Aktual

Ailələri tərəfindən istismar olunanlar …

Payız gəlmişdi, yenə hava tutqun idi.  Şıdırğı yağış yağırdı. İnsanlar evlərinə tələsir, o isə pul qazanmaq üçün hələ də işləyirdi.  Axşam evə “soyuq idi, yağış yağırdı, işləyə bilmədim” bəhanəsiylə gedə bilməzdi.  Söhbət azyaşlı olmasına baxmayaraq, çətin həyat şərtləri altında işləməyə məcbur olan Orxandan gedir. 13 yaşlı Orxan anası, dayısı və balaca bacısıyla birlikdə Sulutəpədə yaşayır. Atası 2 il əvvəl işləmək üçün Rusiyaya gedib. Elə o vaxtdan Orxan atasını nə görüb, nə də ki, ondan bir xəbər alıb. Beləliklə, ailənin bütün yükü balaca Orxanın çiyinlərinə düşüb.

O, oxumağın “daş”ını atıb, evə qazanc gətirməyə məcbur olub. Bəlkə də Orxan məktəbə getməyi, yazıb-oxumağı öyrənməyi hamıdan çox istəyərdi. Lakin iki ildir ki, o, məktəb əvəzinə hər gün  “Elmlər Akademiyası” metrosunun çıxışına “işə” gedir. Belində isə məktəbli çantası yox, içi nəmli salfetlə dolu zənbil… “Beşi bir manat” deyə-deyə səhərdən axşamacan əlindəki salfetləri satmağa başlayır. Orxanın işi təkcə bununla bitmir. Axşam olan kimi dayısının ona verdiyi şarları satmaq üçün “Hüseyn Cavid“ parkına yollanır. Bu işini də tamamladıqdan sonra qazandığı pulları dəstələyib dayısına verir.  Dayısı Orxanın hər hərəkətinə nəzarət edir, onun işdən yayınmasına və yad adamlarla ünsiyyət qurmasına imkan vermir.  Sonradan dayısının Orxanı işlədərək, qazandığı pulları aldığını öyrəndik.  Maraqlısı isə budur ki,  həmin ərazidə bir neçə polis əməkdaşının olmasına baxmayaraq, onlardan heç biri Orxanı nə “görür”, nə də ki, səsini “eşidir”di.

Biz də dayısının gözündən yayınıb Orxanı yalnız yaxalamağı bacardıq. Onunla ayaqüstü söhbət zamanı bizi maraqlandıran bir neçə suala səsini yazmamaq şərtilə cavab ala bildik. Əvvəlcə tərəddüd etsə də, həmin  gün  işi çox olduğundan, başqa bir vaxt əlaqə saxlamaq üçün mobil nömrəsini bizə verdi. Sabahısı gün ona etdiyimiz zəngdən dayısı xəbər tutaraq, Orxanın telefonunu əlindən almış və danışmaması üçün onu qorxutmuşdu.

Orxan :

– Dayım deyir ki, heç bir şey demə nə danış nə də …

– Dayına  dedin sən?

– Dedim ki, bu xanım məndən sual istəyir, dedi ki yox.

– Dayın icazə vermir?

– Yox. 

– Sən dedin ee dayıma bu dedi ….

– Dayına mən demədim ee, dayısı qayıtdı dedi ki, bu kimdi sənə zəng eliyən, buda qayıtdı dedi ki, bir dənə xanımdı məndən sual-cavab almaq istiyir.

Daha sonra elə həmin parkda Orxanla mübahisə edən həmkarı, şar satan Mehdi ilə həmsöhbət olduq. Orxanı yaxşı tanıdığını deyən Mehdi, bizi sorğu-suala tutduqdan sonra danışmaq qərarına gəldi.

Mehdi :

– Mən burda işləyəndə qoymuşam gəlib burda şar satıb.

– Onun qazandığı pul hara gedir?

– Anasına verir.

– Bəs Orxanın geyimini kim təmin eləyir?

– Anasına verdiyinə görə geyiminə yaxşı fikir vermir. Elə olur dayısı alır, ola bilər dayısı içki içir..

– Polis onun üçün problem yaradır?

– Yox dayısı onu  qoymur da, imkan vermir, problem qoymur yaransın. Dayısınında öz obyekti var, özü də gəlib burda şar satır, dayısına kömək edir – salfetka zad satır metronun qabağında. Özünüz də görürsünüz də Orxanın vəziyyətini….  Orxan da özü danışmaq istəmir, çəkinir, uşaqdı da bilmir. Dayısı hədə-qorxu zad gəlir, telefonunu alıb əlindən ki, kimdi o xanım səni arayır….

Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə dedi ki, bir çox hesabatlarda, o cümlədən Amerika Dövlət Departamentinin hesabatında bildirilir ki, Azərbaycanda uşaq əməyinin istismarı geniş vüsət alıb. Onun sözlərinə görə, ölkəmizdə uşaqlar daha çox ailələri tərəfindən istismara məruz qalır.

Kəmalə Ağazadə :

Mən onu demək istəyirəm ki, Azərbaycanda uşaq əməyinin istismarı əgər varsa da, bu, valideynlər tərəfindən həyata keçirilir. Valideyn bu gün öz hüququnu bilmədiyi qədər uşağının da hüququnu bilmir, bilmir ki uşağının hansı hüquqları var.

Xanım Ağazadə bildirdi ki, onların əsas məqsədi istismara məruz qalan uşaqlara kömək etmək, bu sahədə cəmiyyəti maarifləndirmək və belə vəziyyətlərdə nə etmək lazım olduğunu onlara çatdırmaqdır.

Kəmalə Ağazadə :

– Cəmiyyət birinci növbədə bu barədə uşağın məxfiliyini qoruyub saxlayaraq hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Ən azından bu sahədə fəaliyyət göstərən Qeyri Hökümət Təşkilatları var, onlara müraciət etməlidir. 

Polislərin uşaq əməyinin istismarına niyə göz yumduqlarını öyrənmək üçün Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti ilə əlaqə saxladıq.  İdarədən bildirdilər ki, mətbuat xidmətinin rəhbəri məzuniyyətdə olduğundan suallarımızı cavablandıra bilməyəcəklər.

Görəsən, aidiyyatı qurumlar yaşıdları kimi şarla oynamaq əvəzinə şar satmaq məcburiyyətində qalan Orxanın səsini eşidəcəklər, yoxsa yenə o  sanki  yoxmuş kimi yanından ötüb keçəcəklər?!

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.