Təhsil

“Azərbaycansayağı” kollokvium

2008-ci ilin sentyabr ayının 11-də Azərbaycanda “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” əsasnamə qəbul olundu. Əsasnaməyə görə, semestr ərzində ən azı 3 dəfə kollokvium keçirilməlidir. Bu, tələbələrin bilik və bacarıqlarının yoxlanılması üsullarından biridir. Məqsəd onların dərsi daha yaxşı qavramalarına kömək etməkdir. Görəsən, Azərbaycanda bu sistemlə dərs planı tələbəyə nə qazandırır?

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Sevil Rəsulzadə bildirir ki, birinci kursdan başlayaraq onun dərsləri kollokviumla keçirilir. O, bunun adi seminarlardan heç bir fərqi olmadığını söyləyir.

Sevil Resulzadə:

– Seminar qiymətləri bəs eləyir. Kollokvium keçirilmişlərin təkrarıdır. Elə də müsbət cəhəti yoxdur. Mən tələbə kimi qane deyiləm.

BDU-nun Jurnalistika fakültəsinin üçüncü kursunda oxuyan Samir Mahiroğlu isə, 2011-ci ilin fevralından aralıq imtahanlarının keçirildiyini deyir. Onun sözlərinə görə, kollokviumların keçirilməsi tələbələrdə fiziki yorğunluğa səbəb olur.

Samir Mahiroğlu:

– Mənim fikrimcə, əvvəlki dərs sitemi daha mükəmməl idi, nəinki indi. Kollokviumun keçirilməsi dərs planının, tematik planın pozulmasına gətirib çıxarır. Bəzi müəllimlər var ki, mühazirə deməlidir. Artıq universitet rəhbərliyinin təkidiylə istər- istəməz kollokvium keçirməyə məcbur qalır.

XXI əsr Təhsil Mərkəzinin sədri, fəlsəfə elmlər doktoru Etibar Əliyevlə aralıq imtahanlarının çatışmayan cəhətləri barədə danışdıq. Etibar müəllim qeyd edir ki, kollokviumlar tələbələrin istəyi ilə onlara münasib formada keçirilməlidir.

Etibar Əliyev:

– Müəllimlər leksiyaları, mühazirələri və seminarları o dərəcədə hərtərəfli keçməlidirlər ki, onlar kollokviumda çətinlik çəkməsinlər. Tələbənin istəyi, yəni variantlar tətbiq olunmalıdır. Tutaq ki, siz bilet çəkmək üsulunu seçirsiniz, siz test üsulunu seçirsiniz, yoxsa şifahi üsulu seçirsiniz. Bunlar çoxluqla hansını qəbul edəcəklərsə, onu tətbiq etmək lazımdır.

Bakı Avrasiya Universitetinin dosenti Mütəllim Rəhimovun fikrincə, aralıq imtahanlarının keçirilməsində bəzi qüsurların olması  normal bir haldır.

Mütəllim Rəhimov:

– Biz ideal kollokviumdan, imtahanlarından danışa bilmərik. Hər bir sahədə qüsur olduğu kimi, kollokvium imtahanlarında da qüsur ola bilər. Amma mən çox ciddi nöqsanların olduğunu müşahidə etməmişəm.
BDU-nun müəllimi Sevil Həsənovanın sözlərinə görə, tələbələr aralıq imtahanlarına seminarlarla müqayisədə daha məsuliyyətli yanaşırlar.

Sevil Həsənova:

– Deməli, adətən uşaqlar seminara hazırlıqlı da olurlar, hazırlıqsız da olurlar. Ancaq kollokvium adı gələndə, nəsə bir balaca özlərində məsuliyyət hiss edirlər. Mənə elə gəlir ki, elə o seminarların nəticəsi olaraq kollokviumların keçirilməsi heç də pis nəticə vermir. Və mən hətta müşahidə eləmişəm, cavab verməyən tələbələrdən, ağzını açmayan tələbələrdən də kollokviumda cavab vermək istəyənlər olur. Bir dənə mənfi hal odur ki, tam çatdırmaq olmur.

BDU-nun digər müəllimi Zeynal Məmmədli isə qeyd edir ki, kollokvium bir növ tələbənin yekun imtahanına hazırlığına çox kömək olur. O, müəllimlərin tələbələrə əvvəlcədən ədəbiyyat verməsi və onları qiymətləndirmə meyarları ilə tanış etməsini vacib sayır.

Zeynal Məmmədli:

– Kollokvium deyəndə bizdə nədənsə elə bilirlər ki, bu xüsusi bir şeydir. Bu nədir? Bu, həmişə olan bir şeydir də. Şişirdəndə, hay-küy olanda psixoloji yük yaranır. Psixoloji yük tələbəni özündən çıxarır, onun özgüvənini azaldır. Amma bunu elə eləmək lazımdır ki, tələbə qabaqcadan bilsin. Təəssüf ki, biz tədrisdə bütün bu deyilənləri bu cür tətbiq etmirik.

Təhsil üzrə ekspert Nadir İsrafilov aralıq imtahanlarının Azərbaycanda tətbiqi formasından narazı olduğunu deyir.

Nadir İsrafilov:

– Bizdə bu, “azərbaycansayağı” tətbiq olunur. Yəni, bu bayağılaşdırılır, saxtalaşdırılır. Ayrı-ayrı ali məktəblərdə ayrı-ayrı formalarda keçirilir. Məzmun etibarı ilə həmin şeydir. Bunun forması dəyişdirilib.

Kollokviumlar tələbələrin dərsi daha yaxşı qavramasına kömək məqsədi daşısa da, “Onda niyə Azərbaycanda bu sistem düzgün formada tətbiq olunmur?” sualı hələ də cavabsız qalır.

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: ciprofloxacin drug
  2. Geri izləmə: generic cialis 2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.