Cəmiyyət

Zabrat sakini su istəyir!

67 Yaşlı Rahidə xanım, dörd  ildir ki, yaşadığı mənzildə su problemi olduğunu deyir. 2010-cu ilin yanvar ayından Zabrat qəsəbəsinin Molla Vəli Vidadi küçəsində məskunlaşan  Rahidə xanım bildirir ki, digər fəsillərdə su gündəlik olaraq verilsə də, yay aylarında  onların suyu gecə saat birdən sonra gəlir.

Hər gün gecə saatlarına qədər yatmayıb,suyun gəlməsini gözləməyin onun üçün çətin olduğunu söyləyən Rahidə xanım bildirir ki, isti keçən yay fəslində susuzluq ucbatından onun təsərrüfatına da ziyan dəyib.

Rahidə xanım:

 Dünən gecə yatmamışam, saat  birdən-üçə qədər doldurduğum sular bax bunlardır. Çünki məndə su xəttinə su gəlmir. Bax görürsən? Qup-quru.. Gör nə qədər quruyub. Qeys ağacım qara gündə elə qurudu. Keçən il də bir ağacım qurudu, onu çıxardıq. İndi də qeys ağacını çıxarılacaq.

Rahidə xanım düşünür ki, bu haqda aidiyyatı orqanlara müraciət etməyin heç bir mənası yoxdur. Çünki həm İcra hakimiyyəti, həm də bələdiyyə bu problemdən uzun müddətdir ki, xəbərdardırlar.

elave-sekil---Rahide-xala-problemden-danisirRahidə xanım:

Lap getdim mən, bir dənə sözlə yola salacaqlar. Televiziyada görmürsən 1000 dənə problemlə müraciət edirlər, deyirlər ki, həə bilirik, bu problemdən xəbərimiz var və müəyyən təşkilatlarda tapşırılıq verilib iş görülür. Amma nə işdir? Onu onlar özləri bilir.

Həmçinin əlavə edir ki, üç il əvvəl qəsəbə sakinlərinə suyun tezliklə veriləcəyi ilə bağlı su idarəsi tərəfindən söz verilsə də, vəziyyət eyni olaraq qalır.

Rahidə xanım:

Bax, demişdilər ki, Novruz bayramı üçün olacaq. Sonra şayiə gəzdi ki, iyunda  olacaq mütləq. İyun da qurtardı. Sonra da dedilər ki, iyulda. Artıq avqustun ortasıdır, daha nə qaldı 15 gündən sonra onsuz da  su xırda-xırda başlıyır gəlməyə.

Zabrat qəsəbəsində bu problemdən təkcə Rahidə xanım əziyyət çəkmir. Qəsəbənin digər sakinləri arasında onun kimi hər gecə gec saatlara qədər suyun gəlməsini gözləyənlər heç də az deyil.

Su problemlərinin həlli üçün alternativ yol tapan qonşular da var. Bu həll yolu isə  onların cibindən bir ton su üçün səkkiz manat çıxmasından keçir.

Qəsəbə sakini  Samirə xanım deyir ki, bir çox  gecələr su  gəlmədiyinə görə  onlar da çarəsizlikdən suyu pulla almağa məcbur olurlar.

O, həmçinin düşünür ki, yay fəslində suyu bilərəkdən vermirlər ki, insanlar maşınlardan su alsınlar.

Samirə xanım:

Mən 2007-ci ildən burda yaşayıram və 2007-ci ildən  də əziyyət çəkirik. Biz su üzü görmürük. Yəni mən burda 7-8 ildi su görmürəm. Suyu maşınlardan  alırıq, çənə doldururuq. Güllərim,ağaclarım hamısı susuzdur. Deyirlər ki, Maştağadan suyu bağlayırlar, su da paylanmır, camaat da bu vəziyyətdədir.  Paylanır daha doğrusu amma pulla satırlır.

Samirə xanım iddia edir ki, su gəlmədiyi halda ondan su idarəsinin əməkdaşları 38 manat  ödəniş tələb ediblər. O, suyun gəlmədiyini desə də, onlar bu pulun verilməli olduğunu bildiriblər. Samirə xanım ödəniş etdiyini və pulu ödədiyinə dair əlində qəbz olduğunu bildirir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  mətbuat xidmətinin rəhbəri Anar  Cəbrayıllının sözlərinə görə isə adı çəkilən problem yaxın zamanlarda öz həllini tapacaq.

Anar  Cəbrayıllı:

Zabratda su problemindən biz də xəbərdarıq. Bununla bağlı bilirsiz ki  dövlət  proqramı  yəni “Bakı şəhəri və onun qəsəbələrinin sosial inkişafı” proqramı var və bu çərçivədə işlərimiz gedir. Zabrat qəsəbəsi dövlət proqramına salınıb. Artıq 2013-2014-cü illərdə həmin qəsəbənin su problemi həll olunacaq.

Xidmət rəhbəri su gəlmədiyi halda 38 manat pul alınan vətəndaş haqqındakı  məsələyə də aydınlıq gətirir.

Anar  Cəbrayıllı:

O vətəndaş ümumiyyətlə gedib su idarəsinə ərizə verib hesabını bağlatdırmalıdır ki, ona su hesabatı gəlməsin. hər halda o yerində araşdırma tələb edir və ona görə də biz həmin vətəndaşa  məsləhət görürük ki, getsin Sabunçu Rayon Su Kanal İdarəsinə, oranın Müştəri Xidmətlərinə. Orda ona ətraflı məlumat veriləcək.

İqtisadi ekspert Natiq Cəfərli isə vətəndaşların su problemlərinin hələ də həll olunmamasının səbəbini sözügedən dövlət proqramında olan gecikmələrdə görür.

Natiq Cəfərli:

Su layihəsinin həyata keçirilməsindən sonra Bakının demək olar ki, sutka ərzində su ilə təmin olunması tamamilə başa çatmalı idi. Təəssüf ki,hələ bütün problemlər aradan qaldırılmayıb. Nəzərdə tutulduğu həcmdən  daha az su daxil olur Bakıya,həm də Bakı daxilindəki şəbəkələşmə işi axıra çatmadığından hələ ki, istənilən nəticə əldə olunmayıb.

2013-cü ildə keçiriləcək Prezident seçkilərinə kimi  problemin bir hissəsinin həll olunacağını söyləyən ekspert bildirir ki, bu gecikmələr qanun pozuntularından irəli gəlir.

Natiq Cəfərli:

Proses gedir amma nəzərdə tutulduğundan daha ləng, daha az sürətlə gedir.  Həm də ki, ciddi qanun pozuntuları da var. Həm bu proyektlərin  maliyyə dəyəri yüksəkdir, həm də  bu proyektlər həddindən artıq yüksək büdcə vəsaitləri hesabına başa gəlir və büdcə vəsaitlərinin xərclənməsindəki qeyri-şəffaflıq suallar doğurur.

Həmçinin, ekspert qeyd edir ki, hal-hazırda Bakı əhalisinin 60%-dən çoxu günün 24 saatı su ilə təmin olunur, digər 40%-nə isə gün ərzində su rejimlə verilir.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.