Beş uşaq atası, 58 yaşlı Rəhim Abdullayev çörəyini 40 ildir ki, sürücülükdən çıxarır. Bu illər ərzində müxtəlif yerlərdə çalışan Rəhim dayı son beş ili özəl taksi şirkətlərinin birində, gecəsini-gündüzünə qataraq, taksinin günlük plan öhdəliyini ödəyərək işlədiyini deyir. Rəhim dayının sözlərinə görə gündəlik olaraq yüksək məbləğdə plan ödəmək onun üçün çətin olurdusa da, 5 ildən sonra idarə etdiyi taksini özəlləşdirərək ağ günə çıxacağına inandığından, bu əziyyətə qatlanırdı. Dediyinə görə, elə bu əziyyətinin bəhrəsini təzəcə görməyə başlayırmış ki, Nəqliyyat naziri Ziya Məmmədovun mətbuata verdiyi “Köhnə taksilərə lisenziyalar verilməyəcək” açıqlaması onu çıxılmaz vəziyyətə salıb.