Podkastlar, ZZ-Manşet

“Yuxularımızda bizə su verən oğlanla ailə qururduq”

Tarixi qədim olan Novruz bayramı hər il Azərbaycanda böyük təntənə ilə qeyd olunur. Mart ayının 21-də – gecə ilə gündüzün bərabərləşdiyi vaxt qeyd olunan Novruz baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması, yeni ilin gəliş bayramıdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Bu bayramda kin-küdurət unudulmalı, heç kim küsülü qalmamalıdır. Çünki Novruz bolluq, xeyirxahlıq, ruh yüksəkliyi, torpağa və insana məhəbbət bayramıdır.
Bu bayramı daha da maraqlı edən isə Su, Od, Torpaq və Yel çərşənbələrinin qeyd olunmasıdır. Qədim inanclara görə, insan və kainat bu dörd əsas ünsürdən yaranıb. Məhz buna görə də çərşənbələr belə adlandırılıb.

İlk çərşənbə – Su çərşənbəsində su mənbələri təmizlənir, çayların buzu əriyir, torpaq islanır. Bu çərşənbədə su ilə bağlı fallar gecəni daha da maraqlı edir. Həmin fal və inanclar haqqında isə Gəncə sakini Rəsmiyyə xanımın dilindən eşidək:

-Bayramlarda səhər o başdan dururduq 06:00-da kəndimizə gedirdik, orda axar suya gedirdik, baxırdıq belə hamısı gənclər idi. Butulkalar qırırdıq və deyirdik: “Atıl-batıl çərşənbə, baxtım açıl çərşənbə”.

İkinci çərşənbənin Od çərşənbəsi adlandırılması Günəşin hərarətinin artıb, torpağı qızdırıb, isitməsi ilə əlaqələndirilir. Həmin gün evlərdə xonçalar qurulur, ailə üzvlərinin sayı qədər şam yandırılır, həyətlərdə tonqal qalanır, hər kəs tonqalın üstündən hoppanaraq köhnə ilin ağırlığını odda yandırır.

Üçüncü çərşənbə – Yel çərşənbəsində isə hava nisbətən küləkli olur. Küləyin köməyilə ağaclar tumurcuqlayır. Bu çərşənbədə həyata keçirilən fallardan Rəsmiyyə xanım bunu misal çəkir:

-Biz yeniyetmə olanda bayramda duzlu kökələr bişirirdik. Duzlu kökə – yeddi qaşıq un, yeddi qaşıq duz qatıb yoğururduq, onu bişirib yeyirdik. Əgər yuxularımızda hansı oğlan bizə su verirdisə, o oğlan ilə gələcəkdə ailə qururduq.

Axır çərşənbə – Torpaq çərşənbəsində isə torpaq oyanır. Artıq torpaq əkinə hazır olur. Azərbaycanın bir sıra rayonlarında Novruz bayramını bu çərşənbədə qeyd edirlər. Adətə görə, son çərşənbədə süfrə dolu olmalı, nişanlı qızlara bayram payı aparılmalıdır. Süfrəyə qoyulan xonçaya şəkərbura, paxlava ilə yanaşı noğul, nabat, püstə, badam, kişmiş, qoz, fındıq və bir çox çərəzlər düzülməlidir. Axır çərşənbədə “yeddi sin” süfrəsi də açılır. Adətə görə, süfrəyə yeddi “s” hərfi ilə başlayan ərzaq və nəsnələr qoyulmalıdır. Bunlardan sirkə dad və zövqə, sarımsaq sağlamlığa, səbzə ümidə, sumax bərəkətə, sikkə varlığa, saat uzun ömürlüyə, su isə aydınlığa işarədir. Bu çərşənbədə həmçinin, qonaq gedib pay aparmaq, valideynlərinin və yaxınlarının qəbirlərini ziyarət etmək lazımdır. Həmin gün “Çilə çıxarmaq” mərasimi də həyata keçirilir. Belə ki, ilaxır çərşənbə gecəsi səhərə qədər təzə günü görmək məqsədi ilə oyaq qalırlar. Qızlar fala baxmaqla, oğlanlar isə müəyyən oyunlar oynamaqla gecəni keçirirlər. Həmin gün bütün mənzillərin qapısı açıq saxlanılır. Səhər tezdən axar suya gedirlər və həmin sudan gətirib evə səpirlər.

