Bloq, P.S, ZZ-Manşet

Bu gündən möcüzələrinə inanacam, Tanrı! - Bloq

elcanXırda adamların böyük mövqe tutması ciddi problemdir. Xırda adamların böyük adamların olduğu yerlərdə ən yuxarı idarəedici vəzifəni tutması daha ciddi problemdir. Bu əslində problem də deyil, gözdağıdır, zülümdür, dərsdir, ironiyadır, təbii ki, böyük adamlar üçün.

Xırda adamların meyarları da bəsitdir – pul, görüntü və bunlara sahib olan adamlarla oturub-durmaq imkanı.  Böyük adamların meyarı olmur əksərən, onlar üçün irqlərin, siniflərin, baxışların və inancların fərqi yoxdur. Xırda adamlar isə böyük adamların nəzərində əhəmiyyətsiz görünən bu kateqoriyaların hamısına böyük əhəmiyyət verirlər – onların ətrafında öz “əslinə-nəslinə bələdəm” dedikləri adamlar olur, ağdərililər, dini bir olanlar, cip sürənlər, yalnız dolların kursunu bilənlər. Böyük adamlar isə xırda adamların meyar bildikləri pul və görüntünün gətirə bilməyəcəyi yüzlərlə uğura, onların yüz illik ömürdə də qazana bilməyəcəyi hörmətə cəmi bir neçə kəlmə ilə çatan adamlardır. Böyük insanlar üçün vəzifə və ya mövqe əməyə verilən qiymət, həmin sahəyə verdiyi illərin, çəkdiyi zəhmətin nəticəsi, yeni kadrlar yetişdirmək imkanıdır. Xırda adam üçün vəzifə daha böyük ev, daha böyük maşın, nəsli daha çox yedirtmək və “böyüklük”lərini həzm edə bilmədiyi insanları əzmək, sındırmaq fürsətidir.

Azərbaycan bu həftə xırda adamların “böyüklük” etdiyi bir neçə sahədə necə faciələrin yaşandığına hər yeni başlayan həftədə olduğu kimi yenə dönə-dönə şahid oldu. Aralarında məni ən çox məyus edən isə sırf xanımı Şərurun polis idarəsinin rəisinə məşuqəlik etməkdən imtina etdiyi üçün 14 il həbs yatmış Yusif Əmirovun faciəsi idi. Bu təkcə bir ailənin, gözüdönmüş məxluqun polis rəisi olduğu o rayonun, 14 il kiminsə özünü təmin edə bilmədiyi üçün həbs yatmış Əmirovun yox, bütün ölkənin, getdikcə məchullaşan gələcəyin faciəsi, günün portreti idi. Ölkədə bu qədər rəsmi orqan, yaşadığı yerin bələdiyyə sədri, millət vəkili, icra hakimi ola-ola çarəni özünü körpüdən atmaqda tapan Yusif bəyin başına gələnləri danışdığı, çarəsizlikdən hönkürüb ağladığı o video heç də evləri sökülənlərin, sığortasız işlərdə ölənlərin, haqsız yerə həbs yatanların faciəsindən daha ağır deyildi. Bugün ölkənin ən ağır sahələrində alın təri ilə sadə və təmiz həyat sürməyə çalışan sadə və təmiz insanların həyatı, cılız, ucuz, pul qazanarkən korlanmış və cəmiyyətdən çox, cəngəlliyin qanunlarını prinsipə çevirmiş insanların əllərində oyuncaq olub. Kiminsə ömrünün 14 ili hansısa özünübilməzin iki dodağının arasından çıxan sözə bağlı olur.

Bizim şairlərin həmişə “qana qan” şüarı yaşadan şeirləri olur. Heç olmasa, hər şairin bunu təbliğ edən bir şeiri var. Amma bizi bu qan tuluğuna susamış insanların əlindən qan qurtara bilməyəcək. Bir tərəfdə qana susamışlar, bir tərəfdə həyata, bu mübarizədə ədalət yoxdur. Bizi bu qanlı-qadalı, həbsli, sürgünlü, şəhidli, itginli günlərdən nə qurtaracaq heç özüm də bilmirəm. Əgər bu Allahın əlində olan fövqəltəbii bir şeyin hesabına baş verəcəksə… bu gündən möcüzələrinə inanacam, Tanrı! Çünki daha çarəsizlikdən ağlayan kişi görmək istəmirəm!

Tanrıya ümid edin etməyinə, amma siz, siz olun, Cavidin şüarını əsla unutmayın.

“Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”

Müəllif: Elcan SALMANQIZI


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.