkili həmçinin deyir ki, mövcud problem gec-tez öz həllini tapacaq.

Bunlar hamısı o vaxt öz yerini tapacaq ki, Azərbaycanda ərzaq təhlükəsizliyində  əlavə heç bir problem olmayacaq. Xaricdən meyvə idxalına,  ölkə daxilində GMO bitkilərin yetişdirilməsinə ehtiyac olmayacaq.

Mövzu ilə bağlı olaraq Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən isə bildirdilər ki, bu məsələ nazirliyin səlahiyyətlərinə daxil deyil.

 

Öncəki xəbərNövbəti xəbər