ARTmosfer, Z-Manset

Yüksəklik qorxusu olan alpinist - ARTMosfer

ARTmosfer rubrikasında bu dəfə sizə, dağ idman növlərindən biri – qayayadırmanma haqqında söhbət açacağıq. Qayayadırmanmanın tarixi insanların dağlara yürüşü ilə bağlıdır. Qarşılarına çıxan qayaları ram etmək məqsədilə onlarda bu sahəyə maraq yaranmağa başlayıb. Bu növün qaydalarının hazırlanması isə 19-cu əsrin axırı, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Hazırda dünyanın bir çox ölkələrində yayılan qayayadırmanmaya Azərbaycanda da maraq göstərən gənclər var.

Elə müsahiblərimiz 24 yaşlı Sima Səfərova və 30 yaşlı Vahid Bayramov da 3 ildir ki, bu idman növü  ilə məşğul olurlar.

Gənc alpinistlərlə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının məşq zalında görüşürük. İsinmə hərəkətləri və trenajorlarda məşqdən sonra hər ikisi xüsusi avadanlıqlarını geyinir, süni yaradılmış hündür “qayalara” dırmanırlar.

Sima bu idman növü ilə məşğul olmağa Qərb Universitetdə təhsil aldığı dövrdə başladığını deyir. Bu yaş isə qayayadırmanma üçün heç də əlverişli deyil. Onun sözlərinə görə, xarici ölkələrdə bu idman növü ilə məşğul olmağa 7-10 yaşlarında başlayırlar. Sonra öyrənirik ki, Simanın həm də, yüksəklik qorxusu varmış.

Sima: Bir dənə yüksəklik qorxum var, o da anadan gəlmədir. Keçmir onsuz da. Çalışıram aşağı baxmayım, yuxarı baxıram.

Qayayadırmanmanın çətinlik, sürət və boulderinq növləri ilə məşğul olan gənc alpinistlər bu idman növünə maraq göstərənlərdən əsasən cəsarət və dözümlülük tələb olunduğunu deyirlər.

Sima: Bir az dözümlülük, biraz güc, bir az da səbr lazımdır. Çünki inkişaf birdən olmur. Gərək biraz səbrlə gözləyəsən inkişafa qədərki vaxtı. Öz üzərində işləsən əvvəl axır olacaq.

Təhlükəli idman növü sayılan qayayadırmanma zamanı qar-buz uçqunları,çovğun, mənfi temperatur kimi təhlükələr hər zaman gözlənilən olur. Gənc alpinistlər də dəfələrlə belə qəzalarla üzləşdiklərini bildirirlər.

Sima: Qəzalar olub, amma heç birindən qorxmamışam, normal qarşılamışam.  Ayağımda, qollarımda travmalar olub. Eləsi var hələ də qalır. Amma məşq elədikcə keçir.

Vahid: Fransada dünya çempionatında yüngül qəza oldu yarış öncəsi. Bir yarışı zədə ilə, digərlərini də buraxmalı oldum.

Gənc idmançıların bu cür qəzalardan və soyuqdan necə qorunduqlarını ilə maraqlanırıq.

Sima: Bizim risklərdən qorunmaq üçün texniki vasitələrimiz var. Məsələn, kaskasız çıxmırıq təbii qayalara buzadırmanmada. Xüsusi geyimlərimiz var ki, onunla qorunuruq. Buzadırmanmada məsələn 30-40 arası dözümlülük geyimlərimiz var-termobiyalar. Soyuqdan qorunmaq üçün.

Azərbaycanın hansı bölgələrinin qayayadırmanma üçün əlverilşi olduğunu öyrənirik.

SimaQusarın Ləzə kəndi var həm buzda, həm qayada biz yarışlar keçiririk. Orada şəlalələr var qışda 30-40 arası olur. Rahat buza dırmana bilirik. Yayda hava sərin olur amma qayaları əlverişlidir. Yarışlar üçün də, məşq eləmək üçün də. Bir də Beşbarmaqda təbii qayalar var yarışlar keçiririk.

Bugünə qədər müxtəlif yarışlada Azərbaycanı təmsil edən alpinistlərin ən böyük arzusu Çində yerləşən 8848 metr hündürlüyündəki Everest zirvəsinə qalxmaqdır.

Sima: Əvvəl daxili yarışlarda başlamışdıq, yer tutandan sonra milli yığmaya yazdılar. İndi həm xaricdə, həm Azərbaycanda təmsil edirik.  Bütün alpinistərin arzusudur Everestə çıxmaq. Düzdür çoxunu orda don vurub ölüb amma bilsək ki, gedib orda öləcəyik, həyatımızın sonunda da gedib orda ölməyə razıyıq.

Vahid- Mən də ölkədaxili yarışlarda iştirak etmişəm. Dünya çempionatı və ölkədaxili yarışlarda. Ən böyük uğurum 2014-cü il respublika çempionu olmağımdır. Çalışıram gələcəkdə də Azərbaycan bayrağını yüksəklərə qaldırım.

Hazırladı:
Duyğu Qasımlı
Əkrəm Hüseyn

Öncəki xəbərNövbəti xəbər