Aktual, GSR fm, Z-Manset

Yollar niyə dağılır?

Son vaxtlar redaksiyamıza yolların yararsız vəziyyətə düşməsi ilə bağlı şikayətlər daxil olur. Şikayətlərin əksəriyyətində buna səbəb kimi ağır tonnajlı yük avtomobillərinin həddindən artıq yüklənməsi göstərilib. Biz də şikayətləri əsas tutaraq mövzu ilə bağlı araşdırma apardıq.

Söhbətləşdiyimiz yük avtomobil sürücüsü Süleyman Qəhrəmanov idarə etdiyi avtomobili oxu çox olduğu üçün bəzi hallarda normadan artıq yüklədiyini etiraf edir.

Süleyman Qəhrəmanov:                                            

Mənim maşınımın 66 ton götürmə qabiliyyəti var. Amma maşının doqquz dənə oxu var. Doqquz oxu 10 tondan böləndə də 90 ton eliyir. 66 ton maşının götürmə qabiliyyətidir, 24 ton da maşının öz çəkisidir. Bu ödəyir, buna problem yoxdur.

Sürücü daha çox “Şaqman” markalı yük avtomobillərinin yolları dağıtdığını iddia edir.

Süleyman Qəhrəmanov:

 “Şaqman” markalı maşınlar yolları dağıdır. Çünki o maşınların cəmi 4 dənə ox sayı var. Ox sayı çox olsa, yollar dağılmaz. Ox sayı azdır və yük bir yerə düşür, o da yolları dağıdır.

Mövzu ilə bağlı “Azəryolservis”ASC-dən isə yazılı informasiya sorğumuza cavabda bildirilir ki: “Ağır tonnajlı yük avtomobillərinin yolları dağıtmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti 7 iyul 2009-cu il tarixində 104 nömrəli qərar qəbul edib. Qərarın icrası ilə əlaqədar Nəqliyyat Nazirliyi və “Azəryolservis”ASC-nin əməkdaşları tərəfindən bu tipli avtomobillərin yüklə birlikdə ümumi kütləsi konkret müəyyənləşdirilib. Belə ki, ikioxlu avtonəqliyyat vasitəsilə 18 tonadək, üçoxlu avtonəqliyyat vasitəsilə 30 tonadək, dördoxlu avtonəqliyyat vasitəsilə 40 tonadək, beşoxlu avtonəqliyyat vasitəsilə isə 44 tonadək yük daşınmasına icazə verilir. Müəyyən edilmiş çəki normalarından artıq yüklənmiş nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə qadağa qoyulub.”

IMG_9458

Nəqliyyatçıların Hüquq Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri, ekspert Məzahir Rüstəmov da deyir ki, ağır çəkili və xüsusi qabaritli nəqliyyat vasitələri yolların tez sıradan çıxmasında müəyyən rol oynayır. Onun sözlərində görə, əvvəlki illərdə mövcud problemin qarşısını almaq üçün müvafiq dövlət qurumları tərəfindən yollarda mütəmadi olaraq reydlər keçirilsə də indi bu reydlərə rast gəlinmir.

Ekspert böyük vəsait hesabına başa gələn yolların tez sıradan çıxmasının digər bir səbəbini də yolların keyfiyyətinin standartlara uyğun olmamasında görür.

Məzahir Rüstəmov:

Təbii ki,  bu yollar gərək ki lazımınca düzgün, texniki qaydalara uyğun tikilmiş olsun ki, o yollar həddindən artıq yüklənmiş maşınlara cavab verə bilsin. Ancaq bizdə də yollar bərbad vəziyyətdə olduğuna görə, yəni onun keyfiyyəti standartlara uyğun olmayan, sadəcə olaraq sənədlər üzərində yazılır ki, standartlara uyğun yollar təhvil verilib.  

Mövzu ilə bağlı Nəqliyyat Nazirliyindən mövqe almaq cəhdlərimiz isə baş tutmadı.

Onu da qeyd edək ki, 2015-ci ildə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri 290,0 mln. manat təşkil edəcək. Bu da 2014-cü illə müqayisədə 76,0 mln. manat çoxdur.

Öncəki xəbərNövbəti xəbər