Rəsmiyyə xanım deyir ki, son çərşənbədəki inaclardan biri də qızların qapı pusmasıdır. Ürəyində niyyət tutub, əlləri ilə qulaqlarını tutaraq hər hansı qapıya yaxınlaşır və əllərini qulaqlarından çəkib eşitdikləri ilk sözü niyyətlərinə uyğun yozurlar. Odur ki, bayram axşamlarında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Bayram günü qızlar gələcək nişanlılarının adını öyrənmək məqsədi ilə bir qabda su götürürlər. Şamı yandırıb qızın yaşının sayı qədər suya mum damcıladırlar. Bir qədər gözlədikdən sonra suda yaranan hərf qızın gələcək nişanlısının adının baş hərfi sayılır.

Novruz bayramında qədimdən mövcud olan yumurta boyama ənənəsi bu gün də davam edir. Qədim zamanlarda bir çox xalq yumurtanı həyatın, canlılığın rəmzi hesab ediblər. İnsanların etiqadına görə, yumurtadan həm xeyir, həm də şər törəyə bilər. İnanclara görə, onun dairəviliyi və qabığı torpağı, pərdəsi havanı, sarısı odu, ağı isə suyu simvollaşdırır. Yumurta boyamaq da çox qədim adətdir. Onun rəngləri simvolik xarakter daşıyır. Belə ki , qırmızı rəngə boyanmış yumurta yayı, yaşıl rəng yazı, sarı payızı, rəngsiz olan yumurta isə qışı göstərir. Yumurtayla bağlı inanclardan biri də onun xonçada uzun müddət saxlanılmasıdır. Belə bir həqiqət var ki, yumurta uzun müddət saxlanarsa su və karbondioksit itkisi səbəbiylə çəkisi azalar. Ancaq ulu nənə-babalarımız bunu həyat təcrübələrindən bilirdirlər. Düşünürdülər ki, yumurta qaldıqca yüngüləşir və bununla da üzərlərində olan ağırlıqlar azalır. Yumurta döyüşdürmək də bu bayramın ən məşhur adətlərdən biridir. Adətə görə, boyanmış yumurtaları yeddi oğlan döyüşdürməlidir. Kim qalib gəldisə, həmin ili oğlan ailə qurur.

Novruz bayramını səmənisiz təsəvvür etmək mümkün deyil. Yazın ilk müjdəçisi sayılan səməni təbiətin yenidən canlanmasının ifadə edir. Əvvəllər səmənini yazda səpiləcək toxumun yaxşı olub-olmadığını yoxlamaq üçün göyərdiblər. İnanırdılar ki, səməni yaxşı cücərsə, məhsul da bol olacaq. Səməni cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə, demək ki, niyyətin çin olacaq.

Əlbəttə ki, Novruzda qonaq gələn keçəl ilə kosanı da unutmaq olmaz. Azərbaycanda lap qədimlərdən Novruz şənliklərində “Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvkəs”, “Kos-kosa”, “Qaravəlli” və s. kimi milli xalq oyunları keçirilib. Bu oyunların içərisində ən geniş yayılmışı “Kos-kosa”dır. Oyuna görə, cavanlar bir yerə toplaşıb, zirək, hazırcavab bir oğlana dəri kürkü geyindirməli, başına uzun, motal papaq taxıb, mahnı oxuya-oxuya gəzməlidirlər.

Novruz bayramı bu gün təkcə Azərbaycanda deyil, İranda, Əfqanıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Pakistanda, Qazaxıstanda və Qırğısıztanda da xüsusi təntənə ilə qeyd edilir.

Öncəki xəbərNövbəti xəbər