Müsahibə, ZZ-Manşet

YUĞ teatrında “Metamorfoza” tamaşasının premyerası keçirilib

14 iyun Azərbaycan Dövlət YUĞ Teatrında “Metamorfoza” adlı tamaşanın premyerası keçirilib.

Günay Səttarın quruluşunda təqdim olunan tamaşa Səidə Haqverdiyevanın hekayələri əsasında hazırlanıb. Xronometrajı 60 dəqiqə davam edən bir hissəli tamaşada rolları  Zümrüd Qasımova, Oqtay Mehdiyev və Elgün Həmidov ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Umay Həsənovaya, musiqi tərtibatı isə Amid Qasımova məxsusdur.

Səhnə əsərində 3 naməlum şəxs- “Mən”, “Sən”, “O” düşdükəri şəraitdən xilas olmaq üçün özlərindən uzaqlaşırlar. Tamaşanın  qayəsi belədir: sonrakı peşmanlıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.

“Metamorfoza” tamaşasının quruluşçu  rejissoru Günay Səttarın sözlərinə görə, tamaşada ana-övlad, kişi-qadın münasibətləri, məişət problemləri yer alıb:

“Bir çox gənc  yazarlar kimi Səidə xanıma da təklif etmişdim ki, hekayələrini mənə göndərsin. Bir neçə hekayəsini oxudum, xüsusilə  “Qisas”ı çox bəyəndim və qərara gəldik ki, bu hekayə əsasında tamaşanı quraq. Baş rejissorumuz Gümrah Ömər də iclasda  bu hekayə əsasında tamaşa qurmağı təklif etmişdi”.

Rejissor Günay Səttar  tamaşada istifadə olunan çarpayı elementinin mənası haqqında da danışıb:

“Tamaşada minimalizm üzərində modul hazırlamışıq. Məsələn, çarpayı burada moduldur. Bu həm islah koloniyasını, həm xəstə çarpayısını, həm qəbri, həm də yatmaq üçün bir vasitəni xatırladır”.

“Metamorfoza” tamaşasında “Mən” rolunu ifa edən  YUĞ Dövlət teatrının aktrisası Zümrüd Qasımova oynadığı roldan danışarkən qeyd edib ki, o bu tamaşada həm müəllifin fikirlərini , həm rejissorun quruluşunu, həm də öz daxili aləmini ifa edib.

“Məni narahat edən problemlər  tamaşanın quruluşunda əks olunduğu üçün  səhnə əsəri mənə çox yaxın idi. Həm də rejissorla uzun zaman işlədiyimizə görə bütün bunlar tamaşada bir-birini tamamladı. Məncə, tamaşaçılar tamaşanı çox yaxşı qəbul etdilər. Əslində tamaşa 7 dəfə oynanılandan sonra anlayırsan ki,  istədiyin kimi alınıb, yoxsa yox. Tərəf müqabillərimlə işləmək mənim üçün çox rahat idi və düşünürəm ki, o gözəl hisslərimizi tamaşaçılarımıza ötürə bildik”.

Tamaşaçı qismində iştirak edən  Samirə Əşrəf tamaşadan zövq aldığını bildirir:

“Səhnə əsəri çox xoşuma gəldi. Aktyor ifası gözəl idi. Xüsusilə, qadın zorakılığını aktrisa Zümrüd Qasımova çox gözəl ifa etdi. Düşünürəm ki, qadın problemlərinin işıqlandırılması baxımından bu tamaşa Azərbaycan teatr səhnəsinə yenilik gətirdi”.

Digər tamaşaçı Aida Nəbiyeva tamaşada psixoloji-fəlsəfi motivlərin olmasını təqdir edir:

“Ən çox diqqətimi çəkən məqam  müasir dövrümüzlə səsləşən o qadının problemi idi. Fəlsəfi- psixoloji  tamaşalar nə qədər  çox olsa bir o qədər yaxşıdır. İnsan nə qədər çox düşünərsə, dərk edərsə o qədər çox öz mənini tanımış olar. Bugünki tamaşa da mənə öz növbəsində  mənimi dərk etməyə kömək etdi”.

Qeyd edək ki, 4  iyun tarixində “Metamorfoza” tamaşasının ilkin baxışı keçirilib.

 

 

Öncəki xəbərNövbəti xəbər