Sosial, ZZ-Manşet

Azərbaycanda çimərlik mövsümünə start verilib

deniz1Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna Sularda Xilasetmə Məntəqəsində “Azərbaycanda 2014-cü il çimərlik mövsümü”nə start verilib.
Fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev və nazirliyin müvafiq qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən DSXX-nin Təbliğat-təşviqat şöbəsinin müdiri Mənsur Piriyev bildirib ki, xidmət su hövzələrində insanların təhlükəsizliyini təmin etmək üçün tabeliyində olan 400-dən artıq şəxsi heyəti və 200-ə yaxın xilasetmə texnika və avadanlıqları ilə xilasetmə işlərini ildən-ilə təkmilləşdirir, su hövzələrində baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir.

GSR.fm APA-ya istinadən xəbər verir ki, DSXX rəisi Eldar Quliyev isə çıxışında qeyd edib ki, qurum vətəndaşların həyatının qorunması üçün qarşıya qoyulmuş tələb və tapşırıqları 42 struktur bölmələrin vasitəsilə həyata keçirir. Onun sözlərinə görə, 8 il ərzində FHN tərəfindən insan həyatının sularda təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsi üçün xidmət yeni texnika və avadanlıqlarla təchiz edilib, xilasetmənin keyfiyyətli həyata keçirilməsi üçün ixtisaslı kadrlar hazırlanıb.

Sonra tədbir iştirakçılarına DSXX-nin istifadəsində olan müasir xilasetmə avadanlıqları nümayiş etdirilib, qurumun əməkdaşlarının xilasetmə əməliyyatları və təlimləri izlənilib.

DSXX-nin xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov qeyd edib ki, 2005-ci ildən 2014-cü ilin müvafiq dövrünə qədər çimərlik və qeyri-çimərlik ərazilərində 3349 nəfərin, bu il isə 13 nəfərin həyatı xilas edilib. Onun sözlərinə görə, ölkənin qeyri-çimərlik sahələrində 55 nəfər ölüb, 265 nəfərin həyatı isə xilas edilib.

M. Piriyev isə jurnalistlərə açıqlamasında deyib ki, havaların isti olması ilə əlaqədar DSXX-nin şəxsi heyəti mayın 23-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Ancaq havaların küləkli olması ilə əlaqdar dəniz mövsümünün açılışı bu gün həyata keçirildi. DSXX qış aylarında da ölkə ərazisində təbliğat, maarifçilik işləri həyata keçirib, 10 minə yaxın təbliğat və maarifçilik plakatları, lövhələri ictimaiyyətə təqdim olunub”.

M. Piriyev əlavə edib ki, son illər yerli icra orqanları ilə aparılan işlər nəticəsində artıq qeyri-çimərliklərdə də nəzarət gücləndirilib və bu ildən başlayaraq, qadağan olunmuş çimərliklərdə vətəndaşların istirahətinə nəzarət daha da gücləndiriləcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.